03 fevral 2023 16:04
242

Ukrayna XİN başçısı: İran həddi aşıb, diplomatik münasibətləri pozmağa hazırıq

İran həddi aşıb və bu səbəbdən Ukrayna diplomatik münasibətləri pozmağa hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba “BBC News Ukrayna”ya müsahibəsində deyib.

Diplomat bildirib ki, İranla münasibətlərə son qoymaq qərarı artıq Prezident Vladimir Zelenskiyə təqdim edilib və istənilən vaxt qəbul edilə bilər.

Kuleba onu da qeyd edib ki, İran hökuməti Rusiyaya Silahlı Qüvvələrinə Ukraynaya qarşı istifadə etmələri üçün kamikadze-dronlar tədarük etməyə başlayanda həddi aşıb.

"İrana bildiririk ki, ölkəmizə qarşı Rusiya ilə əməkdaşlıq onlara nə qədər faydalı görünsə də, əmin edirik ki, bu əməkdaşlığın mənfi nəticələri əldə etdikləri mənfəətdən dəfələrlə çox olacaq", - Kuleba vurğulayııb.

İranın növbəti davranışlarından asılı olaraq bu ölkə ilə diplomatik münasibətləri kəsmək qərarı hər an verilə bilər.

Kuleba onu da əlavə edib ki, bu ilin 29 yanvarına keçən gecə İranın hərbi obyektlərinə endirilən zərbələrin arxasında kimin dayandığını bilmir: "Biz tarix boyu İrana heç bir pislik etməmişik".

Qeyd edək ki, Ukrayna KİV ötən ilin yayında İranın gizli şəkildə Rusiyaya kamikadze-dronlar tədarük etməsi barədə məlumatlar yayıb, hansı ki, sentyabr ayından etibarən cəbhədə bu dronlardan kütləvi şəkildə istifadə olunmağa başlanılıb və ölkənin enerji sektoruna zərbələr endirilib.

Sonradan isə İran rəsmiləri Rusiyaya silah tədarük edilməsi ilə bağlı irəli sürülən ittihamları qəbul etməyib və Ukraynadakı müharibə mövzusunda neytral tərəf olduğunu bəyan ediblər.

Xatırladaq ki, bu ilin 28 yanvar tarixində, axşam saatlarında naməlum pilotsuz uçan aparatlarla (PUA) İranın bir sıra hərbi obyektlərinə, o cümlədən ölkənin PUA istehsal edən zavoduna hücum olunub və rəsmi Tehran bu hücumda İsrail tərəfini günahlandırmaqla yanaşı, Ukraynanın da adını hallandırıb.