20 fevral 2023 15:07
714

Prezident Azərbaycanın öz milli maraqlarını qorumağa qadir güclü dövlət olduğunu bir daha nümayiş etdirdi - Soltan Məmmədov

“Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafqazda sülhün və sabitliyin nə qədər vacib olduğunu bir daha göstərdi”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O, qeyd edib ki, Azərbaycan regionun aparıcı ölkəsi kimi sülh və təhlükəsizlik məsələsini öz xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edir. Bütün beynəlxalq platformalardan istifadə edərək Cənubi Qafqazın tarixində yeni bir mərhələnin başlanması üçün konkret və qəti addımlar atmağın zəruri olduğunu bildirir.

Soltan Məmmədov vurğulayıb ki, konfrans çərçivəsində keçirilən görüşlər və Prezident İlham Əliyevin mövqeyi Azərbaycanın tamamilə müstəqil siyasət yürüdən, öz milli maraqlarının qorumağa qadir güclü dövlət olduğunu bir daha nümayiş etdirdi: “Azərbaycan bu cür mötəbər beynəlxalq tədbirlərdə regionda və dünyada sülhün, təhlükəsizliyin, əməkdaşlığın inkişafı üçün konkret təkliflərlə çıxış edir. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün beynəlxalq hüquqa əsaslanan sülh sazişinin imzalanmasının zəruri olduğunu bir daha vurğuladı. Hesab edirəm ki, bu dünya ictimaiyyəti, o cümlədən, konfrans iştirakçıları üçün də kifayət qədər aydın bir yanaşmadır. Yəni Azərbaycanın mövqeyi beynəlxalq hüquqa istinad edir. Ermənistan isə bu cür imkanlardan yalnız şikayət etmək üçün faydalanmağa üstünlük verir”.

Deputat bildirib ki, istənilən beynəlxalq səviyyəli görüşdə ifadə olunan mövqe mövcud reallıqlara, dünya üçün aktual olan prinsiplərə əsaslanmalıdır. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib rola malik ölkədir. Eyni zamanda, 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra Cənubi Qafqazda geosiyasi konfiqurasiya tamamilə dəyişib: “Bundan başqa, Ukrayna ilə Rusiya arasında müharibə ümumilikdə beynəlxalq münasibətlərin xarakterində ciddi dəyişikliklərə səbəb olub. Avropa kəskin enerji problemi ilə qarşılaşıb. Belə bir mürəkkəb dövrdə Azərbaycan bir tərəfdən Cənubi Qafqazda sabitliyin bərqərar edilməsinə yönəlmiş təşəbbüslərlə çıxış edir. Digər tərəfdən, Avropanın böyük ehtiyac duyduğu bir problemin həllinə, enerji böhranının aradan qaldırılmasına töhfə verir. Hesab edirəm ki, bütün bu faktorları Azərbaycanın beynəlxalq münasibətlər sistemində önəmini artıran qlobal proseslərin bir hissəsi kimi qiymərləndirmək lazımdır”.

Millət vəkili qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imazalanması bütünlükdə regionun mənzərəsini yaxşı mənada dəyişə bilər. Ermənistanın müxtəlif manevrlərlə bu prosesi yubatmaq cəhdləri isə təhlükəsizliklə bağlı riskləri aradan qaldırmağa maneə yaradır.