12 mart 2023 16:20
361

X Qlobal Bakı Forumu beynəlxalq gücümüzün təcəssümü oldu

Forumda bir çox dövlət başçıları, keçmiş prezidentlər, Nobel mükafatçıları və digər tanınmış şəxslər iştirak ediblər. Forum hər il böyük əks-səda doğurur. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçiriləcək builki Forumda son zamanlar xüsusilə aktual olan məsələlər müzakirə edildi, qarşıda duran çağırışları, vəzifələri bir daha qeyd etmək imkanı yarandı.

Cənab prezidentin sözləri ilə desək, bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Qoşulmama Hərəkatı haqqında da fikir bildirən cənab prezident qeyd etdi ki, biz Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdıq. Bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə biz təşəbbüsümüzlə Parlament Şəbəkəsini yaratdıq. Onun ilk iclası Bakıda təşkil edildi. Bundan əlavə, Hərəkatın Gənclər Şəbəkəsi də təsis edildi və onun katibliyi Bakıda yerləşir. Biz bu ilin sonunda sədrliyimiz başa çatdıqdan sonra da səylərimizi davam etdirəcəyik. Çünki biz bugünkü parçalanmış dünyada belə bir Hərəkata böyük ehtiyacın olduğunu görürük.

Xülasə, X Qlobal Bakı Forumu Prezident cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş, qətiyyətli siyasətinin növbəti təntənəsi olmaqla yanaşı, eyni zamanda rəsmi Bakının belə forumlara ev sahibliyi etməsi həmçinin Azərbaycanın regional və qlobal sülhə öz bəhrəsini verən güc olduğu faktını bir daha sübuta yetirdi.

Mais Günəşli,
YAP-ın gənc fəalı