Stilettolar nə zaman yaranıb?
Dikdabanların yaranma tarixi də çox qədim zamanlara dayanır. Keçmişdə indiki zamandan fərqli olaraq ayaqqabının ayağı isti saxlaması və rahat olması kifayət idi. İlk ayaqqabılar həsirdən toxunurdu və qızılla bəzədilirdi. Bu ayaqqabılar əlbəttə ki, fironlar və varlı təbəqə üçün tikilirdi.
Ayaqqabını icad edənin kimliyi barəsində dəqiq məlumat olmasa da, mütəxəssislər hündür daban ayaqqabının fərdi istifadə sayəsində ortaya çıxdığına inanır. Misirli fermerlər torpağa batmamaq üçün ayaqqabıların altına əlavə daban taxırmışlar. At sürən kişilər yəhərin üzərində rahat dayanmaq üçün hündürdaban ayaqqabıdan istifadə edirmişlər. Müasir hündürdaban ayaqqabını isə Leonardo Da Vinçi hazırlayıb. Hündürdaban ayaqqabı 17-ci əsrdə məşhurlaşmağa başlayır. Maraqlısı odur ki, bu ayaqqabıların ilk sahibləri yalnız kişilər olub. Ən yüksək hündürdaban ayaqqabıları və qırmızı dabanlı ayaqqabıları ancaq soylu ailələrin geyinməsinə icazə verilirdi.18-ci əsrdə hündürdaban ayaqqabıları kişilər yox, qadınlar hündürdaban ayaqqabılar geyinməyə başlayırlar. Dabanları 10-12 sm çat bu ayaqqabıların qadınlar üçün zəriflik göstəricisi olduğuna inanırdılar.
1789-cu ildə fransız qiyamı ilə birlikdə hündürdaban ayaqqabı yerini yastıdaban ayaqqabılara verir. 50 il ərzində qadınlar öz sağlamlıqları haqda düşünərək altı düz səndəllər geyindilər. Ballarda belə zərif ipək ayaqqabılardan istifadə edilirdi. Ancaq 19-cu əsrdə hündürdaban ayaqqabı dəbi geri qayıdır. Gənc və subay qadınlar hündürdaban ayaqqabı geyindikdə daha cazibədar göründüklərini düşünsələr də, bilmədikləri bir çox məsələ vardı. Bu cür ayaqqabılar orta çəkidə olan qadınları daha da kök göstərirdi. Çox incə ayaqları olanlar isə hündürdaban ayaqqabıda çox pis görünürdülər. Ancaq incə bir daban bu cür ayaqları daha gözəl göstərirdi.
Dabanı 4 sm-dən hündür olmayan tuflilər XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmağa başlayır. 1906-cı ildə fransız ayaqqabı dizayneri Andre Perudcia qadınlar üçün indiyədək tələb olunan “stiletto” ayaqqabı modelini yaradır. Bu ayaqqabılar nazik və iti burunlu olduğu üçün, itiuclu alətə bənzədilirdi. “Stiletto” adı da buradan qaynaqlanır. Stilettonun iti burunlu, hündür nazik dabanı qadın ayaqlarını olduqca zərif və incə göstərir. Stilettolar məşhurluğunun pik nöqtəsini XX əsrin 50-ci illərində yaşayır.
Bundan sonra kuturyelər onun geniş istehsalı ilə məşğul olur. Stilettonu qadın və kişi predmetinə çevirməyi bacaran fransız dizayner Roje Vive onlar arasında ən məşhuru idi. Bu ayaqqabıların məşhur olmasında ispaniyalı ayaqqabı dizayneri Manolo Blahnikanın da böyük rolu olub. Blanik 1974-cü ildə özünün ilk stiletto cütünü və daha iti burunlu modelini istehsal edir. Manolo Blahnikin rəqibi Christian Louboutin stilettoların bərpası ilə məşğul olmağa başlayır. O, stilettoları hər kolleksiyasında yeni rənglərdə, formalarda və müxtəlif materiallarda öz alıcısına təqdim edir.
Hazırda stilettolar hər yaş həddində olan qadınların sevindiyi klassik ayaqqabı modelinə çevrilib.
Ən bahalı ayaqqabı neçəyədir?
Hazırda dünyanın ən bahalı ayaqqabısının qiyməti 17 milyon dollar olan "ehtiras almazı" sayılır. İpək, qızıl və hər biri 15 karatlıq olan 238 almazdan hazırlanan bu ayaqqabının dizaynı və modeli italyan dizaynerləri tərəfindən hazırlansa da ilk dəfə o Dubayda “Burj Al Arab” təqdim olunub. Qeyd edək ki, bu dəyərli parça yeganə nüsxədə hazırlanıb. Dizaynerlər bu şedevrin üzərində doqquz ay çalışıblar.
Dünyanın ən sürətli ayaqqabısı
Keçən il Pittsburqda yerləşən “Shift Robotics” adlı robot texnikası və mühəndislik şirkəti elektriklə işləyən idman ayaqqabısı “Moonwalkers”i təqdim edib. “Dünyanın ən sürətli ayaqqabısı” olduğu bildirilən cihaz istifadəçilərinə yerimə sürətini 250 faiz artırmağa imkan yaradır.
Ekoloji cəhətdən təmiz olan bu ayaqqabıların həm də karbon izlərini minimuma endirəcəyini bildirir.
Qeyd edək ki, bu ayaqqabının qiyməti 1399 ABŞ dollardır.
Auksionda satılan ən bahalı idman ayaqqabısı
2021-ci ildə Las-Veqasda dünyanın ən qədim auksion evlərindən biri olan Sotheby’s-də keçirilən hərracda bir ilk yaşanıb.
İdman geyimləri və akssesuarları istehsalçısı Nike-ın “Air Ships” seriyalı idman ayaqqabısı rekord qiymətə - 1 milyon 470 min dollara satılıb.
Bu idman ayaqqabılarını özəl edən isə onların ən məşhur basketbol ulduzu, ikiqat Olimpiya çempionu amerikalı Maykl Cordana məxsus olmasıdır. Bir çox reytinqlərdə “dünyanın ən yaxşı basketbolçusu” adlandırılan, 1980-1990-cı illərdə basketbol idman növünü bütün dünyada məşhurlaşdıran Cordan Milli Basketbol Assosiasiyasında ilk peşəkar karyerasına başladığı “Chicago Bulls” klubunda keçirdiyi birinci mövsümdə həmin ayaqqabıları geyinib.
NBA tarixində ilk milyarder oyunçu olan Maykl Cordanın sevimli modeli həm də idman sahəsində indiyə qədər satılmış ən bahalı ayaqqabıdır. Hərracın qalibi məşhur kolleksiyaçı Nik Fiorella olub.
İndiyə qədər auksionda satılmış ən bahalı idman tərzində ayaqqabı isə məşhur repçi Kanye Uestin geyindiyi, bu ilin aprelində 1,8 milyon dollara satılan “Nike Air Yeezy 1 Prototype” modelidir.
Ən hündürdaban ayaqqabılar
2010-cu ildə məşhur ingilis ayaqqabı firması 23 santimetr hündürlüyündə dikdaban ayaqqabıları təqdim edib. Firma 23 santimetr hündürlüyündəki dikdaban ayaqqabıları 2011-ci ildə satışa çıxarıb. “Sky Hell ” adlı ayaqqabılar indiyə qədər istehsal olunan ən hündür dabanlı ayaqqabılar olaraq qalmaqdadır.
Ən çox ayaqqabı istehsal edən ölkə hansıdır?
İtaliya dünyada orta və yüksək təbəqələr üçün ayaqqabı istehsalında liderdir. Ölkədə dəbdəbəli ayaqqabılar istehsal edən 30 mindən çox müxtəlif şirkətlər var.
Lakin hər kəsin cibinə uyğun ən çox ayaqqabı istehsal edən ölkə isə Çindir. Burada bir il ərzində 10 milyard cütdən çox ayaqqabı istehsal edilir.
Samirə Tağıyeva, “İki sahil”