16 mart 2023 13:54
1567

Kamran Bayramov: Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır

 

"Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Azərbaycan daim beynəlxalq miqyasda cərəyan edən proseslərə öz müsbət təsirini göstərməyə çalışır. Məlumdur ki, respublikamız qlobal miqyasda sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal şəkildə iştirak edir. Azərbaycanın çoxvektorlu xarici siyasəti diqqətəlayiqdir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Azərbaycan dünya dövlətləri ilə ikitərəfli münasibətləri əhəmiyyətli hesab edir və Almaniya ilə də belə əlaqələrin dərinləşməsində maraqlıdır. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır." 

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya prezidenti, kansleri və Almaniyanın 30-a yaxın şirkət rəhbərləri ilə görüşləri dövlətimizin maraqlarının reallaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə kimi Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Respublikamızın qonşu dövlətlərlə strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: «Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik. İki ildən çox bundan əvvəldən etibarən bəzi ölkələr artıq Azərbaycandan elektrik enerjisi və əlbəttə ki, təbii qaz almağa başlayıb. Lakin Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda biz kəmər imkanlarımızı genişləndirməyi planlaşdırırıq. Biz xüsusilə 16 milyard kubmetr tutumu olan TANAP-ı 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ı isə 20 milyard kubmetrədək genişləndirməyi planlaşdırırıq. Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var.»

Deputat diqqətə çatdırıb ki, hazırda Azərbaycanla Almaniya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Bu ölkə Azərbaycanın müstəqilliyini 1992-ci il 12 yanvar tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. Azərbaycanla Almaniya arasında əlaqələrin tarixi isə daha qədimdir. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var . Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib ki,  Almaniya Dağlıq Qarabağı respublika kimi tanımamaqla öz mövqeyini bildirmiş oldu. Eyni zamanda, iki ölkə arasında iqtisadi sahədə əlaqələr də getdikcə genişlənir. Hazırda Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizdə Almaniyanın xarici ticarət palatası fəaliyyət göstərir. Almaniyanın iş adamları ölkəmizdəki əlverişli investisiya mühitindən geniş şəkildə bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər. Almaniya Kansleri Azərbaycanın həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaş olduğunu bildirib:  «Azərbaycan həm Almaniya, həm Avropa İttifaqı üçün əhəmiyyəti artan tərəfdaşdır. Ölkənin həm Almaniyanın, həm də Avropa İttifaqının enerji təchizatı üçün böyük potensialı mövcuddur, Azərbaycan öz töhfəsini verə bilər və eyni zamanda, bərpaolunan enerji də bizim əməkdaşlığımızın bir mövzusudur».

Deputat əlavə edib ki, Almaniya Azərbaycan iqtisadiyyatına böyük diqqət ayrır. Bərpaolunan enerji növlərinin birgə işlənməsi və istismarı istiqamətində çox gözəl imkanlar var. Təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcəkdir.