20 mart 2023 08:00
521

Azad olunmuş torpaqlarımızda bayram tonqalları alovlanır

Məlumdur ki, sovet dövrünün ilk onilliklərində Novruz bayramına müəyyən qadağalar qoyulmuşdu. Hökumət  orqanları bu bayramın rəsmi səviyyədə keçirilməsinə icazə vermir, buna təşəbbüs göstərən vətənpərvər insanlar isə təqiblərlə üzləşirdi. Bununla belə, əsrlərdən qalmış ənənələrə sadiq qalaraq hər bir azərbaycanlı ailəsində bu bayram ilin ən əziz günləri kimi qeyd olunurdu. Rəsmi tədbirlərdə, radio və televiziya verilişlərində Novruz bayramının adını dəyişdirib gah "Bahar" bayramı, gah da yaz-tarla işlərinin başlanğıcı hesab etsələr də, xalq öz Novruzunu böyük sevgi ilə qarşılayıb ehtiramla keçirirdi. Şəkərbura, paxlava bişirilir, bayram plovu süzülür, səməni göyərdilir, həyətlərdə tonqal yandırılırdı. Qohum-əqrəba bir-birinin qapısını döyərək bayramlaşırdı. Amma bütün bunlar aşkar şəkildə deyil, gizli həyata keçirilirdi.

Radio və televiziyada baharın gəlişi ilə əlaqədar konsertlər verilir, yazla bağlı mahnılar oxunurdu. Hər kəs öz imkanı və səlahiyyəti daxilində bu qədim bayramın əbədiyaşarlığına xidmət göstərməyə çalışırdı. Amma heç kim Novruzun adını çəkə bilmirdi.

Bu bayramı təkcə Azərbaycan deyil, bütün türk dünyası qeyd edir. Novruz bayramının mənəviyyatımızdakı rolunu səciyyələndirən Ulu Öndər Heydər Əliyev demişdir: "Bu bayramın bizə bəxş etdiyi  ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək,Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır".

Azərbaycan tarixində ilk dəfə olaraq milli-mənəvi dəyərlərimizi əks etdirən Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı kimi əlamətdar günlərin  təqvimdə rəsmi dövlət bayramları kimi qeyd edilməsi də Ümummilli Lider tərəfindən xalqın milli dəyərlərinə qayğı və hörmətinin təzahürüdür.

Ulu Öndər Heydər Əliyevin 21 mart 2000-ci il tarixində xalqımızın müqəddəs bayramı olan Novruz bayramında etdiyi unudulmaz çıxışı hələ də Novruz  bayramlarında keçirilən tədbirlərdə yada düşür və hörmətlə xatırlanır:

“…Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi. Ən azı bu idi, hər kəs bunu edə bilirdi. Amma kimlər isə bundan çox edə bilirdi - şəkərbura, əlbəttə ki, paxlava, başqa şirniyyatlar... kimsə bundan çox edə bilsəydi də, elə ailə tapmaq olmazdı ki, bu bayramın əlamətlərindən o günlər istifadə etməsinlər və bayramı qeyd etməsinlər. Ona görə bu, azərbaycanlıların, Azərbaycan xalqının qəlbinin bayramıdır. Bu bayramı heç kəs əmrlə yaratmayıbdır. Onu da demək istəyirəm ki, zorla, əmrlə insanları hansısa bayramı keçirməyə məcbur etmək çətindir. Təbii ki, olubdur - bəzən xüsusi, siyasi məqsədlərlə - hamı bunu bayram edib. Amma Novruz bayramının fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəliyə gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır…”.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik konsepsiyasını böyük əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdə xalqımızın milli-mənəvi dəyərləri xüsusi yerə malikdir.  Prezident İlham Əliyev haqlı olaraq qeyd etmişdir: “Bu gün Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”.

Yazımızın sərlövhəsində deyildiyi kimi, Ulu Öndərimizin arzuları reallaşır. Bu gün azad olunmuş torpaqlarımızda bayram tonqalları alovlanır. Yurdundan didərgin düşmüş bütün soydaşlarımız el-obalarına qayıdaraq Novruz adət-ənənələrini orada davam etdirəcəklər.

Ləman Quliyeva,
YAP Xətai rayon təşkilatının "Cavanşir 11" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü