23 mart 2023 11:22
740

Azərbaycan və Türkiyə sevincli və kədərli günlərdə bundan sonra da bir-birinin yanında olacaq

Azərbaycan Türk dövlətlərinin birliyi üçün çox mühüm işlər görən ölkədir. Azərbaycan-Türkiyə münasibətləri isə bu işlərin əsasını təşkil edir. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur və bundan sonra da belə olacaq. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Prezident Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xalqımıza əlavə güc verdi. 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanması iki ölkə arasındakı əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltmişdir. 

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edərkən Prezident cənab İlham Əliyev də xalqlarımız və ölkələrimiz arasında mövcud olan dostluq-qardaşlıq münasibətlərindən bəhs etdi. Ölkə başçısı bildirdi ki, qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan güclü zəlzələnin fəsadları bizi olduqca kədərləndirib. Dağıdıcı zəlzələ on minlərlə insanın həyatına son qoyub.

Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olmuşdur. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndərilib. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. Həmçinin 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib. Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesabına köçürülmüşdür. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılmışdır.

Prezident cənab İlham Əliyev çıxışında onu da vurğuladı ki, Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bir sözlə, bu gün dünyada Türkiyə ilə hesablaşır və ona hörmət edirlər. Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir. 2022-ci ildə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilmiş Zirvə görüşündə Prezident Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi onun Türk dünyasının gücləndirilməsində böyük xidmətlərini bir daha sübut edir.Çıxışında Prezident cənab İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanın bundan sonra da uzun illər ölkələrimiz arasındakı qardaşlıq əsasında qurulmuş əlaqələrin daha da möhkəmləndirilməsinə böyük töhfələr verəcəyinə öz əminliyini bildirdi.

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxış edərkən Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinə, ölkəmizin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı ilə üzləşdiyinə, həmçinin 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlara da diqqət çəkdi. Ölkə başçısı xatırlatdı ki, 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılmışdır. Yerlə-yeksan edilən Ağdam şəhərini xarici ekspertlər “Qafqazın Hirosiması” adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Təbii sərvətlərimiz talanıb, ətraf mühitə ciddi zərər vurulub. Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşmüşdür. Onların hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır. Ermənistanın işğalına görə Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. İkinci Qarabağ müharibəsindən sonra 300-ə yaxın azərbaycanlı mina partlayışı nəticəsində həlak olmuş və ya ağır yaralanmışdır.

Fövqəladə Zirvə görüşündə çıxış edərkən Prezident cənab İlham Əliyev bildirdi ki, Qarabağda qanunsuz erməni dəstələri və kriminal ünsürlər qalmaqdadır. 2022-ci ildə Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımasına baxmayaraq, hələ də öz qoşunlarını tam olaraq Azərbaycan ərazilərindən çıxarmamışdır. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatı kobudcasına pozur və buna görə məsuliyyət daşımalıdır. Ermənistan həm də Zəngəzur dəhlizinin açılması öhdəliyindən yayınır.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Prezident cənab İlham Əliyev onu da diqqətə çatdırdı ki, 2020-ci ildə Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Yenidənqurma prosesində Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər. Həmçinin, işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəb tikilir, Qazaxıstan tərəfindən isə yaradıcılıq mərkəzi inşa olunur.

Cavid Osmanov,

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı