01 aprel 2023 15:08
245

Ağrıkəsicilərın istifadəsi orqanizmə zərər vurur

Müəyyən ağrılar zamanı dərman qəbulu geniş yayılıb. Təbii ki, ağrılar şiddətlənəndə əlacsız qalıb ağrıkəsici içməkdən başqa çarə qalmır. Ancaq bəzi hallarda onlardan tez-tez istifadə edilir. Sakitləşdirici təsir göstərən həmin preparatların qəbulundan sonra onun orqanizmə vuracağı zərərlər də az deyil.

“İki sahil” xəbər verir ki, həkim-terapevt Zakir Quliyev deyib: “Bədənində ağrısı olan xəstə bunun səbəbini araşdırmadan ağrıkəsicidən istifadə edəndə dərmanın yan təsirləri ortaya çıxır. Məsələn, böyrək çatışmazlığı ilə əlaqədar müraciət edən xəstələrin 30-40 faizində ağrıkəsicilərin yersiz istifadəsi müşahidə edilir. Mədə qanamaları, mədə yaraları, böyrək çatışmazlığı, qaraciyər çatışmazlığı və s. kimi xəstəliklərin çoxunun altındakı səbəb ağrıkəsicilərdir. Bəzən xəstə hansısa dərmandan istifadə edir, faydası olmayanda başqa dərman qəbul edir və ağrıların yenə də keçmədiyindən gileylənir. Deməli, bədəndə gizli gedən proses var və onun ağrıkəsicilərlə keçib gedən bir hal olmadığını göstərir”.

Baş ağrısı üçün dərmanların həddindən artıq istifadəsinin nəticəsində qəbul edilən dərmanlar getdikcə daha az təsir edir və gündəlik ağrı şikayəti yaranır. Ona görə də baş ağrılarından əziyyət çəkənlər əvvəlcə ağrının səbəbini müəyyənləşdirməlidir.

Həkim-terapevt deyib ki, dərmanlardan asılılıq fizioloji və psixoloji maraq əsasında qruplaşdırılır: “Dərman asılılığını, yəni ağrıkəsici qəbulunu aradan qaldırmaq üçün ilk növbədə bədəndə gedən prosesə təsir göstərib həmin ağrını aradan qaldırmaq lazımdır. Bütün ağrılar aradan qalxandan sonra da xəstənin bədəni həmin ağrıkəsicini tələb edirsə, deməli, xəstə hələ də həmin dərmanın ona kömək edəcəyini düşünür. Həmin haldan tamamilə azad olmaq üçün mütləq peşəkar nevropatoloq və ya psixiatrın nəzarəti altında dərman qəbuluna başlanılmalı və onların nəzarəti altında dərman qəbulu dayandırlmalıdr”.

Ən çox ağrıkəsici kimi istifadə olunan qeyri-steroid, iltihab əleyhinə dərmanlar qaraciyərə mənfi təsir göstərir. Müntəzəm olaraq həftədə bir dəfədən çox ağrıkəsici qəbul etmək sağlamlıq üçün zərərlidir. Unutmaq lazım deyil ki, həmin dərmanlar səbəbi deyil, nəticəni aradan qaldırır.