Ermənistan sülh yaradılması prosesinə mane olur
Ermənistana İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalamağı təklif etmişik. Biz iki ölkə arasındakı münasibətlərin beynəlxalq hüquq əsasında qurulmasının tərəfdarıyıq. Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmək siyasəti yürüdür və məhz bu, sülh yaradılması prosesinə mane olur.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Avropada nüfuzlu elektron KİV-lərdən sayılan fransızdilli “i24NEWS” telekanalına müsahibəsində deyib.
Elçin Əmirbəyov telekanalın əməkdaşı Kristian Malardın ölkəmizlə, dünyada və regionda gedən proseslərlə bağlı suallarını cavablandırıb. Fransada yəhudi icmasına yaxınlığı ilə tanınan jurnalist müasir çağırışlar və dünyanın super güclərinin maraqlarının toqquşduğu bir şəraitdə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinin nədən ibarət olması ilə maraqlanıb.
Birinci vitse-prezidentin köməkçisi E.Əmirbəyov bildirib ki, 1991-ci ilin oktyabrında istiqlaliyyəti qazandıqdan sonra Azərbaycan regionun siyasi xəritəsində öz yerini tapmağa çalışıb və sözsüz ki, bu yol asan olmayıb. “Əsas hədəfimiz müstəqilliyimizi və suverenliyimizi möhkəmləndirmək olub. Müstəqilliyimizin bərpasından qısa müddət sonra biz qonşumuz Ermənistanın hərbi təcavüzünə məruz qalmışıq və beynəlxalq aləm tərəfindən tanınmış qanuni ərazilərimizin 20 faizi uzun müddət Ermənistanın işğalı altında qalıb. Bunlar Qarabağın Dağlıq hissəsi ilə yanaşı, ətrafda olan yeddi rayonumuzu da əhatə edirdi. Bütün bu ərazilərdə Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalıb, yaşayış məntəqələrimiz isə dağıdılıb. 2020-ci ilin noyabr ayında ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. İndi regionda sülh yaradaraq və onu möhkəmləndirərək, Ermənistanla münaqişə səhifəsini çevirmək istəyirik. Həmçinin istəyirik ki, işğalda olmuş və azad etdiyimiz əraziləri də tezliklə bərpa edək”, - deyə E.Əmirbəyov vurğulayıb.
Səfir, həmçinin jurnalistin indiki şəraitdə sülh yaradılması imkanları haqqında sualını da cavablandıraraq deyib ki, ümid hər zaman var. Ancaq bu, hər iki tərəfin istəyindən və iradəsindən asılıdır. Azərbaycan isə həmişə bu məsələdə müxtəlif səviyyələrdə öz xoşniyyətli mövqeyini ortalığa qoyub. Məsələn, biz Ermənistana ikinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalamağı təklif etmişik. Biz iki ölkə arasındakı münasibətlərin beynəlxalq hüquq əsasında qurulmasının tərəfdarıyıq. Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməmək siyasətini yürüdür və bu da sülh yaradılması prosesinə mane olur. Amma biz yenə də ümidliyik. Çünki sülhün alternativi yoxdur.
Jurnalist Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə maraqlanıb və Ermənistanın onların Azərbaycan tərəfdən sərbəst hərəkətlərinə ciddi maneə yaratdığı iddialarının olduğunu xatırladıb. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi bu iddiaların reallığı əks etdirmədiyini bildirərək deyib: “Orada yaşayan Azərbaycan vətəndaşları olan ermənilər heç bir blokadaya alınmayıb. Azərbaycan Ermənistandan ölkəmizin erməni əhalinin məskunlaşdığı Qarabağ bölgəsinə onların hərəkətini heç vaxt məhdudlaşdırmayıb və bu şəffaf şəkildə görünən bir faktdır. Bunu yoxlamaq da olar. Heç bir blokada yoxdur. Bizim QHT-lərin aksiyaları başlayandan bəri humanitar məqsədlər üçün minlərlə nəqliyyat vasitəsi həmin yoldan müxtəlif istiqamətlərdə hərəkət edib. Oradan həm Qırmızı Xaç, həm də rus sülhməramlılarının nəqliyyat vasitələri hər gün sərbəst hərəkət edirlər. Ona görə də heç bir blokadadan söhbət belə gedə bilməz. Amma o da məlumdur və bilinməlidir ki, bu yola nəzarət etmək bizim dövlətimizin suveren hüququdur”.
Yəhudi əsilli fransız jurnalist əlbəttə ki, Fransanın, onun hazırki prezidenti, Ukrayna-Rusiya münaqişəsində, həmçinin Yaxın Şərqdə fəallığı ilə seçilən Makronun və o cümlədən də Minsk qrupunun vasitəçilik səyləri, 2020-ci ildə Minsk qrupunun fəaliyyətinin faktiki uğursuzluğa düçar olmasının səbəbləri və ümumiyyətlə, vasitəçilik perspektivləri barədə də suallar verib. Bu sualı cavablandıran E.Əmirbəyov vurğulayıb ki, münaqişə başlayandan bəri çoxsaylı şəxslər, ölkələr vasitəçilik təklifləri ilə çıxış ediblər, bu məsələdə səylər göstəriblər: “Bu gündən danışırıqsa, deyə bilərəm ki, Minsk qrupu artıq keçmişdə qalıb. Ermənistanla hazırda Avropa İttifaqının vasitəçiliyi ilə birbaşa danışıqlar aparırıq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu məsələdə fəal və əhəmiyyətli rol oynayır. Fransa isə Avropa İttifaqının fəal üzvü kimi ittifaqın bu vasitəçilik səylərini daha da asanlaşdırmaq üçün onu dəstəkləyə və ona bu məsələdə kömək edə bilər”.
Telekanalın aparıcısı Ukrayna ilə müharibə edən Rusiyanın Azərbaycanla Ermənistan arasında vasitəçilik etməsi ilə bağlı sual verib. Rusiya Prezidenti Vladimir Putinin bu məsələdə, xüsusilə də Ukrayna müharibəsinin fonunda oynaya biləcəyi vasitəçiliklə əlaqədar gözləntiləri soruşub. Azərbaycanın rəsmi təmsilçisi bildirib ki, məhz Rusiya Federasiyasının təşəbbüsü ilə 2020-ci ildə Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında sənəd imzalanıb.
“Bilirsiniz ki, bu müharibə də məhz Ermənistanın təxribatları nəticəsində başlamışdı. Həmin torpaqlar Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazisidir. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin üçtərəfli bəyanata imza atan üç liderdən biridir. Məhz bu sənəd Azərbaycan və Ermənistan arasında gedən müharibəyə son qoyub. Rusiyanın da vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanması üçün qalan razılaşdırlmamış məsələlər üzrə Ermənistanla danışıqlar aparırıq ki, diplomatik və sülh yolu ilə bu prosesi yekunlaşdıraq”, - deyə E.Əmirbəyov qeyd edib.
Jurnalist Rusiyanın həm Azərbaycan, həm də Ermənistan ilə yaxşı əlaqələrə malik olduğunu vurğulayıb. Səfir E.Əmirbəyov deyib ki, Azərbaycan Rusiya ilə yaxşı qonşuluq münasibətlərinə malikdir. Rusiya ilə tarixi, iqtisadi, mədəni, humanitar bağlarımız var. Həmçinin hərbi sahədə də regionda əməkdaşlığımız mövcuddur.
“Rusiya təbii qazından asılılığı aradan qaldırmaq üçün Avropa səylər göstərir. Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycanın müstəsna əhəmiyyətini qeyd etmişdi. Amma belə olan vəziyyətdə Avropa ilə düşmənçilik edən Rusiyadan da ciddi təhdid və qorxu olması faktı da ortadadır”, - deyə fikirlər səsləndirən jurnalist Azərbaycanın mövqeyinin bu mənada necə olduğunu soruşub.
E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatı məsələsində ciddi rol oynamağa başlayıb. Bununla yanaşı, 2006-cı ildə Azərbaycanı Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri də istifadəyə verilib. İndi isə Avropanın təbii qazla təmin olunması üçün ölkəmiz əhəmiyyətli rol oynamağa başlayıb. Xüsusi ilə də Avropanın cənub şərqində yerləşən dövlətlər Azərbaycanın təbii qazını almağa böyük maraq göstərirlər. Bu, eyni zamanda, Avropanın bir mənbədən asılılığını azaldır.
“Bilirsiniz ki, ötən il Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana gələrək ölkəmizlə strateji əhəmiyyətə malik memorandum da imzalayıb. Beləliklə, biz 2027-ci ildən başlayaraq Avropaya qaz ixracını daha da artıracağıq. Bu heç də Rusiya əleyhinə deyil. Bunlar bizim Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığımızı ehtiva edən sənədlərdir”, - deyə səfir xatırladıb.
Jurnalistin Vladimir Putinin Qafqaz siyasəti ilə bağlı sualını da cavablandıran E.Əmirbəyov deyib ki, Azərbaycan üçün Vladimir Putin qonşu ölkənin prezidentidir. Bu ölkə ilə bizim praqmatik, qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var. Biz ümumiyyətlə, hamı ilə yaxşı əlaqələr qurmaqda maraqlıyıq.
“Sizin daha bir qonşunuz cənubda yerləşir. Bu ölkə Orta Şərq və Qərb üçün təhdidlər yaradan İrandır. İran nüvə silahına malik olmaq istəyir. Onun Rusiya, Çin və Şimali Koreya ilə sıx münasibətləri var. Siz belə qonşudan çəkinirmirsiniz?”, - deyə aparıcı soruşub.
E.Əmirbəyov deyib ki, Azərbaycan İranla münasibətlərin qonşuluq prinsipi əsasında qurulmasına çalışıb. Bu həm də tarixi bağlardan irəli gələn bir məsələdir.
“Bilirsiniz ki, İran çoxmillətli ölkədir. Orada 30 milyona yaxın azərbaycanlı yaşayır. Biz həm də məhz bu səbəbdən İranla qonşu kimi qarşılıqlı hörmətə əsaslanan münasibətlərin olmasını arzulayırıq. Qəbul etmədiyimiz məqamlar mövcuddur. Amma bizim bu ölkə ilə 700 kilometrə yaxın ümumi sərhədimiz var. Biz ikinci Qarabağ müharibəsindən sonra yeni regional əməkdaşlıq sistemini təklif etmişdik. İran da bu təşəbbüsün bir hissəsi olmağa dəvət edilmişdi”, - deyə səfir vurğulayıb.
Öz xalqını əzən bir İran rejimi ilə münasibətlərin necə ola biləcəyi sualını isə E.Əmirbəyov belə cavablandırıb: “Beynəlxalq məsələlərə münasibətdə hər ölkənin öz siyasəti var və bu normaldır. Həm də hər bir ölkə özü seçir ki, hansı sistemə və yanaşmaya malikdir. Ancaq əsas olan odur ki, təmkinli və qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdülsün. Bu, regionun sabitliyi üçün vacib olan amildir. Diplomatlar da məhz bunun üçün var. Mədəni, iqtisadi və digər istiqamətlərdə əməkdaşlıq etmək üçün imkanlar hər zaman mövcuddur. Azərbaycan ölkələrin daxili işlərinə müdaxilənin tərəfdarı olmayıb. Xarici siyasətimizdə isə biz hər zaman öz balanslaşdırılmış mövqeyimizə sadiq qalmışıq”.
Telekanalın aparıcısı İranın Çinlə yaxşı əlaqələrinin olduğunu və son zamanlar Çinin vasitəçiliyi sayəsində Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşmağa başladığını xatırladıb. Bu istiqamətdə gedən proseslərə Azərbaycan təmsilçisinin münasibətini öyrənmək üçün sual ünvanlayıb. Səfir bildirib ki, Azərbaycanın Çinlə yüksək səviyyəli münasibətləri var. Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub: “Bizim çox yüksək səviyyəli siyasi dialoqumuz var. Çox yaxşı və dinamik inkişaf edən iqtisadi əlaqələrimiz mövcuddur. İldən-ilə də inkişaf edir. Bu yaxşı xəbərdir ki, Çin İran və Səudiyyə Ərəbistanın münasibətlərinin normallaşmasına töhfələr verir. Biz bunu qiymətləndiririk. Çin bizim bölgəmizlə də yaxşı münasibətlərə malik olmaq istəyir. Xəritəyə baxsanız, bizim ölkəmizin daha bir vacib əhəmiyyətini görə bilərsiniz. Biz şimal və cənubdan sanksiyalar altında olan ölkələrlə həmsərhədik. Biz orta dəhlizin keçdiyi Xəzər coğrafiyasında yerləşirik. Bizim Rusiya üçün bir Cənubi Qafqaz ölkəsi olaraq bu mənada da əhəmiyyətimiz böyükdür. Həmçinin Çin üçün də qarşılıqlı və faydalı işbirliyi baxımından Azərbaycan çox vacib dövlətdir. Ona görə də biz çalışırıq ki, bu mühüm ölkələrlə münasibətlərimizi inkişaf etdirək”.
Türkiyədə qarşıdan prezident və parlament seçkiləri gəlir. Prezident Rəcəb Tayyib Ərdoğanın vəzifədən getməsi və ya qalması durumunda Türkiyə ilə münasibətləriniz necə olacaq? Birinci vitse-prezidentinin köməkçisi E.Əmirbəyov aparıcının bu sualına cavabında vurğulayıb ki, Türkiyə təkcə bizim qonşumuz deyil, bizim qardaş ölkəmizdir: “Bizim Türkiyə ilə hər zaman əla münasibətlərimiz olub. Bu gözəl münasibətlərimiz davam edir. Bu əlaqələr təkcə hökumətlərə bağlı olan münasibətlər deyil. Təbii ki, Türkiyə xalqı prezidenti seçəcək və biz bu seçimə hörmətlə yanaşacağıq. Bizim əlaqələrimiz ancaq dinamik səviyyədə inkişaf edəcək. Yeri gəlmişkən mən türkiyəli qardaşlarımıza zəlzələ nəticəsində baş vermiş böyük faciə ilə əlaqədar bir daha başsağlığı vermək istəyirəm. Bu böyük faciə on minlərlə insanın həlak olmasına səbəb oldu”.
Aparıcı Azərbaycanın İsraildə yaxınlarda səfirlik açdığını xatırladaraq ölkəmizin yəhudi dövləti ilə münasibətlərinə verdiyi önəm haqqında da sual ünvanlayıb. E.Əmirbəyov deyib ki, İsrail bizim üçün mühüm strateji partnyordur. İsrail Azərbaycanın dostudur. Səfirliyin açılması da ikitərəfli münasibətlərimizin əhəmiyyətini göstərən faktdır. İndi Azərbaycanın İsraildə diplomatik təmsilçisi olacaq. Bu da ikitərəfli münasibətlərin bir sıra sahələrdə inkişafına təkan verəcək. Bu əlaqələr qarşılıqlı inama və etibara əsaslanan strateji tərəfdaşlıq münasibətləridir ki, onlar qarşılıqlı maraq və hörmət əsasında qurulub.
“Azərbaycanın İsraildə səfirlik açması bir çoxlarında narahatlıq yaradıb. Bundan çəkinmirsiniz?” Bu suala isə E. Əmirbəyovun cavabı belə olub: “Azərbaycanın digərlərindən fərqi bundadır ki, bizim dövlətimiz öz maraqlarına uyğun xarici siyasət yürüdür. Bu, başqalarının istəyinə və arzusuna uyğun müəyyənləşdirilən xarici siyasət kursu deyil. Öz maraqlarımıza əsaslanan xarici siyasətdir. İsrail ilə əlaqələrimiz də həmçinin öz milli maraqlarımıza uyğun olaraq müəyyən etdiyimiz siyasətdir. Ona görə də biz bunu etmişik və etməkdə davam edəcəyik. Bununla paralel olaraq qeyd etmək istərdim ki, Azərbaycanda böyük yəhudi icması var və bu icma İsraildən kənarda mövcud olan, kompakt halda yaşayan ən böyük yəhudi icmasıdır. Bilirsiniz ki, Azərbaycandan çıxmış xeyli yəhudi bu gün İsraildə yaşayır. Onlar İsrailin ictimai-siyasi həyatında mühüm rol oynayırlar. Bu faktor da ikitərəfli humanitar münasibətlərimizə müsbət təsir edir”.
Jurnalist 1945-ci ildən sonra ABŞ-nin dünyada dominant rola malik olduğunu, indi isə bu mənada Çinin və onun liderinin Birləşmiş Ştatların ciddi rəqibinə çevrildiyini bildirərək soruşub: “Sizcə, Çin öz istəyinə, yəni, hər şeyi öz nəzarətinə almaq istəyinə çatacaqmı?”. Bu suala cavab olaraq səfir E.Əmirbəyov bildirib ki, onilliklər keçəndən sonra dünyanın nəhəng güclərinin rəqabət imkanları da şaxələnib. Bu neqativ hal kimi qiymətləndirilə bilər. Hətta belə olan halda belə beynəlxalq münasibətlər sistemində oyun qaydalarına münasibət və yanaşma daha diqqətli olmalıdır: “Oyun qaydaları dedikdə mən onu nəzərdə tuturam ki, beynəlxalq hüquqa hörmətlə yanaşılmalıdır. Liderlərin istək və arzuları deyil, qanunun hakimliyi üstün olmalıdır. Xüsusi ilə də BMT bu məsələdə beynəlxalq hüquq prinsipləri əsasında addımlar atılmalıdır. BMT üzvləri də təşkilatın nizamnaməsinə uyğun davranmalıdır. O cümlədən bizim regionumuzda da! Məsələn, 90-cı illərin əvvəllərində Ermənistan Azərbaycana hücum edən zaman beynəlxalq hüquq faktiki olaraq heçə sayıldı. Məhz bundan sonra dünyanın bir sıra bölgələrində böyük faciələr yaşandı. Bu münaqişə təhrikedici rol oynadı. Biz ümid edirik ki, böyük-kiçikliyindən asılı olmayaraq, bütün dövlətlər beynəlxalq hüquqa və onun qaydalarına hörmətlə yanaşacaqlar”.
Aparıcının “Vladimir Putin və Si Cinpinin münasibətlərinin möhkəmlənməsi bir mənada qərbə verilən mesajdır ki, biz sizinlə hesablaşmayacağıq” replikasına cavab olaraq fövqəladə və səlahiyyətli səfir E.Əmirbəyov deyib ki, hər bir ölkə kiminlə sıx və ya az yaxın münasibət qurmaqda sərbəstdir, öz seçimidir, o cümlədən səfərlər də belə başa düşülməlidir. Düşünürəm ki, insanlar bəzən bu səfərlərə daha çox gümanları üzərindən yanaşırlar və təhlil aparırlar. Çin-Rusiya münasibətləri isə sabitlik və təhlükəsizlik, həmçinin beynəlxalq münasibətlərdə proqnozlaşıdırılma baxımından önəm daşıyır.
Jurnalist “dünyada bu qədər münaqişə və qarşıdurmanın olması şəraitində dünyanın gələcəyini necə görürsünüz?” sualını da verib. Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vurğulayıb: “Mən peşəkar diplomat olaraq nikbin olmalıyam. Bütün bu çətinliklərə rəğmən ümidlərimizi itirməməliyik. Düşünürəm ki, insanlar daha çox qərarlı olacaqlar ki, qarşılıqlı hörmət prinsipləri qorunsun. Düşünürəm ki, ölkələr də öz addımlarında bu prinsipə hörmətlə yanaşacaqlar. Siz mənim cavablarımdan və hərəkətlərimdən də gördünüz ki, mənim ölkəm bu prinsiplərə və beynəlxalq hüquqa necə xüsusi önəm verir”.
Müsahibənin sonunda jurnalist Kristian Malard Azərbaycanın səsini çatdırdığına görə E.Əmirbəyova təşəkkür edib.