"Bu gün İran adlanan məkanda ən önəmli siyasi cərəyan qeyri-fars millətlərinin başlatdığı prosesdir".
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Finlandiyada yaşayan Güney Azərbaycanlı fəal Çingiz Göytürk deyib.
Onun sözlərinə görə, ölkədə etirazlar qismən səngimiş olsa da milli hərəkatlar davam etməkdədir:
"İranı tədirginliyə çəkən əsas amil də məhz bu milli hərəkatlardır. İranın ölkəmizə qarşı birmənalı münasibətin olmamasına səbəb orada yaşayan 40 milyon Azərbaycan türkünün varlığıdır. Onlar dəfələrlə qətliamlara uğrayıb, ancaq mübarizələrindən geri çəkilməyiblər. İran Azərbaycan dövlətinin müstəqilliyindən, dünyada artan qüdrətindən qorxaraq bunları həzm edə bilmir, Azərbaycanın zəifləməsi üçün dəridən-qabıqdan çıxır. Azərbaycan xüsusən 44 günlük Vətən müharibəsindən sonra reallaşdırılan layihələrlə dünyanın diqqətini cəlb edib. Bu da İranın get-gedə əhəmiyyətsizləşməsinə gətirib çıxarıb. Ona görə də bu layihələrin qarşısını almağa çalışır. Bunun üçün Azərbaycanın daxilində qurduğu terror ocaqları vasitəsilə təxribatlar törətməyə cəhd edir".