Öz oğlunu azərbaycançı və vətənpərvər kimi yetişdirə bilməyən Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər yarıtmaz ata kimi oğlu İlkin Qəmbərin ermənilərlə bağlı aləmi-məşhur tvitinə münasibət bildirib. Açıqlamasında nala-mıxa vuran ata Qəmbər guya manevr edərək öz səhvlərindən yan keçib.
Gözlənilən suallara cavabdan yayınan İsa Qəmbər “Laf TV”nin efirində deyib ki, kimin nə sualı varsa, İlkinin özünə yönləndirə bilər. Beləliklə, bir növ özünü həm sığortalamağa, həm də töhmətedici suallardan yaxasını kənara çəkməyə çalışıb. Görün keçmiş başqan oğlunun xain əməlləri barədə necə fəxrlə danışır : “İlkinin 40-a yaxın yaşı var, yetkin insandır. Öz qərarlarına, öz addımlarına görə məsuliyyət daşıyır. Onun mövqeyində, fikirlərində az da olsa müəyyən məqamlar var ki, onlarla razı deyiləm. 7-8 ildir ki, biz görüşmürük və bu məsələləri üz-üzə oturub danışa bilmirik. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən onu da deyim ki, İlkin uzun illərdir Kanadada yaşayır. Orada bir neçə azərbaycanlı ilə birgə "Youtube" kanalı ( Kings and Generals) açıblar. Tarixi filimlər çəkirlər və onların sayı yüzlərlədir. Kanal youtubedə ən populyar tarix kanallarından biridir. Kanalın 3 milyona yaxın abunəsi var. Çox güman ki, abunəçilər Kanadada və ətraf ölkələrdə yaşayan ermənilərdir. Orada Türkiyənin apardığı müharibələrlə bağlı da filmlər çəkilib.
Ata Qəmbərin dediklərini eşitdinizmi? Adam öz oğluna nəzarəti belə itirib. Deyir ki, 7-8 ildir onunla görüşmür və onun qırdığı qələtlərin yalnız “müəyyən məqamları” onun xoşuna gəlmir.
Bildirir ki, sözügedən filmə -söhbət "Ermənistan Krallığı: Qədim Roma ilə Parfiya arasında münasibətlər"dən bəhs edən sənədli filmdən gedir- baxmadığım üçün onunla bağlı bir söz deyə bilmərəm, amma “soyqırım”la bağlı tamam səhv mövqedədirlər: "Mənə və bütün məsuliyyətli insanlara aydındır ki, heç bir soyqırım olmayıb. Ermənilər Birinci Dünya müharibəsi illərində Rusiyaya xidmət etməyə başlayıb, yerli əhaliyə qarşı hücumlar təşkil edib, onları qırıblar. Osmanlı dövləti də əmin-amanlığı qorumaq üçün qərarlar verib. Bunlardan biri də ermənilərin oradan mühacir edilməsi ilə bağlı olub. Bunu soyqırımı adlandırmaq mümkün deyil. Təəssüf ki, bəzi insanlar təbliğatın təsiri altına düşürlər, yanlış mövqedə dururlar. Mənim üçün “soyqırım”la bağlı paylaşım gözlənilməz oldu. Görünür, İlkin, eləcə də bəzi gənclərlə bu mövzular ətrafında söhbət etməyə ehtiyac var”.
Görəsən ixtisasca tarixçi olan ata Qəmbər oğul Qəmbərə tarixi həqiqətləri indiyədək niyə öyrətməyib? Təəssüf ki, keçmiş başqan unudur ki, onun oğlu daha gənc deyil və dövlətin başında duran ikinci şəxsin ailəsində böyüyüb. Azərbaycanın sərvətlərindən qədərincə yararlanan qəmbərlər gərək hamıdan artıq vətənpərvər olaydılar. Ancaq əksini görürük. Görünür, bala Qənbər ata Qənbərin necə deyərlər, tökdüklərini yığışdırıb.
Qeyd edək ki, İlkin Qəmbərin "Tvitter"də yazdığı “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt” paylaşımı sosial şəbəkələrdə, ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Fikir bildirənlərin hamısı İlkinin nanəcib hərəkətini pisləyiblər. Bəziləri isə təəccüblənərək - "İsa Qəmbər hakimiyyətə gəlsəydi nə olardı?"-sualını veriblər.
İlkin Qəmbər özü bununla bağlı açıqlama verməyib. Nə açıqlama verəcəkdi ki? İndi ata Qəmbər pis vəziyyətdə qalıb. Əvvəllər başqalarını xain, ermənilərlə əlbir olmaqda ittiham edən sabiq partiya başqanı “daş altında ilan bəslədiyini” nə ilə izah etsin? İlkinin nankorluğuna əsaslı bir səbəb vardımı? Xeyr. Yox idi. "Papasının gül balası" olan İlkin naz-nemət içində böyüyüb və heç nəyə ehtiyacı olmayıb və indi də yoxdur. Ən azı, Kanadada sülənmək əvəzinə gəlib İkinci Qarabağ müharibəsində döyüşməli idi. Bu torpağın sərvətini xarici ölkələrdə saga-sola xərcləməyinin əvəzi olaraq gəlib öz Füzulisinin işğaldan azad olunmasında iştirak etməli idi. Ancaq o, Qarabağda ölüm-dirim savaşı gedəndə “böyük Ermənistan” filmini çəkməklə məşğul olurmuş. Vətən xaini daha necə olur?
İndi ata Qəmbər hansı üzlə desin ki, oğlu aprelin 24-də ermənilərə yas tutub, anım gününü qeyd edib və bunun bir də heç vaxt olmamasını arzulayıb. Ona görə də ata Qəmbərin haqlı suallardan, tənə-təhnizdən, töhmətdən yaxa qurtarmaq üçün bir daha Azərbaycan insanlarının gözlərinə görünməməkdən başqa yolu yoxdur.
Çox adam gözləyirdi ki, keçmiş başqan heç olmasa övladının düzgün tərbiyələnməməsində özünü qismən də olsa günahkar olduğunu etiraf edəcək. Ancaq bu da olmadı. Həmişə burnunu dik tutan, başqalarının gözündə tük axtaran, özünü hamıdan ağıllı sayan İsa Qəmbər səmimi olmadığını bir daha göstərdi. Bəlkə də bu ssenarini elə özü yazıb, belə düşünüb ki, oğlu “işləsin”, üstü açılanda da desin ki, xəbəri yoxdur və heç oğlunu 7-8 ildir görmür, görüşmür. Ancaq bu, İsa Qəmbərə bəraət verərmi? Əlbəttə, yox. El bayatısında deyildiyi kimi:
Fərsiz oğul göz dağıdı ataya,
Bivecindən nə qalıb ki, nə qala.
Vəli İlyasov, “İki sahil”