“Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündəyik. Böyük şəxsiyyət, qətiyyətli sərkərdə hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın inkişafı, müstəqilliyi qarşısında dayanan maneələri, təhlükələri çox gözəl təhlil edərək, dövlət və xalqın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafında xüsusi əhəmiyyət daşıyan işlər gördü. Ulu öndər bu dövlətin dilini, ənənələrini qoruyan, Azərbaycan kişisinin, qadınının simasını böyük ədiblərin tarixi əsərlərində yaşadılması üçün ədəbiyyatımızın inkişafına böyük yer ayırdı”.
“İki sahil” xəbər verir ki, bunu 2023-cü il "Heydər Əliyev ili" ilə bağlı şərhində Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi şurasının və İdarə heyətinin üzvü Könül İsmayılova bildirib.
K.İsmayılova qeyd edib ki, ulu öndər Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət diqqət mərkəzində olacaq, öyrəniləcək. Xanım siyasətçi vurğulayıb ki, dahi şəxsiyyətin, böyük siyasətçinin Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri hələ onun sağlığında əfsanəyə çevrilmişdi:
“Ulu öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti bu gün gənc nəsil tərəfindən də öyrənilir. Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi idi. O, SSRİ dövrünün digər millətləri buxovda saxlamaq üçün yaratdığı çərçivədə milli dəyərlərimizi, milli şüuru və müstəqillik ideyasının toxumlarını əkirdi. Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanılması, Azərbaycan ədəbiyyatına, sənətinə böyük dəyər verməklə məhz onların simasında Azrbaycançılığı, adət-ənənələrimizin qorunmasını, tariximizin öyrənilməsini təmin etmişdi. Heydər Əliyev hətta sovet buxovlarında Azərbaycanın inkişafı, memarlığı sahəsində gördüyü işlərlə gələcək müstəqil dövlətimiz üçün böyük tarixi izlər yaratmışdı”.
K.İsmayılova bildirdi ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamı”ndan irəli gələrək keçirilən silsilə tədbirlər bir daha ulu öndəri bizə tanıdır, öyrədir:
“Heydər Əliyev bugünkü Azərbaycan dövlətinin qurucusu olmaqla yanaşı həm də haqlı olaraq müasir Azərbaycan parlamentinin banisi sayılır. O, bu gün Azərbaycanın qazandığı zəfərlərə doğru addım-addım irəliləyirdi. İmperialist qüvvələrin Azərbaycana qarşı apardığı çirkin siyasəti böyük diplomatiya, siyasi ustalıqla dəfv edən ulu öndər bu günün bazasını, bünövrəsini hazırlayarkən xalqın zərər görməməsi üçün böyük təmkin, səbrlə dövləti idarə edir, onu qoruyurdu. İnanırdı ki, işğalda qalan torpaqlar da azad olunacaq”.
K.İsmayılovanın sözlərinə görə, bu gün torpaqları işğaldan azad olunan keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışının təminatı üzərindən görülən işlər Heydər Əliyev vəsiyətinin təntənəsi, tarixə qızıl hərflərlə yazılan anlar kimi xatırlanır:
“Regionun geosiyasi mənzərəsi özünün gərginliyi ilə diqqət çəksə də, mövcud vəziyyət torpaqlarımızın erməni işğalından azad edilməsi, insanlarımızın hüquq və azadlıqlarının qorunması, təhlükəsizliyinin təminatı kontekstində təhlil olunarkən, artıq xalqın belə bir qarışıqlıq içindən özünə yeni bir Zəfər Yolu açması önə çəkilməklə yüksək dəyərləndirilir və təbii olaraq bu yolun başlanğıcında ulu öndər Heydər Əliyev siyasəti, iradəsi dayanır. 2020-ci il 44 günlük müharibədən zəfərlə ayrılan Azərbaycan dövlət başçısının xalqın iradəsi ilə 2 il sonra məhz 2023-cü ili “Ümummilli lider Heydər Əliyevin 100 illik yubleyi ilə əlaqədar “Heydər Əliyev İli” elan etməsi də bu zəfər yolunun məntiqi davamı, nəticəsidir. “Ulu öndər Heydər İli” işğaldan azad olunan torpaqlarımızın təmizlənməsi yönündə bir çox hadisələrlə yadda qaldı. Son hadisə isə nəhayət Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin qurulması ilə uzun illərdən bəri gözlədiyimiz dövlət səhrədlərimizin bütövləşməsi idi”.
2023-cü il "Heydər Əliyev ili"nin heç şübhəsiz ki, tarixə Azərbaycanın bütün ərazilərində erməni seperatçılarıın tamamilə təmizlənməsi ili kimi yadda qalacağına əmin olduğunu deyən K.İsmayılovanın fikrincə, Xankəndi, Xocalı və digər rayon və kəndlərimiz Azərbaycanın nəzarətinə keçməklə, düşmənlərdən soyqırımın qisası sona qədər alınacaq:
“Bu il ölkəmizə qarşı ikilistandartla oyunlar quran regionda marağı olan böyük dövlətlər üçün isə bir örnək ili olacaq. Dünya humanizm, tolerantlıq dəyərlərini bir daha Azərbaycandan öyrənəcək. Eyni zamanda dünya Azərbaycanın ulu öndəri Heydər Əliyev siyasi irsinin davamçısı, xalqla bir yerdə olan cənab İlham Əliyevin simasında öyrənəck ki, başqa dövlətlərin ərazisinə müdaxilə etmək, daxili işlərinə qarışmaq, insanların haqlarını pozmaq, mədəniyyətini məhv etmək olmaz. Bu il Ulu Öndərin siyasi bazasına söykənərək, torpaqlarımızda haqqı təmin edərək, imperialist dövlətlərə “ədalətin, haqqın yanında ol” deyə, xüsusi bir dərsin verildiyi il olcaq”.