03 may 2023 22:49
706

Sən elə bir zirvəsən... FOTO

Professor Arif Quliyevin müəllifi olduğu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “Millətin atası” adlı kitabın təqdimatı keçirildi

Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında hüquq elmləri doktoru, professor Arif Quliyevin müəllifi olduğu dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən rus dilli nəşr - “Millətin atası” («Отец нации») adlı kitabın təqdimatı oldu.

Elm və ictimaiyyət nümayəndələrinin, Milli Məclisin deputatlarının, diplomatların, həmçinin jurnalistlərin iştirak etdikləri tədbirdə Ulu Öndərin şərəfli həyat yolundan, eləcə də yorulmaz fəaliyyətindən, misilsiz tarixi xidmətlərindən geniş bəhs edildi.

Tədbiri giriş sözü ilə AMEA Mərkəzi Elmi Kitabxanasının baş direktoru Məmməd Əliyev açaraq bildirdi ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” elan edilib: “Arif Quliyevin müəllifi olduğu kitabda məhz Ümummilli Lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli fəaliyyəti geniş işıqlandırılıb. Belə bir maraqlı, dolğun və əhatəli bir kitabı ərsəyə gətirdiyinə görə Arif müəllimə təşəkkür edirik.”

AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov bu maraqlı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Dahi şəxsiyyət Heydər Əliyevlə bir neçə maraqlı görüşün ona da qismət olduğunu bildirən A.Həşimov qeyd etdi ki, Arif müəllim bu kitabı hazırda müharibənin davam etdiyi Ukraynada çətin bir şəraitdə, qısa müddət ərzində öz fəlsəfəsini ürəklə ortaya qoyaraq yazıb: “Müəllifi bu dəyərli kitaba görə ürəkdən təbrik edir, daha böyük yaradıcılıq uğurları arzulayırıq.”

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı çıxışında kitabın əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin Sovet dövründə və müstəqillik illərində həyata keçirdiyi uğurlu strategiyadan, xüsusilə dahi şəxsiyyətin səyləri ilə 1994-cü ildə işğalçı Ermənistanla Azərbaycan arasında atəşkəsin imzalanmasından, həmçinin həmin il reallaşdırılan “Əsrin müqaviləsi”ndən ətraflı bəhs etdi.

M.Qasımlı belə bir maraqlı kitabın təqdimat mərasimini keçirdiyinə görə AMEA-nın rəhbərliyinə təşəkkür etdi.

Kitabın müəllifi Arif Quliyev çıxışında Ukraynadakı elmi fəaliyyəti, uğurlu karyerası haqqında məlumat verərək bu dost ölkə ilə yaxın əlaqələrin qurulmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan danışdı.

A.Quliyev qeyd etdi, Ulu Öndər Heydər Əliyevə Ukrayna xalqı həmişə böyük rəğbət bəsləyib. Müəllif, həmçinin bu qardaş ölkədə Heydər Əliyevin Azərbaycan diasporu ilə səmimi görüşlərindən danışdı.

Milli Məclisin deputatı Fatma Yıldırım çıxışında kitabın adının çox dolğun seçildiyini xüsusi vurğuladı: “Heydər Əliyev sözün əsl mənasında bizim xalqın atası olub. Dahi şəxsiyyət xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi, anarxiyaya və özbaşınalığa son qoydu.”

F.Yıldırım, həmçinin Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri uğurlu diaspor siyasətindən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən  danışdı.

Çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətli sözügedən kitabı Arif Quliyevin yaradıcılığının zirvəsi adlandırdı: “Bu kitabın adı Heydər Əliyevin fəaliyyətini əks etdirən ən gözəl adlardan biridir. Kitabda dahi liderin keçdiyi mənalı həyat yolundan, misilsiz tarixi xidmətlərindən geniş bəhs edilir.”

Tədbirdə, həmçinin Milli Məclisin deputatı Vüqar İskəndərov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, eləcə də Azərbaycan Dillər Universitetinin prorektoru Novruz Məmmədov çıxış edərək kitabı yüksək qiymətləndirdilər. Natiqlər Ulu Öndərə həsr olunan kitabların xarici dillərə daha geniş şəkildə tərcümə olunmasının zəruriliyini vurğuladılar.

Sonda xatirə şəkli çəkdirildi.

Cavid Əkbərov, “İki sahil”