10 may 2023 22:57
795

Sirlərlə, müəmmalarla dolu planetimiz

Yer planetinin 5-6 milyard yaşı var. Təqribən Ayın da, Günəşin də bir o qədər yaşı vardır. 

Planetimiz əsasən dəmir, silikon və nisbətən az miqdarda maqneziumdan ibarətdir.

Yer kürəsində təxminən 8.7 milyon canlı orqanizm mövcuddur.  Bunlardan 2,2 milyon növü okeanda, qalanları isə quruda yaşayır.

O, mükəmməl bir kürə deyil

Yer adətən mükəmməl bir kürə kimi təsəvvür edilir. Lakin əslində Yer ellips şəklindədir. Yer qütblərə doğru yastılaşır, ekvatora doğru isə qabarır.

Bu effekt Yerin cazibə qüvvəsi və öz oxu ətrafında fırlanması nəticəsində yaranır. Beləliklə, ekvatorda Yerin diametri qütblər arası olan diametrdən təxminən 43 km uzundur.

Planetimizin təxminən 70 faizi su ilə örtülüb

Yerin dörddəüç hissəsi su ilə örtülüb. Astronavtlar kosmosdan ilk dəfə baxanda Yer kürəsini su içində görüblər. "Mavi planet" adı məhz buradan yaranıb.  Qeyd edək ki, Yer kürəsində  su bərk, maye və qaz halındadır.

Yer kürəsinə oxşar digər planetlər də var

Alimlərin sözlərinə görə , kainatda bizim planetə oxşar bir çox  planetlər var. Məsələn, Kepler-22-b planeti ulduz ətrafında bizim planetin Günəş ətrafında fırlandığı məsafədə fırlanır və bu da göstərir ki, həmin planetdə həyat üçün əlverişli şərait ola bilər.

Kosmos Yerdən təxminən 100 km yüksəklikdə başlayır

Atmosfer və kosmos arasındakı sərhəd dəniz səviyyəsindən 100 km yüksəklikdən keçir.

Atmosfer kütləsinin təxminən 75 faizi onun ilk 11 km-də yerləşir.

Günəş sistemində beşinci ən böyük planetdir

Yer Günəş sistemində beşinci ən böyük planetdir.

Yerin nüvəsinin təxminən 1200 km radiusu olduğu və təxminən 85 faizinin dəmirdən, 10 faizin isə nikeldən ibarət olduğu güman edilir.

Yerin cazibə qüvvəsi hər yerdə eyni deyil

Yer planeti mükəmməl bir kürə olmadığı üçün kütlə bərabər paylanmır və cazibə qüvvəsi müxtəlif yerlərdə eyni deyil.

Məsələn, ekvatordan qütblərə doğru hərəkət etdikcə, cazibə qüvvəsinin intensivliyi tədricən artır. Ancaq insan bu cüzi fərqi hiss etmir.

Ən isti və soyuq yerləri

Dünyanın ən isti yerləri sayıla biləcək bir neçə yer var. İndiyə qədər qeydə alınan ən isti yer ABŞ-dakı Ölüm Vadisidir. ABŞ-dakı “Ölüm Vadisi” adlanan bu  milli park- Kaliforniya və Nevada ştatlarının sərhədlərində dəniz səviyyəsindən 85 metr aşağıda yerləşir.  Burada  demək olar ki, həyat yoxdur.  Bu məkanda yalnız müəyyən heyvanların qalıqlarına rast gəlmək olar.   10 iyul 1913-cü ildə vadidə  termometr 56,7C dərəcə istini göstərib.

Yer üzündə ən aşağı temperatur isə Antarktidada 1983-cü il iyulun 31-də “Vostok” stansiyasında qeydə alınıb: -89,2C dərəcə şaxta. Yay fəslində belə burada orta temperatur mənfi 32 dərəcə olur. Stansiya, həmçinin planetin ən quraqlıq yerlərindən biri hesab olunur.

Planetimizin ən quraq yeri

Yer kürəsinin ən quraq yeri Atakama səhrasıdır. Atakama səhrası qərbində Sakit okeanın yerləşdiyi Çilinin məşhur səhrasıdır.

Demək olar ki, yağışın yağmadığı bu səhra, NASA-nın kosmosa göndərəcəyi gəmilərin sınaqdan keçirildiyi xüsusi sahə kimi də tanınmaqdadır. Bu səhrada  1971-ci ildə qeydə olun  yağışa qədər 400 il ərzində  bu ərazidə belə bir hadisə  qeydə alınmayıb. Bu baxımdan bu məkan  dünyanın ən quru ərazisi kimi də tanınır.

Yer üzündəki ən böyük struktur

Avstraliya sahillərində yerləşən Böyük Sədd mərcan rifi planetdəki canlı orqanizmlərin kosmosdan görünən ən böyük strukturudur.

Bu ərazinin uzunluğu 2000 km-dən çoxdur və orada minlərlə dəniz orqanizmi yaşayır.

1981-ci ildə mərcan rifi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 11 İyun 1770-ci il tarixində Kapitan James Cook tərəfindən kəşf edilmişdir. Böyük Sədd Rifi, özünə xas həyat müxtəlifliyinə malikdir. Mink balinası, donqar balina və mavi balina kimi bir çox balina, və dugong kimi soyu təhlükədəki bir çox dəniz məməlisi, 6 növ dəniz tısbağası və 1 milyondan çox balıq, mərcan, vatoz, meduza v s. növü Böyük Sədd Rifinin sakinləridir.

Günəş sistemində aktiv tektonik plitələrə malik yeganə planet

Bu plitələrin hərəkəti Yerin səthinin dəyişməkdə olduğunu göstərir.

Bu plitələr həm də dağların, seysmik proseslərin və vulkanların əmələ gəlməsinə cavabdehdir.

Plitələrin hərəkətdə olması əsasən  okean dibinin davamlı yenilənməsi ilə karbon dioksid kimi istixana qazlarının təkrar dövriyyəsini təmin edir və eyni zamanda, Yerin istiliyinin tənzimlənməsində mühüm rol oynayır.

Yerin qoruyucu qalxanı var

Yerin maqnit sahəsi Günəşin yüksək enerjili hissəciklər tərəfindən davamlı bombardmanına qarşı qalxan rolunu oynayır.

Bu sahə Yerin daxili nüvəsindən günəş küləyi ilə toqquşduğu sərhədə qədər uzanır.

İnsan və eləcə də bəzi heyvanlar Yerin maqnit sahəsindən naviqasiya məqsədləri üçün istifadə edir.

Beynəlxalq Yer Günü nə zaman qeyd olunur?

Hər il aprelin 22-də Beynəlxalq Yer Günü qeyd olunur. Bu tarix 1970-ci ildən bəri BMT tərəfindən Beynəlxalq Yer Günü kimi qeyd olunmaqdadır.

Samirə Tağıyeva, “İki sahil”