Ulu Öndərin kəlamları alman dilinə tərcümə olunub
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı 2023-cü il “Heydər Əliyev ili” elan olunmuşdur. Bu münasibətlə respublikamızda, o cümlədən Universitetimizdə silsilə tədbirlər keçirilməkdədir. Kafedra olaraq biz təsdiq olunmuş illik plana əsasən hər ay üçün nəzərdə tutulan tədbirlərə “Alman dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələri cəlb etməyi məqsədəuyğun bildik. Tədbirlərin hansı formada keçirilməsi barədə müxtəlif təkliflər irəli sürüldü: “Dəyirmi masa”, esse yarışması, viktorinalar və s. Elm şöbəsinin müdiri Sevda imanova tədbirin Heydər Əliyev haqqında “Ən yaxşı çıxış” müsabiqəsi formatında keçirilməsini təklif etdi. Bu təklif ağlabatan idi. Lakin qalibin seçilməsinin digər tələbələrdə ruh düşkünlüyü yaradacağını nəzərə alaraq kafedranın profilinə uyğun daha maraqlı iş görmək fikri irəli sürüldü. Araşdırmalar zamanı universitetin rektoru, akademik Kamal Abdullanın “Azərbaycan tərcümə ensiklopediyası” kitabına yazdığı “Ön söz” yeni bir ideyanın yaranmasına səbəb oldu: “Tərcümə bir mədəniyyətin təzahürü deyil, ən azı iki mədəniyyətin qovuşduğu məqamdır, əsl multikultural reallıqdır.”
Beləliklə, Ulu Öndərin kəlamlarının alman dilinə tərcümə olunması qərara alındı. Qısa müddətdə tələbələr Ümummilli Liderin müxtəlif məsələlərə həsr olunmuş rəsmi çıxış və müsahibələrindən sitat və kəlamları seçərək, onları alman dilinə tərcümə etdilər. Hər bir sitat dahi şəxsiyyətin, böyük siyasətçinin, vətənpərvər bir insanın müdrikliyindən xəbər verir. Artıq iş tamamlanmışdı, tərcümələr hazırlanmışdı. Bəs sonra? Bu tərcümələr kimə və nəyə yararlı ola bilər?
Tələbələrin arzu və istəklərini nəzərə alaraq, tərcüməni hamı üçün əlçatan etmək qərarına gəldik. Və həmin tərcümələr “HEYDƏR ƏLİYEV 100. Sitatlar və kəlamlar” adı altında çapa tövsiyə olundu.
Kitabda 300-ə yaxın sitat Azərbaycan və alman dillərində 14 mövzu altında cəmlənmişdir. Hər mövzuya uyğun şəkil həmin sitatları daha maraqlı edir. Məqsədimiz gənc nəsli Heydər Əliyev siyasəti, fəlsəfəsi, şəxsiyyəti ilə daha da yaxından tanış etməkdir. Tələbələr Heydər Əliyevi yenidən kəşf etdiklərini etiraf etdilər.
İkidilli nəşr tariximiz və mədəniyyətimiz haqqında daha çox öyrənmək istəyən tələbələr üçün nəzərdə tutulub. İnanırıq ki, kitabda yer alan müdrik kəlamlar Azərbaycan gənclərinə nümunə olacaq Ulu Öndərmizin adının əbədiləşdirilməsinə xidmət edəcəkdir.
Kitab Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə Azərbaycan Dillər Universitetinin Təhsil 1fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının töhfəsidir.
Xuraman Əsgərova,
Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri,
fil.f.d., dosent