14 yanvar 2025 17:00
145

“SOCAR Fiber” ilə “EXA İnfrastructure” arasında strateji əməkdaşlıq

“SOCAR Fiber” “EXA İnfrastructure” ilə strateji əməkdaşlıq müqaviləsi imzalayaraq Türkiyənin rəqəmsal infrastrukturunu qlobal miqyasda gücləndirəcək mühüm addım atıb

Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə”nin qrup şirkətlərindən biri olan “SOCAR Fiber” “EXA İnfrastructure” ilə strateji əməkdaşlıq müqaviləsi imzaladığını açıqlayıb. Bu yeni saziş “SOCAR Fiber”in “EXA İnfrastructure”nin qlobal çıxış şəbəkələri vasitəsilə təmin edilən fiber şəbəkə ilə genişləndirilməsi məqsədlərinə dəstək verəcək və onun regional kommunikasiya infrastrukturunu gücləndirəcək.

“SOCAR Fiber”in ilk kommersiya xarici müştərisi olan “EXA İnfrastructure” ilə atdığı mühüm addım kimi diqqət çəkən yeni müqavilə “EXA İnfrastructure”nin Türkiyə-Yunanıstan və Türkiyə-Gürcüstan sərhədləri arasında “SOCAR Fiber”in fiber infrastrukturu üzərində əlaqə xidmətləri göstərməyə imkan verir. Bu xidmət xüsusilə Asiya, Yaxın Şərq və Avropa arasında rəqəmsal rabitəni sürətləndirmək və regional məlumatların daşınmasına töhfə vermək baxımından böyük əhəmiyyət kəsb edir.

Müqavilə çərçivəsində “SOCAR Fiber”in fiber infrastrukturu “EXA İnfrastructure” tərəfindən qlobal məlumat mərkəzi operatorlarına, bulud, məzmun və texnologiya təşkilatlarına satılacaq. Bu əməkdaşlıq “SOCAR Fiber”ə təkcə yerli deyil, həm də qlobal miqyasda sektora mühüm töhfələr verməyə imkan verəcək.

Müqavilə haqqında məlumat verən “SOCAR Fiber”in baş meneceri Kənan Məmmədov qeyd edib ki, “SOCAR Fiber” olaraq, Avropa və Şimali Amerikada rəqəmsal infrastrukturun aparıcı operatorlarından biri olan “EXA İnfrastructure” ilə imzaladığımız müqavilə ilə Türkiyənin rəqəmsal transformasiyasını və regional strateji məlumat tranzit marşrutu kimi yerləşməsini dəstəkləməyi hədəfləyirik: “Bölgədə inkişaf etdirilən yeni kommunikasiya infrastrukturu Türkiyənin Avropa, Yaxın Şərq və Asiya arasında qısa yerüstü çıxış yolları yaradaraq qlobal rəqəmsal şəbəkələrdə mühüm aktor olmasına töhfə verəcək.”

“EXA İnfrastructure”nin Strateji investisiyalar və məhsulların idarə edilməsi üzrə vitse-prezidenti Steve Roberts bildirib: "Biz bu layihədə iştirak etməkdən qürur duyuruq. Bu layihə Türkiyə daxilində yeni, yüksək miqyaslı və etibarlı marşrutlar yaradacaq və Asiyadan qitələrarası nəqliyyat üçün yeni marşrutlar təmin edəcək. Birinci mərhələ Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən nəqliyyatı toplayaraq Gürcüstan sərhədini birləşdirəcək. İkinci mərhələ Yaxın Şərq nəqliyyatı üçün ənənəvi Qırmızı dəniz marşrutundan yan keçməklə İraq sərhədini birləşdirəcək. Trans Adriatik və Balkan regionunda əvvəlki sərmayələrimizlə birlikdə bu layihə Asiya və Avropa qitələrini birləşdirən ən müasir və etibarlı fiber optik infrastrukturu təklif edəcək.”

Qeyd edək ki, “SOCAR Fiber” 2013-cü ildən etibarən TANAP qaz boru kəməri marşrutu üzrə 1850 km uzunluğunda fiber-optik infrastruktur vasitəsilə təhlükəsiz rabitə xidməti göstərir. Türkiyənin şərqindən qərbinə qədər uzanan bu fiber xətti 20 vilayət və 67 rayondan keçir.

2014-cü ilin iyul ayında şirkət, Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları Qurumundan infrastruktur idarəetmə xidmətləri lisenziyası alıb. “SOCAR Fiber” şəbəkəsi Türkiyədə telekommunikasiya şirkətləri və müəssisələrinə əsas şəbəkə xidmətləri təqdim etmək üçün dizayn edilib. Həmçinin “SOCAR Fiber” təkcə yerli deyil, qlobal miqyasda rəqəmsallaşma hədəflərinə uyğun olaraq böyüməyə davam edir. “SOCAR Fiber” “EXA İnfrastructure” ilə yeni müqavilə əsasında kommunikasiya infrastrukturu xidmətlərindəki mövqeyini daha da gücləndirəcək.

Orxan Vahidoğlu, “İki sahil”