26 may 2023 15:39
1810

Qaz kəmərlərinə o halda hava vurulur ki,.. VİDEO

«Azəriqaz»ın sosial şəbəkələrdəki böhtanlara obyektiv cavabı gecikmədi

Mayın 26-da SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib.

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin moderatorluğu və qurumun digər şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Birliyin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, ötən il Milli Məclisdə qəbul edilən «Qaz təchizatı haqqında» Qanuna görə, «Azəriqaz» İstehsalat Birliyinə yeni səlahiyyətlər verilib: «Yeni qanuna görə, bundan sonra təbii qazdan təhlükəsiz istifadəyə görə, istehlakçıların mənzil və obyektlərində  müayinələri Birlik əməkdaşları həyata keçirəcəklər.  Halbuki, bu vaxta qədər bu işi Fövqəladə Hallar Nazirliyi aparırdı. Həmin müayinələr nəticəsində mənzil və obyektlərdə olan mövcud vəziyyət qiymətləndirilməklə qaydalara uyğun növbəti qanuni addımlar atılacaq. Yoxlanılması tələb olunan mənzilə 5 gün öncədən bildiriş veriləcək, bildirişin müddəti çatandan sonrakı 3 gün ərzində mənzilə baxış mümkün olmadıqda qaz təminatı qanunvericiliyə uyğun olaraq dayandırılacaq. Hətta abonentin cərimələnməsi halları da mümkündür»

İlkin Behbudov bildirib ki, iyul ayının 1-dək yaşayış binalarındakı tüstü bacalarının təmizlənməsi qarşıya bir vəzifə kimi qoyulub : «Noyabr ayınadək isə bütün abonentlərin mənzillərində qaz cihazlarının və qoşulmalarının yoxlanılması başa çatdırılacaq. Bu isə növbəti payız-qış aylarında qaz təchizatının tam təhlükəsiz şəraitdə verilməsini təmin edəcək. Yoxlama zamanı layihə- smeta sənədlərində uyğunsuzluq qeydə alınarsa «Azəriqaz» əməkdaşları tərəfindən qanunvericilikdə göstərilən qaydada akt tərtib olunacaq. Həmin abonentə bir ay vaxt veriləcək ki, bu müddət ərzində çatışmazlıqların aradan qaldırılmasını təmin etsin. Çatışmazlıqlar aradan qaldırılmadığı təqdirdə qaz təchizatı  dayandırılacaq.»

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev 2023-cü ilin yanvar- aprel aylarında ölkə üzrə çəkilən qaz xətləri barədə məlumat verib: « Bu dövrdə  Birlik tərəfindən ölkə ərazisində 113 kilometr yeni qaz xətləri çəkilib. 90 kilometr müxtəlif diametrli boru xətləri əsaslı şəkildə təmir edilib. Qarşıdan yay ayları gəldiyi üçün faydalı iş əmsalımız daha da artacaq. Ona görə də hesab edirəm ki, qışa qədər daha çox qazlaşdırma işləri həyata keçiriləcək.»

E. Vəliyev 2023-cü ildə abonentlərin istehlak etdiyi təbii qazın limit həcmi barədə də məlumat verdi: «Yanvar-aprel aylarında əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 932 min 299 abonent, yəni ümumilikdə abonentləin 77,5 faizi 12 qəpiklik limiti keçməyib. 514 min 780 abonent, yəni ümumi abonentlərin 20,6 faizi 20 qəpik, 47 min 353 abonent isə (abonentləin 1,9 %-i) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.»

Eldəniz Vəliyev onu da xüsusi vurğulayıb ki, son günlər bəzi sosial şəbəkə istifadəçiləri «Azəriqaz» İB-in işgüzar nüfuzuna zərbə vurmaq üçün şayiələr yayırlar: « Onlar iddia edirlər ki, guya Xaçmaz rayonu ərazisində Birliyin əməkdaşları qaz kəmərlərinə hava vurublar. Ancaq onlar anlamalıdırlar ki, kəmərə daxil olan qurunt sularını yüksək təzyiqli hava vurmaqla çıxarmaq mümkündür. Əks halda həmin sular çıxarılmadıqda təbii qazın  təzyiqini tənzimləmək olmur.»

Elçin Zaman, "İki sahil"