27 may 2023 01:56
451

Litva-Azərbaycan münasibətləri və əlaqələri yeni mərhələyə qədəm qoyur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri və səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycan və Litva arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinə mühüm töhfə oldu.

Eyni zamanda  iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin imzalanması və Vilnüsdə də Azərbaycan-Litva biznes forumunun keçirilməsi iqtisadi və siyasi əlaqələri daha da genişləndirəcək. Litva ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrə də öz müsbət təsirini göstərməkdədir. Azərbaycan və Litva bərpa olunan enerji sahəsində çox ciddi və paralel işlər aparır. Görüşdə Litva Prezidenti Azərbaycanın xüsusilə son on ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirmişdir.

Bundan başqa, görüşdə ikitərəfli məsələlər müzakirə olunmuş, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanmış və informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olunmuşdur.

Söhbət zamanı nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparılmışdır. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirilərək Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edilmişdir.

Cənab Prezident Azərbaycan-Litva biznes forumunda çıxış edərək bildirmişdir ki , bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Beləliklə, biz Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq və bu, mümkündür. Çünki biz Avropanın enerji xəritəsinə nəzər salsaq, o, əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır. Eyni sözləri daşımalara da aid etmək olar. Biz qonşularımız və tərəfdaşlarımızla yeni bağlantılar yaratmışıq. Biz Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edirik. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyuruq. Buna görə, biznes dairələrə bu fürsəti dəyərləndirmək üçün münasib vaxtdır. Yubanmaq lazım deyil, çünki birmənalı olaraq, çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək.

Eyni zamanda Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin daha da dərinləşməsinə səbəb olacaq. Bu səfər ölkələr arasında sıx münasibətlərin inkişafına töhfə verərək əlaqələrin yüksək dinamik səviyyəyə çatmasına imkan yaradacaq.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı