27 may 2023 02:57
399

Turizm: Ölkəmizə gələnlərin sayı 1,6 dəfə artıb, xərcləri isə…

Azərbaycanda turizm sektoru pandemiyadan əvvəlki göstəriciləri bərpa etmək üçün yoluna davam etməkdədir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 168 ölkəsindən 522,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,7 faizi Rusiya, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşları olub.

Azərbaycana gələnlərin sayındakı artımın coğrafiyası genişdir. 2022-ci ilin ilk dörd ayı ilə müqayisədə Çindən gələnlərin sayı 4,3 dəfə, Hindistandan 4,2 dəfə, Türkmənistandan 3,8 dəfə, Özbəkistandan 3,3 dəfə, Belarusdan 3,3 dəfə, Qazaxıstandan 2,1 dəfə, Pakistandan 1,9 dəfə, Rusiyadan 1,9 dəfə, Böyük Britaniyadan 1,9 dəfə, Niderlanddan  1,9 dəfə, İsraildən 1,8 dəfə, ABŞ-dən 1,7 dəfə, Omandan 1,6 dəfə, Küveytdən 48,9 faiz, Birləşmiş Ərəb Əmirliklərindən 44,5 faiz, Gürcüstandan 43,8 faiz, Türkiyədən 31 faiz artıb. 

Gələnlərə region üzrə nəzər salanda isə məlum olur ki, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 213,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 27,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4 faiz artaraq 76,2 min nəfər olub.

Bununla belə, ölkəmizə gələnlərin sayındakı artım özünü nağdsız ödənişlərdə ciddi şəkildə göstərməyib. Təkcə cari ilin yanvar-mart aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının (xarici bankların) emissiya etdiyi ödəniş kartları ilə 551,9 milyon manat dəyərində əməliyyat aparılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 0,4 faiz çoxdur.

Azərbaycana gələnlərlə bərabər, ölkədən gedənlərin sayı da maraqlıdır.

Rəsmi göstəricilərə görə, hesabat dövründə 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,2 faiz artaraq 493,1 min nəfər olub.

Ölkəmizdən gedənlər ən çox qardaş Türkiyəni seçiblər. Vətəndaşların 38,9 faizi Türkiyəyə, 24,1 faizi Rusiyaya, 9,4 faizi Gürcüstana, 7,8 faizi İrana, 19,8 faizi digər ölkələrə səfər edib.

Ölkədən gedənlər sayında ən çox artım şimal qonşumuz üzrə qeydə alınıb.  Belə ki, Rusiyaya gedənlərin sayı 1,8 dəfə, Gürcüstana 41,6 faiz, Türkiyəyə 5,5 faiz artıb.  İrana gedənlərin sayında isə 26,5 faiz azalma olub.

Ceyhun Piriyev, “İki sahil”