01 iyun 2023 00:38
423

Kişineu görüşü: Sülh sazişinə tamam, yoxsa davam?!

Bu sualın cavabı Moldovada «Avropa siyasi birliyi»nin ikinci Zirvə görüşü çərçivəsində keçiriləcək danışıqların nəticəsində bəlli olacaq

İyunun 1-də Kişineuda «Avropa siyasi birliyi»nin ikinci Zirvə görüşü çərçivəsində Avropa İttifaqının vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüş format baxımından əvvəlkilərdən fərqlidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin də iştirak edəcəyi danışıqlara Almaniya Kansleri Olaf Şoltsun və Fransa Prezidenti Emmanuel Makronun da daxil olacağı format yenidir. Ən əsası odur ki, Kişineu danışıqlarında iştirak edən Azərbaycanın mövqeyi ötən ilin oktyabrında Praqada keçirilən «Avropa siyasi birliyi» Zirvə görüşündəkindən daha güclüdür. Çünki Ermənistan Qarabağ da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə qəbul olunan , BMT tərəfindən təsdiqlənən 86,6 min kvadrat kilometr çərçivəsində ərazisini tanıdığını rəsmən bəyan edib. Bu ilin aprel ayının 23-də Laçında sərhəd-keçid məntəqəsi quraşdırmaqla ərazi bütövlüyünü de-fakto bərpa edən Azərbaycanın qətiyyəti Prezident İlham Əliyevin Laçına qayıdan keçmiş köçkünlərlə görüşündə söylədiyi « Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Birincisi, bu, qanunsuzdur. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Sadəcə olaraq, biz hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir başqa addım atmırıq və hesab edirəm ki, iki il yarım ərzində baş vermiş hadisələr artıq onları da oyatmalıdır, bu yuxudan, bu xülyadan ayıltmalıdır» sözlərdə əksini tapıb.
 Həmin görüşdə sülh müqaviləsinin imzalanması üçün elə bir ciddi maneənin qalmadığını diqqətə çatdıran dövlət başçımızın söylədiyi kimi , Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər çərçivəsində sərhədlərin delimitasiyasını aparmalı, qəbul olunmuş bəyanatlarda nəqliyyat infrastrukturunun bərpası barədəki şərtlərə əməl etməli, Zəngəzur dəhlisinin açılması ilə bağlı öhdəliyini yerinə yetirməlidir.

Qarabağ ermənilərinin reinteqrasiyasi ilə bağlı Azərbaycanın şərtlərini dəfələrlə diqqətə çatdıran Prezident İlham Əliyevin bildirdiyi kimi, etnik ermənilər Azərbaycan qanunlarına tabe olmalı və ölkə vətəndaşlığını qəbul etməlidirlər. Quldur separatçı rejimin Xankəndidə yaratdığı qondarma «parlament» və «prezident» təsisastları ləğv olunmalıdır. Bölgədə sabitliyin pozulması üçün yerləşdirilən terrorçu, silahlı dəstələr qeyd- şərtsiz Azərbaycan ərazisini tərk etməlidirlər. Qarabağ ermənilərinin məsələlərin müzakirəsi üçün iki dəfə Bakıya çağırış dəvətindən imtina etməsi, bu təklifin bir daha təkrarlanmayacağı da nəzərə alınmalıdır.

Kişineu görüşü ərəfəsində «Maksimalist mövqelərdən çəkinmək” lazımdır» çağırışını səsləndirən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan təkliflərinə həmişə müsbət münasibət göstərib.

Ümid edək ki, Kişineu görüşünün digər iştirakçıları da Azərbaycanın irəli sürdüyü haqlı tələbləri düzgün qiymətləndirəcək, Ermənistanı Almatı Bəyannaməsinə sadiq qalmağa dəvət edəcəklər.

May ayının əvvəlində ABŞ-da sülh müqaviləsi üzrə aparılan danışıqlardan sonra Brüsseldə, Moskvada baş tutan üçtərəfli görüşlərdə tərəflərin 1991-ci il Almatı Bəyannaməsinə uyğun Ermənistanın (29,800 kv. kilometr) və Azərbaycanın (86,600 kv. kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiq qalmaları Kişineu danışıqlarında sülh sazişinin imzalanması ilə bağlı ümidləri artırır.

O, da bəllidir ki, Brüsseldə sərhəd, əlaqələnmə, humanitar məsələlər və keçmiş Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi kimi mühüm məsələlərin müzakirəsi Ermənistanın revanşist qüvvələrini qane etməyib. Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın ikitərəfli sərhədin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olduğu barədəki açıqlaması separatçılar tərəfindən hiddətlə qarşılanıb. Amma zaman öz sözünü deyir: Ən çətin məsələlər də yalnız sülh, dialoq yolu ilə həll edilməlidir.

Xatırladaq ki, Kişineuda «Avropa Siyasi Birliyi»nin növbəti Zirvə görüşü çərçivəsində Avropa İttifaqının ən böyük ölkələrindən olan Fransanın Prezidenti Emmanuel Makronun və Almaniya Kansleri Olaf Şoltsun iştirakının nəzərdə tutulması format baxımından yenidir. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən görüş Azərbaycan diplomatiyasının uğuru kimi tarixə yazıldı. Kişineu formatına əlavə edilən, Azərbaycanla siyasi, iqtisadi, diplomatik əməkdaşlıqda maraqlı olan Almaniyanın Ermənistanla əlaqələri fərqlidir. Ermənistanın baş naziri kimi Almaniyaya səfəri zamanı Nikol Paşinyana göstərilən etinasız, qeyri-səmimi münasibət öz ölkəsində belə tənqid hədəfinə çevrildi. Formatın digər üzvü Fransanın müstəmləkəsi hesab etdiyi Ermənistana havadarlıq missiyası da, Cənubi Qafqazda sabitliyin yaranmasına, tərəflər arasında sülh müqaviləsinin imzalanmasına törətdiyi əngəllər də bəllidir. Fransa ilə Hayastanın iş birliyinin əsasında qaniçənlik, qəddarlıq, vəhşilik kimi qeyri-insani xislətlərin dayandığını qətiyyətlə pisləyən Prezident İlham Əliyevin əvvəllər söylədiyi «Azərbaycan xoş məram göstərərək, Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi. Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik» sözlərini Makron Kişineu görüşündə bir daha xatırlamalıdır. Fransa Prezidenti bilməlidir ki, Azərbaycanın sülh diplomatiyası ilə müqayisədə uydurulan yalan, cəfəngiyyat, başqalarının daxili işlərinə müdaxilə təsəvvürü yaradan siyasi təlxəylik dövrü arxada qaldı. Nikol Paşinyana tövsiyə kimi ingilis şairi, tənqidçisi, dramaturqu, ədəbiyyatşünası, bioqrafı Samuel Sonsonun bu sözlərini xatırladaq: « Gələcəyi satın ala biləcək gün bu gündür.» O günün yeri də tarixi də bəllidir: 1 iyun 2023-cü il, Kişineu şəhəri.

Xuraman İsmayılqızı, «İki sahil»