Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıtdılar. Dövlət başçısı cənab İlham Əliyev 28 may tarixində Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bu rayonda aprılan bərpa-quruculuq işlərinin fonunda bütün işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin aydın mənzərəsinin yarandığını bildirdi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.” Bu kimi tarixi məqamlar hər zaman bizləri bir daha 30 illik işğal dövrünün reallıqlarını yada salmağa çağırış edir. Bu baxımdan ki, 30 il torpaqlarımıza qovuşacağımız günü səbirsizliklə gözlədik. Azərbaycan dövlətinin bu istiqamətdə göstərdiyi səylər hər birimizə məlumdur. Qarşı tərəf hər vəchlə danışıqlar prosesini uzatmağa can atır, müxtəlif bəhanələrlə bu danışıqlardan yayınırdı. Cənab İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bu məqamlara xüsusi diqqət yönəltdi. “Siz yaxşı bilirsiniz, mən uzun illər ərzində çalışırdım ki, biz bu işğala danışıqlar yolu ilə son qoyaq. 20 ilə yaxın apardığım danışıqlar bunu bir daha göstərir” söyləyən dövlət başçısı onu da vurğuladı ki, bütün Azərbaycan xalqı, dünya ictimaiyyəti də yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi. Sadəcə olaraq, görüntü naminə belə bir təklif irəli sürürdü ki, guya onlar beş rayonu qaytarmağa hazırdırlar, ancaq Laçın və Kəlbəcər onların əlində həmişəlik qalmalıdır. Biz heç vaxt bununla razılaşa bilməzdik. Azərbaycan dövləti ən yüksək tribunalardan dəyişməz mövqeyini bəyan etdi. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. 30 il aparılan danışıqlar da Azərbaycanın mövqeyindən bir addım belə geri çəkilmədiyinin nümayişidir. Münaqişənin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu istisna edilmədi. Bu gün qürurla qeyd edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz bizə Zəfər sevincini yaşatdı. Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Güclü ordumuz var. Bu ordu düşməni 44 gündə diz çökdürdü və torpaqlarımızdan qovdu. Gənclərimiz vətənpərvərlik, milli ruhda böyüyərək bu sevgilərini canları, qanları ilə tarix yazmaqla sübut etdilər.
Cənab Prezidentin apardığı peşəkar, qətiyyətli, diplomatik siyasət nəticəsində cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.
Ölkə Prezidentinin Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Laçında qısa zamanda, 8 ay ərzində görülən işlərin miqyası o qədər böyükdür ki, bu, sonda ilkin mərhələ olaraq laçınlıların Laçın şəhərinə qayıdışına yol açdı. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərində çıxışı zamanı bildirdi ki, cari ilin sentyabr ayına qədər Zabux kəndi də tamamilə inşa edilib zabuxluların sərəncamına veriləcək. Laçınlıların Laçın şəhərinə məhz may ayında qayıdışının digər rəmzi mənası rayonun may ayında işğal edilməsidir. 1992-ci ilin mayında rayon işğal altına düşdü, 31 il sonra laçınlılar Laçına qayıtdı. Artıq xalqımız mərhələli şəkildə həyata keçirilən qayıdışın sevincini yaşayır. Dünya bir daha bu torpaqların sahibinin kim olduğunu görür. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistana ünvanladığı mesajları ilə bir daha bu reallığı təsdiqləyir ki, sülh müqaviləsinin imzalanması qaçılmazdır. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz.
Bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır. İkinci Qarabağ müharibəsindən keçən dövr gələcək üçün çox önəmli idi. Bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Müharibə bitib, mübahisəli məsələ delimitasiya şərtləridir. Cənab Prezidentin qeyd etdiyi kimi, delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır. Sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır. Son günlərin diplomatik danışıqları göstərir ki, proseslər Cənab Prezidentin irəli sürdüyü delimitasiya şərtlərinin həllinə aparır və bu istiqamətdə mühüm işlər görülür.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Bakıda "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib