Hər bir vədini əməli işi ilə təsdiqləyən, qalib Liderə xalqın sevgisi sonsuzdur
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bir daha bəyan etdi ki, Zəfərimiz əbədi olacaq və gənc nəsil bu Zəfərin qüruru ilə yaşayacaq
Ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 20 iləyaxın dövrdə uğurlu davamının nəticələri göz önündədir. Azərbaycan dayanıqlı və davamlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycana hansı sahədən diqqət yetirsək böyük inkişafın, tərəqqinin, yeniliyin şahidi oluruq. İqtisadi tərəqqi ordu quruculuğu sahəsində mühüm addımların atılmasına yol açdı. İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyildi və bu gün də deyil.

Son illərin mühüm uğurlarından biri kimi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. Azərbaycan xalqının başı uca, alnı açıqdır. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. İşğal altında olan torpaqlarımız azad olunub, öz tarixi sahibinə qayıdıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən daim bildirir ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Bu gün Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üxvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində və çıxışlarında qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.
Prezident İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualına cavabını yada salmaq istərdik. Dövlət başçısı bildirmişdir: “Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.»
Ölkə Prezidenti bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik - siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir: «Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.”»

Müzəffər Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu.
Bu Qələbə gözlənilən idi. Hər kəs Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idi. Çünki dövlətimizin başçısı İlham Əliyev möhkəm təmələ əsaslanaraq elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. Bu illər ərzində Prezident İlham Əliyev keçmiş ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlara sadiqlik nümayiş etdirməklə, Ermənistanın bu prosesdəki imitasiyasını böyük səbirlə izləməklə yanaşı, ordu quruculuğu məsələlərini xüsusi diqqət mərkəzində saxladı. Ordu quruculuğu İlham Əliyevin inkişaf siyasətinin xüsusi prioritetlərindən birini təşkil edib. Bu məqsədlə inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və texnikalar alınaraq ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilib. "Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu sahə daim diqqət mərkəzində olacaq.
Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Bu qələbəni 3 mindən artıq şəhidin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdırlar.
2020-i il dekabrın 10-da Vətən müharibəsində Qələbəyə həsr olunmuş hərbi parad keçirildi. Xalqımız bu paradı böyük ruh yüksəkliyi ilə gözləyirdi. Qalib ölkənin xalqı olaraq Müzəffər Ordumuzun Azadlıq meydanında izləmək qürurverici idi. Azadlıq Meydanında keçirilən hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirildi. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu.
Xalq-Prezident-Ordu birliyi sayəsində əldə olunan Zəfərimiz Azərbaycanın qarşısında daha böyük imkanlar yaradır. Əsas olan budur ki, biz məğrur, öz tarixinə sahib çıxan, bir qarış belə torpağını düşmənə verməyən, mübarizəsindən geri dönməyən xalq olduğumuzu nümayiş etdirdik. Bu qürur qarşıdakı dövr üçün stimulverici amil rolunu oynayır. Son bir ilin uğurları bunu deməyə əsas verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza qalib ölkənin qalib Prezidenti kimi səfər etməsi böyük qürurdur. 30 il işğal altında qalan, amma heç zaman əyilməyən, qürurunu sındırmayan torpaqlarımız bu gəlişdən sevincli, toy-büsatlı olur. Ali Baş Komandanın qeyd etdiyi kimi, biz bu torpaqlardayıq və əbədi olacağıq.

28 May-Müstəqillik Günündə Laçın şəhərinə qayıdış tariximizin yadda qalan və qürurverici səhifəsi oldu. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhəri sakinlərini böyük sevgi, coşğu ilə qarşıladı. Dövlət başçısı İlham Əliyev Laçına qayıdan əhali ilə görüşündə bu məqamı xüsusi qeyd etmişdir ki, görüşün məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir.
Hər bir vədini əməli işi ilə təsdiqləyən, qalib Liderə xalqın sevgisi sonsuzdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin laçınlılarla görüşündə səsləndirdiyi “ 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Mən adətən öz ad günlərimi, o cümlədən yubiley sayılan ad günlərimi qeyd etmirəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Əminəm ki, hamımız bu gün xoşbəxtlik içində yaşayırıq. Böyük nikbinliklə yaşayırıq. Qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi bizim əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq və gənc nəsil, uşaqlar, bax, bu Zəfər qüruru ilə yaşayacaqlar” fikirlər keçilən yolun və qarşıdakı hədəflərin ümumiləşdirilmiş ifadəsidir.
Yeganə Cəlilqızı, "İki sahil"
Bakıda "Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına" mövzusunda konfrans keçirilib