04 iyun 2023 13:53
937

“Heydər Əliyev İli” çərçivəsində Bakı Enerji Forumunun xüsusi sessiyası Naxçıvan şəhərində təşkil olunub - FOTO

“Bakı Enerji Həftəsi-2023” çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində Naxçıvan şəhərində təşkil olunan xüsusi sessiyanın iştirakçıları ilk öncə Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində tədbir iştirakçıları ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirilib.

Daha sonra Azərbaycan Respublikasının dövlət qurumlarının, Naxçıvan Muxtar Respublikasının aidiyyəti strukturlarının, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin, Bakı Enerji Forumuna qatılan xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan Naxçıvan xüsusi sessiyası işə başlayıb.

Sessiya iştirakçıları muxtar respublikada fəaliyyət göstərən emal və xidmət müəssisələri tərəfindən istehsal olunan məhsulların nümayiş olunduğu stendlərlə tanış olublar.

Xüsusi sessiya SOCAR-ın mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə Naxçıvan Biznes Mərkəzində keçirilib.

Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin anadan olduğu Naxçıvanda salamlamaqdan məmnunluq hissi duyduğunu bildirib və xüsusi sessiyanın işinə uğurlar diləyib.

Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır vəziyyətdən bəhs edən F.Nəcəfli məhz Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın bu ağır sınaqdan şərəflə çıxdığını vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının, “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin hərtərəfli inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Sonra Naxçıvanın yaşıl enerji potensialından bəhs edən videoçarx nümayiş etdirilib.

Panel müzakirələrində çıxış edən Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvanın "yaşıl enerji" marafonuna qoşulduğunu söyləyib. Nazir Naxçıvanda "yaşıl enerji zonası"nın inkişafı üçün Konsepsiyanın hazırlandığını və əlverişli günəş radiasiyasına malik Naxçıvanın bu məqsədin həyata keçirilməsi üçün ideal ərazi olduğunu vurğulayıb.

Muxtar Respublikanın elektrik enerjisi tələbatının üçdəbirinin bərpa olunan enerji hesabına ödəndiyini qeyd edən Pərviz Şahbazov Naxçıvanda 1500 MVt gücündə yaşıl enerji layihələrinin reallaşdırılmasının hədəfləndiyini bildirib: “Bu gün burada “TotalEnergies” və “Nobel Energy Management” MMC şirkətləri ilə ümumi gücü 900 MVt olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq".

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bu il Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini bildirib. O, Ümummilli Liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir çox tədbirlərin, Bakı Enerji Forumu çərçivəsində xüsusi sessiyanın Ulu Öndərin anadan olduğu Naxçıvanda keçirildiyini vurğulayıb.

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiyanın Naxçıvan şəhərində təşkil olunmasının əhəmiyyətindən bəhs edən SOCAR prezidenti Naxçıvanın zəngin bərpa olunan enerji potensialına malik olduğunu, bu sahənin inkişafının ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə və karbon emissiyasının azaldılmasına mühüm töhfə verəcəyini vurğulayıb.

“Yaşıl enerji”yə keçidin bu gün müasir dövrün əsas çağırışlarından biri olduğunu qeyd edən Rövşən Nəcəf SOCAR-ın uzunmüddətli korporativ hədəflərindən danışıb, bu xüsusda enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələrinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyini, SOCAR-ın quruda və dənizdə bərpa olunan enerji mənbələri ilə bağlı potensial imkanları mütəmadi olaraq araşdırdığını və nəzərdən keçirdiyini diqqətə çatdırıb.

Azərbaycanın möhtəşəm enerji tarixinin bir hissəsi olmaqdan böyük qürur duyduğunu bildirən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bundan sonra da ölkənin enerji gələcəyinin formalaşmasına dəstək verməyə hazır olduqlarını ifadə edib. Qəri Counz Azərbaycanın, xüsusən Naxçıvan və Şərqi Zəngəzurun böyük günəş, geotermal, hidroenergetika və külək potensialı ilə seçildiyini, bu rəngarəngliyin xalis sıfır enerji sistemi üçün ideal imkan yaratdığını, ölkənin etibarlı enerji tərəfdaşı kimi bp-nin bu potensialı maksimum dərəcədə inkişaf etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

“TotalEnergies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut çıxışında Naxçıvan və Şərqi Zəngəzur regionları da daxil olmaqla Azərbaycanın zəngin bərpa olunan enerji potensialına malik olduğunu bildirib. Regis Agut “TotalEnergies”in iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində yaşıl enerji istehsalının artırılması kimi ümumi hədəflərinə töhfə vermək məqsədilə Azərbaycanla potensial günəş və külək enerjisi layihələri üzrə tərəfdaşlıq etməyə hazır olduqlarını ifadə edib.

“China Energy International Group Co.Ltd” şirkətinin baş vitse-prezidenti Xiaodan Lin Naxçıvan və Şərqi Zəngəzurun günəş enerjisi potensialından bəhs edib, bu regionların Azərbaycanda günəş enerjisi layihələrinin inkişafına töhfə verəcəyini vurğulayıb. O, həmçinin, Abşeron yarımadasının sahilyanı ərazilərində nəhəng külək enerjisi potensialının olduğunu qeyd edib, bu xüsusda yaşıl enerji potensialının inkişafı ilə Azərbaycanın qonşu ölkələri bərpa olunan enerji ilə təmin edə biləcəyini ifadə edib.

Tədbir çərçivəsində SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında Əməkdaşlığa dair Saziş imzalanıb. Saziş Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji layihələrinin inkişafını, tərəflər arasında təcrübə mübadilələrinin təşkilini, texniki və maliyyə cəhətdən potensial layihələrin reallaşdırılması üçün optimal yanaşmanı və digər məsələləri nəzərdə tutur.

Azərbaycan Respublikasının Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında “250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Management” MMC arasında “Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Daha sonra tədbir iştirakçıları üçün mədəni proqram təşkil olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olan qonaqlar Ulu Öndərin sevdiyi və Ümummilli Liderə həsr olunan musiqili kompozisiyalardan ibarət konsert proqramını izləyiblər.

Tədbir çərçivəsində, həmçinin Naxçıvanın tarixi-memarlıq abidələrinə, o cümlədən, “Naxçıvanqala”ya və “Möminə Xatun” türbəsinə tur təşkil edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Orxan Vahidoğlu, "İki sahil"