04 iyun 2023 21:36
378

Bişkekdə "Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa” kitabı nəşr edilib

Qırğızıstanın paytaxtı Bişkek şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə daha bir layiqli töhfə olan “Müzəffər Ali Baş Komandan: Sən azadsan, əziz Şuşa” adlı kitab nəşr edilib.

“İki sahil” xəbər verir ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə nəşr edilən kitab 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti ilə başlayır. Kitabda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müsahibələri, bəyanatları, görüşləri və digər materiallar xronoloji ardıcıllıqla verilib.

Yüksək poliqrafik üslubda işıq üzü görən 532 səhifəlik bu kitab uzun illərdir Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən hazırlanaraq çap edilib. Qeyd edək ki, Orta Asiya regionunda Azərbaycan tarixinin, mədəniyyətinin və ədəbiyyatının tədqiqi və təbliği sahəsində səmərəli fəaliyyət göstərən bu Fondun rəhbəri böyük vətənpərvər və xeyriyyəçi Nüsrət Məmmədovdur. Kitabı tərtib edən tanınmış jurnalist Vəli Əkbərdir.

Xatırladaq ki, kitabın ilk təqdimatı Şuşada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr edilən “Planetlə dialoq” adlı filmin premyerası zamanı bir neçə gün əvvəl işıq üzü görmüş “Xalqa bağışlanmış ömürdən anlar” kitabı ilə birgə keçirilməsi nəzərdə tutulur.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu öz ənənəsinə sadiq qalaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu 150-ci kitabını da ödənişsiz yayacaq.

“Uluu Toolor” tərəfindən buraxılan kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.