09 iyun 2023 16:20
904

"Azəriqaz" istilik effekti yaradan qazların atmosferə atılması hallarını xeyli azaldıb - VİDEO

İyunun 9-da  SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB)  mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.

Tədbirdə İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, 2023-cü ilin 5 ayı ərzində müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan ümumilikdə 5474 müraciət daxil olub.

Onun sözlərinə görə, 2548  müraciət «Opentext» proqramı vasitəsilə, 2926 müraciət isə elektron formada daxil olub: «Opentext» proqramı vasitəsilə daxil olmuş müraciətlər 2022-ci ilin 5 ayı ilə müqayisədə 186 müraciət az təşkil edib. Müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması,  qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.»

«Azəriqaz» İB-nin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib ki,  Birliyin fəaliyyət zamanı istilik effekti yaradan qazların (İEYQ) atmosferə atılması halları qaçılmazdır: «Əməkdaşlarımız bu halların azaldılması üçün son illərdə əhəmiyyətli işlər həyata keçiriblər. Belə ki, 2022-ci ildə Birlik tərəfindən  İEYQ-ların miqdarı üçün hədəf 167,0 min ton CO2  ekvivalenti (karbon ekvivalenti) qəbul edilsə də görülən tədbirlər nəticəsində bu göstərici 9,3 vahid azalaraq 157,7 min tona endirilmişdir.  Onu da qeyd edək ki, bu azalma hətta 2022-ci il ərzində qaz istehlakının əvvəlki illərlə müqayisədə artmasına rəğmən reallaşmışdı. Biz bu uğurlara  istismar müddəti bitmiş yeraltı və yerüstü qaz kəmərlərinin yenilənməsi və  təmir edilməsi sayəsində nail ola bildik.»

İlkin Behbudov vurğulayıb ki, 2022-ci ildə Birlik tərəfindən SOCAR-ın Tullantıların İdarə Edilməsi Mərkəzinə 22,78 ton müxtəlif növ tullantı təhvil verilib. O cümlədən digər aidiyyəti qurumlara 694,6 ton qara metal və 98,86 ton əlvan metal qırıntısı təhvil verilmişdir: «2023-cü ilin keçən dövrü ərzində isə Tullantı Mərkəzinə cəmi  291,2 ton istehsalat tullantısı təhvil verilmişdir. Bundan başqa, Birlik rəhbərliyi  «Azəriqaz» ətraf mühitin və ekologiyanın dostudur» devizi ilə digər işlər həyata keçirir. Belə ki, Birliyin fəaliyyətində  insanların sağlam təbii mühitdə yaşaması üçün yaşıllaşdırma və abadlaşdırma işlərinin həyata keçirilməsi də həmişə önəmli yer tutmuşdur. Belə ki, 2022-ci il ərzində Birliyin bütün struktur təşkilatlarının iştirakı ilə 5000 ədəd ağac tingləri, dekorativ kol və güllər əkilmişdir. Ənənəvi iməciliklər zamanı mövcud iri ağacların gövdəsi ağardılmış, ərazilərdə təmizlik-abadlıq işləri görülmüşdür. Həmçinin  «Heydər Əliyev İli» ilə əlaqədar bu il «Azəriqaz» İB-nin əməkdaşları tərəfindən 1923 ədəd həmişəyaşıl ağac əkilmişdir.»

Elçin Zaman, "İki sahil"