09 iyun 2023 16:11
565

"Azəristiliktəchizat" ASC-də Ümummilli Lider Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbir keçirilib FOTO

"Azəristiliktəchizat" ASC-də dahi siyasətçi və qüdrətli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə  Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini yad edib, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə iştirak ediblər.

Tədbiri giriş sözü ilə "Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev  açaraq ölkəmizdə  istilik təchizatı sistemlərinin inkişaf tarixi, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bu sahədə görülən genişmiqyaslı işlər haqqında ətraflı məlumat verib. İlham Mirzəliyev istilik təchizatı sistemlərinə dair bəzi arxiv materiallarını da ilk dəfə olaraq iştirakçıların diqqətinə çatdırıb.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin, ölkənin enerji strategiyasının əsaslarının formalaşdırılmasındakı rolu barədə danışmış, Ümummilli Liderin irsinin öyrənilməsinin daha  da gücləndirilməsi baxımından tədbirin mühim əhəmiyyət kəsb etdiyini bildirib.

Rafiq Quluyev qeyd edib ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan, Ümummilli Lider  Heydər Əliyevin böyük dövlət idarəçiliyi irsi və təcrübəsi ölkəmiz üçün yeni mütəxəssislərin yetişdirilməsində müstəsna rola malikdir.

Rafiq Quliyev çıxışında  Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının şərti səciyyə daşıdığını, bu böyük şəxsiyyətin ideyaları və əməllərinin hər hansı bir məhdudiyyət tanımadığını, nə qədər ki  müstəqil Azərbaycan dövləti var Heydər Əliyevin ürəklərdə yaşayacağını bildirib.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan Ulu Öndər  Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını vurğulayıb.

O da qeyd edilib ki, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi.

Tədbirdə çıxış edənlər  "Azəristiliktəchizat" ASC-nin yaradılmasının 18-ci ilinin tamam olduğunu da öncə çəkərək  bu münasibətilə kollektiv üzvlərini təbrik edib, Cəmiyyətin qarşısında duran məsuliyyətli vəziflərin icrasında uğurlar arzulayıblar.

Tədbirin sonunda "Azəristiliktəchizat" ASC-də səmərəli və uğurlu fəaliyyət göstərən bir qrup  əməkdaş rəhbərlik tərəfindən mükafatlandırılıb.