XXI əsrin ən ağır problemləri sırasında qalmaqda olan dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən Fərman və Qanunlar verilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş konvensiya və sazişlərə qoşulmuşdur.
Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2006-cı ilədək “Ümummilli Proqram” və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.
Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin daha da genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın əhatə dairəsinin daha da artırılması dövlət başçısının, daim diqqət mərkəzindədir. Narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədi ilə yaradılmış Dövlət Komissiyası və onun İşçi Qrupu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. Cənab İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunu narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair Proqram”ının (2019-2024-cü illər üçün) təsdiq edilməsi barədə Sərəncamını rəhbər tutaraq illik fəaliyyət planı hazırlanmış aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT ilə birlikdə profilaktik tədbirlər həyata keçirmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılmasının qarşısının alınması işlərinin, maarifləndirmənin gücləndirilməsi məqsədilə Komissiya və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Rayon Prokurorluğu, Narkoloji Dispanserin əməkdaşlarının, Rayon Gənclər və İdman İdarəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonun tam orta məktəblərinin şagirdləri arasında “Narkomaniyaya yox deyək”, “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda dəyirmi masalar, seminar-müşavirələr keçirilmişdir. Tədbirlərdə narkomaniyaya aid videoçarxlar nümayiş etdirilmiş, şagirdlərə bukletlər paylanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. İcra Hakimiyyətinin akt zalında “Narkomaniya ilə mübarizə həftəsi” çərçivəsində “Narkomaniyaya qarşı mübarizə sağlam gələcəyin təminatıdır” mövzusunda hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Milli Məclisin deputatlarının iştirakı ilə müşavirə keçirilmişdir. Tədbirdən öncə rayon gənclərinin “Narkomaniyaya yox!” mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş edilmişdir.
Rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana cəlb edilməsi, xoşagəlməz vərdişlərdən qorunması üçün qabaqlayıcı tədbirlər olaraq Rayon İcra Hakimiyyəti tərəfindən, “İDEA” İctimai Birliyi tərəfindən “Bizim həyət” və “Abad həyət” layihələri çərçivəsində abadlaşdırılmış nümunəvi məhəllələrdə idman, mini futbol meydançaları, müxtəlif idman qurğuları quraşdırılmış və bu işlər mərhələli şəkildə davam etməkdədir.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin dəstəyi və iştirakı ilə “Gənclər sağlam həyat tərzi seçir”, “Narkomaniyaya yox deyək” devizi altında ali və orta ixtisas təhsil müəssisələrində komandalar arasında basketbol, mini-futbol, dama üzrə rayon turnirləri, “Sağlam həyat naminə narkotikə yox deyək!” devizi altında rəsm və inşa yazı müsabiqəsi keçirilmişdir. Bundan başqa ”Özünə inan, həyatı sev, narkotiklərə yox de!” adı ilə çap olunmuş məlumat xarakterli vərəqlər və fotoalbomlar yaşayış binaların girişlərində yerləşdirilmişdir.
Şəhər narkoloji dispanserin Yasamal rayonu üzrə bölməsinin əməkdaşları fəaliyyətlərini əsasən narkomaniyanın profilaktikasına və müalicə işinə yönəltmişlər.
Müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını məhvetmə üzrə rayon komissiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə dair daxil olmuş məhkəmə hökmləri və icra vərəqələrinə əsasən maddi sübut kimi tanınmış az miqdarda narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını məhv etməsi tədbirləri qanunveriliciliyə uyğun həyata keçirilmişdir.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən işlər görülmüşdür. 2023-cü ilin 5 ayı ərzində RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 160 fakt aşkarlanmışdır ki, bunlardan 27 fakt satış məqsədilə olmuşdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik maddələrdən 17 kq 787.857 qram heroin, 974.24 qram marixuana, 37.118 qram metamfetamin, 40.599 qram tiryək olmuşdur.
Yasamal Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası rayon əhalisi, xüsusilə gənclər və yeniyetmələr arasında narkomanlıqla bağlı maarifləndirmə işlərinin səmərəliliyinin artırılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi məlum Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur və bu istiqamətdə əməli, praktiki tədbirlər davam etdirilməkdədir.
Hüseyn Əfəndiyev,
Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri