25 mart 2016 17:50
181

Stokholmda “Eurovision-2016”ya geri sayım mərasimi keçirilib

İsveçin paytaxtı Stokholmda “Eurovision-2016” mahnı müsabiqəsinə geri sayım mərasimi keçirilib.

Mərasimdə Stokholmun meri Karin Vanqard çıxış edərək bildirib ki, milli, dil, yaxud mədəni sərhədlərin varlığına baxmayaraq, musiqi insanları birləşdirir. Musiqinin bu missiyası hazırda çox vacibdir. Biz müsabiqəni qəbul etməyə və Stokholmda bütün Avropanı səmimi qarşılamağa çox şadıq.

Geri sayım üçün isveçli ustalar parıldayan, uzaqdan baxdıqda yüngül, tüklü zəncirotunu xatırladan çiçəklərlə bəzədilmiş, kürə şəkilli xüsusi konstruksiya düzəldiblər. Bu konstruksiyanın yaradıcıları rəmzi mənada mütəhərrikliyi, dözümlülüyü, habelə yenidən doğuluşu ehtiva edən zəncirotundan ilham aldıqlarını deyirlər. Konstruksiyanın diametri 4, bütün instalyasiyanın hündürlüyü isə 8,5 metrdir. Nəhəng “zəncirotu”nun altında monitor quraşdırılıb. Monitorda müsabiqənin başlanmasına qalmış günlər və saatlar əks olunub. Geri sayım bitdikdə instalyasiya mahnı müsabiqəsinin keçiriləcəyi “Qloben-Arena”ya köçürüləcək.

Xatırladaq ki, “Eurovision-2016”nın ilk yarımfinalı mayın 10-da, ikinci yarımfinal 12-də, final isə 14-də keçiriləcək. Müsabiqədə Azərbaycanı “Miracle” kompozisiyası ilə müğənni Səmra Rəhimli təmsil edəcək.