13 iyul 2023 01:50
677

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər ölkəmizin qanunlarına ciddi riayət etməlidirlər

Təbiətimizi zəhərləyənlərin cəzası ağır olmalıdır

Təxminən 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini ekoloji fəlakət zonasına çevirən təcavüzkar Ermənistan Qarabağın və Şərqi Zəngəzurun flora və fauna aləminə, meşələrinə misli-bərabəri görünməmiş ziyan vurub, kənd təsərrüfatı sistemini tamamilə darmadağın edib. İşğal altında olan ərazilərdə iri heyvanlar minaya düşərək məhv olub. Həmçinin təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsi davam etmişdir. Hamımız yaxşı bilirik ki, Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədən müəssisələri-Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzun müddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir.  

Hayastan postmüharibə dövründə də Azərbaycana qarşı ekoloji terroru davam etdirir. Təcavüzkarlıqdan əl çəkməyən bu ölkənin indi də Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasını planlaşdırması bunun əyani təsdiqidir. Gizli deyil ki, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır.

Şübhəsiz, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalı, tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

Bütün bunlar ictimaiyyətimizi ciddi narahat edir. Belə ki, məsələ ilə bağlı iyunun 8-də Azərbaycanda fəaliyyət göstərən ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat yayıblar. QHT-lər başda BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin ətraf mühit üzrə xüsusi məruzəçisi, BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi olmaqla, müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıb.

Bir müddət əvvəl isə ölkəmizin vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekoloqları və gənc fəalları Laçın-Xankəndi yolunda respublikamızın təbii sərvətlərinin Ermənistan tərəfindən qeyri-qanuni istismarı, həmçinin ekoloji vəziyyətlə bağlı ilkin monitorinq məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Birmənalı demək lazımdır ki, bütün bunların fonunda son günlər Gədəbəy rayonun Söyüdlü kəndində baş vermiş hadisə tamamilə qəbuledilməzdir. Belə ki, iyunun 20-də Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında xoşagəlməz hadisələr baş verib. Söyüdlüdə baş verənlərlə bağlı vəziyyətin araşdırılması üçü ölkə başçısının tapşırığı ilə komissiya yaradılıb.

Bütün bunlar öz yerində. Ancaq burada düşündürücü bir məqam var. Görəsən, bu müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxıb? Niyə bu məsələ ilə bağlı öz vəzifələrini layiqincə icra etməyib? Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib: “İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil. Düzdür, vətəndaşların bir hissəsi təxribatçıların fitnəsinə uyaraq ədəbsiz hərəkətlər ediblər, qanunsuz hərəkətlər ediblər və bu da dözülməzdir, qəbuledilməzdir. O təxribatçıların bəziləri Azərbaycanda, bəziləri xaricdə gizlənir. Azərbaycandakılar artıq müəyyən edildi və bir neçəsi məsuliyyətə cəlb olunmuşdur”. 

Bir məsələni də xüsusilə qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər də ölkəmizin qanunlarına ciddi riayət etməlidirlər.

Qətiyyətlə demək olar ki, Söyüdlü kəndində baş verən hadisələr zamanı Azərbaycan polisinə qarşı yol verilən hərəkətlər də qəbuledilməzdir. Vətəndaşlarımız dərk etməlidirlər ki, əgər polis dözümlülük göstərirsə, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Hamımız yaxşı bilirik ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında polisin müstəsna rolu vardır. Söyüdlüdəki hadisələr zamanı polis çox ləyaqətli şəkildə davrandı. Bunu inkar edənlərə Qərb ölkələrində polisin insanlarla necə qəddar şəkildə davrandıqlarını xatırlatmaq istərdik. Bir müddət əvvəl ABŞ-da qaradərili Corc Floydun polis zorakılığı nəticəsində - boğularaq həyatını itirməsi, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi dediklərimizin əyani təsdiqidir.

Nəhayət, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq istəyən daxili və xarici qüvvələr bir daha başa düşməlidirlər ki, Azərbaycanda xaos, özbaşınalıq, təxribat xarakterli addımlar 1993-cü ildə başa çatıb. Bütün bunları anlamaq istəməyənlər, ölkəmizi xaos və anarxiya girdabına sürükləməklə bulanıq suda balıq tutmaq istəyənlər qanun qarşısında cavab verərək öz layiqli cəzalarını alacaqlar.

Zahid Rza, “İki sahil”