02 aprel 2016 18:18
433

Azərbaycan-Çin mədəni əlaqələri yeni mərhələyə qədəm qoyub

Azərbaycan-Çin ikitərəfli münasibətlərinin inkişafı əməkdaşlığın bütün sahələrində, o cümlədən mədəni istiqamətdə səviyyə və keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyması ilə müşahidə olunur.

Bu fikir Azərbaycanın Çindəki səfiri Lətif Qəndilovun bu ölkənin Mədəniyyət Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi Sie Cinin ilə görüşündə səslənib.

Səfir L.Qəndilov bildirib ki, mədəniyyət sahəsində əlaqələrin inkişafı ilə bağlı qarşılıqlı səylərin göstərilməsi təqdirəlayiqdir. O, ölkəmizdə son illər böyük mədəni tədbirlərin keçirildiyini qeyd edib. Bu cür tədbirlərdə qədim və zəngin mədəni irsə malik olan Çin nümayəndələrinin iştirakının həmişə məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Səfir cari ilin mayında Bakıda keçiriləcək milli və klassik rəqslər üzrə beynəlxalq müsabiqədə, eləcə də iyulda Şəkidə təşkil edilməsi nəzərdə tutulan şirniyyat festivalında iştirak üçün çinli nümayəndələrin dəvət olunduğunu bildirib və bununla bağlı dəvət məktublarını təqdim edib.

Bundan başqa, səfir L.Qəndilov Çində azərbaycanlı rəssamların əsərlərindən ibarət rəsm sərgisinin təşkilinə dəstək verilməsini xahiş edib. Diplomat ənənəvi “Pekində görüş” festivalı çərçivəsində ötən il Azərbaycan və Çin musiqiçilərinin birgə təqdim etdiyi simfo-muğam konsertinin anşlaqla keçdiyini xatırladaraq, bu il də ölkəmizdən musiqi qruplarının festivalda iştirakının mümkünlüyü ilə maraqlanıb.

Səfir Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasının 15 illiyi ilə əlaqədar cari ilin iyulunda keçiriləcək xor festivalına Azərbaycan ifaçılarının dəvət edilməsinə görə təşəkkür edib.

Çin Mədəniyyət Nazirliyinin idarə rəisi Sie Cinin iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Azərbaycan səfirliyinin fəaliyyətini müsbət qiymətləndirib. O, Azərbaycanda keçiriləcək mədəni festivallarda iştirak ilə bağlı dəvətə görə təşəkkür edərək, Çin incəsənət ustalarının həmin tədbirlərdə iştirakı üçün müvafiq addımlar atılacağını bildirib.