02 avqust 2023 00:49
997

Müharibə veteranlarına növbəti SOSİAL DƏSTƏK

Vətən uğrunda döyüşlərdə iştirak edənlərin təhsil haqqı 2023-2024-cü tədris ilindən dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək

Şəhid ailələrinin və Qarabağ qazilərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu kateqoriyadan olan insanlar həmişə dövlətin qayğısı altındadır. Heç şübhəsiz, Vətənin müdafiəsində, torpaqlarımızın işğaldan azad edilməsində canından və sağlamlığından keçən insanların ailəsinə xüsusi diqqət və qayğı göstərilməsi həm dövlətin, həm də cəmiyyətin vəzifəsi, borcu və şərəf işidir. Dövlətin gördüyü sosial müdafiə tədbirləri çoxşaxəlidir, şəhid ailələri 20 adda, müharibədə əlil olan şəxslər 14 adda təminat və sosial qayğı ilə əhatə olunublar.

Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən Vergi Məcəlləsinə dəyişikliklərdə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Məcəlləyə dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir vergidən azad edilib. Digər bir dəyişiklik isə şəhid ailələrinə və qazilərə verilən maddi yardımla bağlıdır. Belə ki, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunublar. Bu da şəhid ailələrimizin və qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənmiş bir addımdır. Bu addımlar bir daha Azərbaycan Prezidentinin və dövlətinin həmin kateqoriyadan olan insanlara göstərdiyi diqqətinin bariz nümunəsidir.

Hazırkı dövrə kimi Azərbaycan dövləti tərəfindən şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu kateqoriyadan olan şəxslər hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir. Eyni zamanda, şəhidin vərəsələrinə, müharibə əlillərinə sığorta ödənişi və digər ödəmələr həyata keçirilir. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları təhsil haqqı ödəməkdən azad olunublar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) bu kateqoriyadan olan şəxslərə üstünlük verilir, eləcə də onların məşğulluğunun təmin edilməsi məqsədilə bütün işəgötürənlər üçün məcburi kvota müəyyən edilib. Bundan başqa, şəhid ailələrinin üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. bir sıra güzəştlər də nəzərdə tutulub. Beləliklə, şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

Şəhid ailələri və veteranlar hər zaman Prezident, Ali Baş Komandanımızın siyasətini dəstəkləyib, onun ətrafında sıx birləşərək dövlət maraqlarımızın, milli maraqlarımızın müdafiəsində iştirak edib. Veteranlarımız bundan sonra da ərazi bütövlüyümüzü təmin edən, erməni işğalına son qoyan, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün fədakarlıq göstərən Prezident İlham Əliyevin siyasətini dəstəkləyəcək, dövlətimizin, onun maraq və mənafelərinin müdafiəsində əllərindən gələni əsirgəməyəcəklər.

Dövlət başçısı iyulun 27-də “Sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra şəxslərin təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi mexanizminin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, müharibə veteranlarının təhsil haqqı 2023-2024-cü tədris ilindən, yəni sentyabrın 1-dən etibarən dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

Ümumiyyətlə, ölkəmizdə şəhid ailələri və veteranlara dövlətimiz tərəfindən daim böyük qayğı və diqqət göstərilir, onların sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu baxımdan, yaxın gələcəkdə də mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bunlardan biri bütün şəhid ailələrinin və əlillərin qarşıdakı 5 il ərzində mərhələli şəkildə mənzillə təminatı ilə bağlıdır. Bununla bağlı cənab Prezidentin müvafiq Sərəncamı mövcuddur və əlaqədar qurumlar bu Sərəncamdan irəli gələn vəzifələrin həlli ilə məşğuldurlar. Şəhidlərin ailə üzvlərinin, müharibə veteranlarının təhsil haqqından azad edilməsi, onlara verilən çoxsaylı imtiyazlar dövlətimizin öz şəhidlərinə, onların ailə üzvlərinə, əlil və veteranlarına sahib çıxdığını, vətəndaşlarımızın rifahını yaxşılaşdırmaq üçün mütəmadi surətdə ciddi addımlar atdığını göstərir.

Cavid Əkbərov, “İki sahil”