Bir zamanlar Fransa dünyada, eləcə də ölkəmizdə demokratiyanın beşiyi kimi tanınardı. Amma son 30 ildə bu ölkə öz haqsız mövqeyi ilə ədalətsizliyin təcəssümünə çevrilib. Bu prosesdə Fransanın demokratik dəyərləri ayaqlar altına ataraq faşizmi, işğalı, terrorizmi, separatizmi dövlət siyasətinə çevirmiş bir ölkəni, yəni təcavüzkar Ermənistanı dəstəkləməsi, bununla əlaqədar ədalətsiz qətnamələr qəbul etməsi önəmli rol oynayıb. Belə ədalətsiz açıqlamaların, qətnamələrin isə artıq sayı-hesabı yoxdur. Bu günlərdə irqçiliyin, islamofobiyanın və azərbaycanofobiyanın tüğyan etdiyi Fransanın 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi guya Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərə qarşı “etnik təmizləmə” aparmasını bəyan edib. Üstəlik, onlar Türkiyə Prezidenti Ərdoğanın sözləri ilə desək, siyasi nüfuzunu tamamilə itirmiş Fransa prezidenti Emmanuel Makronu rəsmi Bakıya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar. Bununla da Fransa öz “siyasətçilərinin” simasında İrəvanın hərbi-siyasi rəhbərliyinin işğalçılıq siyasətini dəstəklədiyini, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmasını bir daha nümayiş etdirib. Halbuki müharibədən əvvəl yüzminlərlə azərbaycanlı Ermənistanda yaşayıb və bütövlüklə etnik təmizləməyə məruz qalıb, onların mədəni və dini irsi tamamilə məhv edilib. Bütün bunlara rəğmən, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Bu onların seçimidir: “Biz bunu onların buranı tərk etməsini istədiyimizə və ya Ermənistanın bizi etnik təmizləmə siyasəti aparmaqda günahlandırdığına görə etmirik. Biz onlara seçim hüququ veririk”. Belə olan təqdirdə Azərbaycanı “etnik təmizləmədə” günahlandırmaq olduqca absurddur. Bu mənada Fransanın Qarabağdakı erməni sakinlərinin maraqları üçün canfəşanlıq göstərməsi siyasi şoudan başqa bir şey deyil.
Şübhəsiz, Fransa və onun “siyasətçiləri” bu həqiqəti yaxşı dərk edirlər. Amma onların məqsədləri başqadır. Belə ki, bu ölkə Azərbaycanın, eləcə də Türkiyənin bölgədə artıq söz sahibi olmasını həzm edə bilmir. Odur ki, “bacısı” Ermənistandan alət kimi istifadə etməklə bölgədə vəziyyəti gərginləşdirmək, Cənubi Qafqazda möhkəmlənmək niyyətindədir.
Yeri gəlmişkən qeyd edək ki, Fransanın ölkəmizə qarşı yürütdüyü bu siyasəti pisləyən fransızlar da vardır. Məsələn, Fransa Senatının üzvü Natali Qule deyib ki, Fransanın Qarabağla bağlı hazırkı siyasəti erməni diasporunun təsir gücünün göstəricisidir. Bu, həmişə belə olub. Yəni köhnə ssenari yenə də davam edir. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün tarixi torpaqlarını tələb etməsini də dini müstəviyə daşıdığını vurğulayan Natali Qule, həmçinin bildirib ki, Fransanın bu cür mövqe sərgiləməsi siyasəti dramatikləşdirərək, seçkilərdə erməni seçicilərdən səs toplamaq məqsədi daşıyır: “Mən Fransanın bu cür mövqe sərgiləməsinə görə üzr istəyirəm”.
Prezident İlham Əliyev dəfələrlə sübut edib ki, tarixi ədalətin bərpasında və haqq uğrunda mübarizəmizdə bizə əngəl ola biləcək, qarşımızda tab gətirəcək heç bir qüvvə yoxdur. Ona görə də Fransanın erməni revanşizmini təşviq etməsinin, Ermənistana lazım olan bütün hərbi, siyasi və iqtisadi dəstək göstərməsinin, ölkəmiz əleyhinə mütəmadi olaraq əsassız bəyanatlar verməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan öz haqq işi uğrunda beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir və bu istiqamətdə uğurlara da imza atır. Cari ilin iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın iddialarını əsassız sayması, eyni zamanda bu ölkənin keçid məntəqəsi ilə bağlı müvəqqəti tədbirlər görmək tələbini yekdilliklə rədd etməsi söylədiklərimizin sübutudur. Bu yerdə atalarımızın “Dəyirman öz işində, çax-çax baş ağrıdır” sözü yadıma düşdü. Amma bu, bir həqiqətdir ki, 44 günlük Vətən müharibəsindəki şanlı zəfərimiz sayəsində bölgədə yaranmış yeni reallıqlardan sonra belə çax-çaxlar, belə həyasızlıqlar, belə təxribatlar daha başımızı ağrırtmır. Yəni Azərbaycan bu və ya digər ermənipərəst ölkənin qeyri-obyektiv və riyakar davranışlarına məhəl qoymur, regionda təhlükəsizliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında yaxşılaşması üçün daha səylə çalışır.
Qvami Məhəbbətoğlu, “İki sahil”