12 avqust 2023 19:42
567

Mənsimov və İbadoğlunu birləşdirən dəyər - FETÖ

Plan pozulanda alternativ və çox təhlükəli ssenarilər ortaya çıxır ki, bunu dəf etmək də ciddi problemə çevrilir. Bu gün hər birimiz bu planları reallaşdırmaq üçün neçə-neçə beyin mərkəzləri, analitik qrupların fəaliyyətə keçdiyinin şahidiyik. Böyük Britaniyanın baş naziri, əfsanəvi lideri Uinston Çörçilin vaxtilə “əsrin xəstəliyi” adlandırdığı “kommunizm”i bu gün FETÖ-nün timsalında görürük və eyniləşdirmək mümkündür. Bu xəstəlik Azərbaycan və Türkiyənin başı üzərində “Domokl qılıncı” kimi asılmış vəziyyətdədir – dağıdılıb məhv edilsə də, alaqotu kimi qalmaqdadır. Bəli, fəaliyyətdədir, can versə belə. Hər vəchlə də çirkin, məkrli planını reallaşdırmaqdadır. Amerikadan idarə olunan şəbəkə daha çox Ankara və Bakıda şəbəkəsini yenidən bərpa etmək niyyətindədir. Birində “aşpaz” ləqəbli Mənsimov, digərində “iqtisadçı” Qubad İbadoğlu vasitəsilə. Şükürlər olsun ki, hər ikisinin intellekti məkrli planlarını, çirkin arzularını reallaşdırmağa imkan vermir. Lakin, necə deyərlər, milçək bir şey deyil, ancaq könül bulandırır. Həbsi ətrafında şou yaradılan Qubad İbadoğlunun FETÖ ilə bağlılığı haqda dəfələrlə yazılıb, iddialar ortaya atılıb. Azərbaycan dövlətinə qənim kəsilən müxtəlif marginal qüvvələrin lideri kimi yanında olan anti-Azərbaycan, anti-türk düşüncəli adamları ətrafında birləşdirib. Yanında duranlar arasında Mübariz Mənsimovun olması da təbiidir. Vaxtilə FETÖ ilə əməkdaşlıq ittihamı ilə həbs olunub. Mağara təfəkkürlü bu insan ikiüzlü və qeyri-yetkin siyasəti ilə seçilib. Bir vaxtlar Ərdoğanın və Türkiyə hökumətinin ünvanına mədhiyyələr yağdırıb, elə ki, barəsində cinayət işi açılır və məhkəmə qurulur, mövqeyini tam dəyişməsi ilə yadda qalıb. Hər ikisini də bu gün FETÖ ilə birləşdirən dəyərlər mövcuddur.

Bəli, reallıq budur ki, Azərbaycan və Türkiyəyə qarşı zaman-zaman xaricdəki ünsürlər mövcud olan ictimai-siyasi sabitliyi pozmaq və bu iki ölkədə öz məkrli planlarını reallaşdırmağa çalışıb və çalışır da. Dəfələrlə bu istiqamətdə arzuedilməz olaylara da şahid olmuşuq. Həmin təxribatçı, pozucu qüvvələrin planlarının baş tutmaması sevindiricidir. Çünki cəmiyyət, xalq kütlələri pozuculuğa, təxribata, ölkənin xaos, anarxiyaya sürüklənməsi deyil, məhz sabitliyin davamlı xarakter almasını dəstəkləyiblər. Bu gün Türkiyə və Azərbaycan tək regionda deyil, dünyada çox güclü bir dövlətə çevirilib. Bir tərəfdən Ermənistan və havadarlarının Qarabağda irimiqyaslı təxribatları, özlərini müxalifət kimi qələmə verənlər, digər tərəfdən isə FETÖ şəbəkəsinin çeşid-çeşid təxribatlarının şahidi oluruq. Böhtan kampaniyasında istifadə edilən metodlar eynilik təşkil edir.

30 il Qarabağda hüquqları tapdalanan, yurdsuz-yuvasız qalan, məcburi köçkün həyatı yaşayan soydaşlarımızı görməyən Qərb dairələri Azərbaycana təzyiqi artırıb. İstəkləri isə konkret faktlar əsasında saxlanılan şəxslərin azadlığa buraxılması ilə bağlıdır. Guya onların hüquqlarını müdafiə edir, “tapdalanan haqlarını” qoruyurlar. Əslində, Amerikanı maraqlandıran İbadoğlunun həbsi deyil. Əllərinə düşən bu imkandan maksimum yararlanmağa çalışan qüvvələr Qubad İbadoğlunun həbsindən istifadə edərək Azərbaycana hücum təşkil edirlər. İndi Qərbdə bu məsələyə öz arşınları ilə yanaşanların sayı çoxalıb və bu aksiyanın arxasında kimlərin dayanması isə gün kimi aydındır.

Beləliklə, FETÖ terror şəbəkəsi Türkiyə və Azərbaycanda aktivləşib. Qardaş ölkədə indiki iqtidar partiyasının təkrar qələbəsi ilə çirkin planları puç olan FETÖ terror təşkilatı öz emissarlarına “hücum” əmri verib. Təşkilatın çirkin planlarını faş etmək istiqamətində fəaliyyətə keçən iki ölkənin hüquq-mühafizə orqanları bir sıra qalmaqallı həbslər həyata keçirməyə müvəffəq olub. Azərbaycanda əvvəlcə özünü iqtisadçı alim kimi qələmə verən Qubad İbadoğlu FETÖ ilə əlaqə ittihamı üzrə həbs olundu, ardınca da Türkiyədə Fazil İsmayılov soyadlı şəxs həbs olunub Azərbaycana gətirildi. Hələ ki, istintaq gedir və onun gedişində bir çox faktların üzə çıxacağı şəksizdir. Çox güman ki, istintaq gedişində də bir sıra mətləblərə aydınlıq gətiriləcək. Bu işin Türkiyəyə də gedib çıxacağı şəksizdir. Bəlli olduğu kimi, Türkiyə hüquq-mühafizə orqanları bir neçə il əvvəl şübhəli yollarla milyonlar qazanan Mübariz Mənsimovu FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham edərək həbs edib. Qubadoğlu da illər uzunu Mənsimovla sıx əməkdaşlığı ilə tanınıb. Hər iki şəxsin anti-Azərbaycan qüvvələrin maliyyələşməsində, çirkin ittihamlarla çıxış etmələrinə dair çoxsaylı faktlar mövcuddur. Elə Mənsimovun da Qubadoğlunun həbsindən xeyli “təsirləndiyi” və aktivləşdiyi göz önündədir. Tabeliyində olan, yemlədiyi media və siyasilərə çirkin anti-Azərbaycan fəaliyyətə keçməsinə rəvac verib. Sirr deyil ki, illər şübhəli biznesi ilə milyonlar qazanan Mübariz Mənsimovun maliyyə qazanmasında FETÖ-nün əvəzsiz rolu olub və faktlar kifayər qədərdir.

Qubadoğlu-Mənsimov-FETÖ üçbucağı

Əvvəlcə onun qaranlıq keçmişinə nəzər salaq. İllər uzunu özünü xeyriyyəçi və “Azərbaycana yaxşılıq etmiş kimi” göstərməyə çalışan bu şəxs əslində bütün həyatı boyu şübhəli fəaliyyəti ilə seçilən biri olub. Türkiyədə çirkli və şübhəli biznes fəaliyyətinə məhdudiyyətlər qoyulduqdan sonra qarayaxma və böhtan kampaniyasına start verən Mənsimov indi bu yolda heç nədən çəkinmir. Əvvəlkitək nəinki FETÖ terror qruplaşması ilə hətta anti-Azərbaycan qüvvələrlə əməkdaşlığa da başlayıb. Bu sırada bu yaxınlarda FETÖ ilə əməkdaşlıq ittihamı ilə həbs olunan Qubad İbadoğlu ilə əlaqəsini də xüsusi qeyd etmək olar. Bu iki şəxsi birləşdirən ümumi dəyərlər və maraqlar var. İlk növbədə də FETÖ ilə əməkdaşlıq bunları birləşdirir. Məhz hər iki şəxsi də bu dəyərlər birləşdirir. Məlumdur ki, Türkiyə hüquq-mühafizə orqanları bir neçə il öncə Mənsimovu məhz bu ittiham üzrə həbs ediblər. Və aparılan araşdırmaların nəticələri də bu əməkdaşlığı təsdiq etdi. Çirkli biznesdən məhrum olan Mənsimovun köməyinə yenə FETÖ və onun rəhbəri Fətullah Gülən gəlib. Bəzi məlumatlara görə, Qubadoğlu və Mənsimov dəfələrlə görüşüb Güləndən aldıqları tapşırıqları, gələcək fəaliyyətlərini müzakirə ediblər. Hər iki şəxsi də məhz Türkiyəyə və Azərbaycana qarşı fəaliyyət birləşdirir. Türkiyədə keçirilən seçkilərdən sonra ümidləri puç olan bu şəxslər fəaliyyətlərini indi Azərbaycana yönəldiblər. Xaricdəki anti-Azərbaycan qüvvələrinin maliyyələşdirilməsi də məhz onların birgə fəaliyyətinin nəticəsidir.

Yeri gəlmişkən, Mübariz Mənsimov dəfələrlə Azərbaycanla bağlı müxtəlif iddialar səsləndirərək, biznesində yaranmış problemlərə görə Azərbaycanda müxtəlif şəxsləri ittham etməsi ilə yadda qalıb. Hətta bir az da irəli gedərək, siyasi iddialarla dolu mesajlar da verməyə start verib. Məhz “Qubadoğlu-Mənsimov” cütlüyü Azərbaycanda FETÖ-nün kimliyi ilə işbirliyi qurub ölkədə sabitsizlik göstərmək niyyətindədirlər. Əlbəttə, hələ ki, istintaq gedir və tam əminliklə demək olar ki, istintaq çox şeyləri ortaya qoyacaq.

Mənsimovun biznesi heç zaman təmiz olmayıb

İllər uzunu özünü Azərbaycanda az qala Hacı Zeynalabdin Tağıyev davamçısı kimi qələmə verməyə çalışmış Mənsimovun biznesi sağlam əsaslara söykənirmi? Əlbəttə ki, yox. Gəlin, faktlara nəzər salaq. Əvvəlcə, Azərbaycandakı “Xəzər Lənkəran” futbol klubundan başlayaq. Mübariz Mənsimovun guya xeyriyyəçiliklə məşğul olduğu iddiaları cəmiyyətə sırınırdı. Əslində isə iş adamı futbol klubuna dəstək vermək və xeyriyyəçi görüntüsü yaratmaqla Azərbaycan dövlətinin böyük vergi imtiyazlarından yararlanırdı. Yəni, qazandıqlarının cüzi hissəsini xeyriyyəyə sərf etməklə, daha çox qazanırmış. “Xəzər-Lənkəran” klubu bağlananda “bu stadionu eşşək fermasına çevirəcəyəm” deyən də Mənsimovdur.

Götürək, elə İŞİD-lə əməkdaşlığı. Qərb kəşfiyyatı “Palmali” şirkətinə məxsus tankerlərin İŞİD terror təşkilatının neftini daşıdığı haqqında faktları ortaya çıxarandan sonra Mübariz Mənsimovun biznesinin “qaranlıq üzü” də işıqlanmağa başladı. Azərbaycan və Türkiyə mediasında hələ illər öncə yayılan məlumatlarda da Mənsimovun son illərin qanlı terror təşkilatı olan İŞİD-lə əməkdaşlığı üzə çıxmışdı. Həmin xəbərlər bu gün də bir çox internet resurslarında qalmaqdadır. Araşdırmalardan məlum olur ki, terrorçularla biznes əlaqələrinə məxsus olan Mübariz Mənsimov fəaliyyət göstərdiyi bütün ölkələrdə külli miqdarda vergidən də yayınmağı bacarıb.

Ermənilərin dostu Mənsimov

Mənsimovun ermənilərlə işbirliyini də yada salaq. “Azərbaycan sevdalısı” kimi özünü cəmiyyətə sırımağa çalışan bu şəxsin ABŞ-da erməni diasporunun fəal üzvü, biznesmen Levon Termenciyanla ortaqlığını yada salaq. Hətta, Mübariz Mənsimovun Kaliforniyada qeydiyyatdan keçən “Palmali USA” şirkətinin səlahiyyətli nümayəndəsi Levon Termenciyanın oğlu Corc Termenciyan idi. Bu, həmin erməni Termenciyanlar ailəsidir ki, uzun müddət Qarabağın işğalda saxlanılması istiqamətində fəaliyyət göstəriblər və işğal dövründə Azərbaycan torpaqlarındakı separatçılara maliyyə dəstəyi ilə tanınırdılar. Bunu Mübariz Mənsimov da çox yaxşı bilirdi, amma buna rəğmən ermənilərlə ortaq oldu. Çünki bu adam üçün iddia etdiyi kimi, Vətən, millət yox, təkcə biznes maraqları önəmlidir və indi onu danışdıran da məhz biznes maraqlarıdır. İstisna deyil ki, erməni Termenciyan Mübariz Mənsimovla ortaqlıqdan qazandığı pulları Qarabağdakı separatçı rejimə göndərib və bu, Mübariz Mənsimovun da işğalçı separatçılara dolayısı ilə dəstək verdiyi deməkdir.

Bəli, Mənsimov xeyriyyə məqsədilə pullar xərcləyə bilər, xəstələrin müalicəsinə və ya tələbələrin təhsilinə yardım edə bilər, vətənpərvər olduğunu deyə bilər. Hər kəsin fikir və söz azadlığı var. Lakin fikirlərlə sözlər gerçəkdən fərqli olanda, vəziyyət birmənalı alınmır. Mübariz Mənsimovun da problemi budur. Hər dəfə açıqlamalarında "Şirkətimdə üçüncü nəsil erməni olsa, dərhal onu qovaram" deyən Mübariz Mənsimov vaxtilə ABŞ xəzinəsini bir milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termenciyanla şərik olub. Məhz birlikdə 2016-cı ildə "Palmali USA LLC" gəmi şirkətini yaradıblar.

Beləliklə, söylənilənlərdən bu qənaətə gəlmək olar ki, Mənsimov FETÖ ilə əməkdaşlıq ittiamı üzrə həbs olunan Qubad İbadoğludan sonra çətin duruma düşüb. Onun FETÖ ilə işbirliyində olduğunu istintaq müəyyən edəcək. Lakin İbadoğlunun həbs olunması Mənsimov və tərəfdarlarını çətin duruma salıb. Bu səbəbdən də tabeliyində olan yerli və beynəlxalq media şəbəkəsini işə salıb. Azərbaycana qarşı çirkin kampaniyaya start veriblər. Bu səbəbdən də hüquq-mühafizə orqanları bu cinayətkar şəbəkənin çirkin planlarını ifşa etməlidirlər. Çirkin və qarayaxma kampaniyasının haradan qaynaqlandığı və onların sifarişçiləri də faş olunmalıdırlar.

"Report"