2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik və hərb salnaməsinə silinməz qızıl hərflərlə yazıldı. Sentyabrın 27-dən başlayan zəfər yürüşü zamanı rəşadətli Azərbaycan Ordusu hər gün yeni kəndləri, strateji yüksəklikləri və yaşayış məntəqələrini azad edərək tarihi ədaləti addımbaaddım bərpa edirdi. Lakin bu müqəddəs mübarizənin zirvəsi, müharibənin hərbi-siyasi taleyini tamamilə həll edən və milli ruhun təntənəsinə çevrilən elə bir an var idi ki, o gün bütün Azərbaycan xalqı tək bir nəfəs kimi döyündü. Bu, noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın düşmən tapdağından azad edildiyi gün idi.
1992-ci il mayın 8-də Şuşanın işğalı xalqımızın qəlbində sağalmaz bir yara, milli ləyaqətimizə vurulmuş ağır zərbə idi. Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri kimi xalqımızın kimlik rəmzinə çevrilmişdi. Otuz ilə yaxın müddət ərzində Şuşasızlıq təkcə coğrafi itki deyil, mənəvi həsrət idi. Çünki Şuşa Azərbaycanın mədəniyyət qalası, Xan Şuşinskinin zənguləsi, Üzeyir bəyin ucaltdığı musiqi məbədi, Vaqifin poeziya ocağı, Natəvanın bulağıdır.
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı və sarsılmaz təməli Ümummilli Liderimiz tərəfindən qoyulmuşdu. Məhz müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı milli dövlətçilik xətti, ordu quruculuğu və iqtisadi müstəqillik strategiyası gələcək böyük zəfərin hüquqi və siyasi bazasını hazırladı. Şuşa Zəfərinə gedən uzun yol məhz bu ideoloji və strateji ardıcıllığın məntiqi yekunu oldu. 2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqımıza ünvanladığı tarixi müraciət hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu və təkcə hər il noyabrın 8-də deyil, hər Şuşa adı gələndə 50 milyonluq dünya azərbaycanlılarının qulaqlarında Zəfərin həlledici müjdəsi kimi çınlayır: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bu müqəddəs müjdə təkcə bir şəhərin azadlığı xəbəri deyil, milli qürurun bərpası, tarixi həsrətin sonu və böyük vəfanın təzahürü idi. Dövlət başçımızın həmin gün dediyi dərin mənaya malik sözlər zəfərin mənəvi ucalığını nümayiş etdirdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Şuşanın azad edilməsi dünya hərb tarixinə daxil olan unikal bir hərbi əməliyyat kimi qiymətləndirilir. Keçilməz qayalıqları, sıldırım dağları aşaraq, yalnız yüngül silahlar və polad iradə ilə şəhərə daxil olan Azərbaycan xüsusi təyinatlıları, düşmənin ağır artilleriya və zirehli texnikasına qarşı əlbəyaxa döyüşdə inanılmaz şücaət göstərdilər. Qarabağ Zəfərinin zirvəsində dayanan Şuşa əməliyyatı müharibənin taleyini birdəfəlik həll etdi. Noyabrın 8-də Şuşanın düşməndən təmizlənməsindən cəmi iki gün sonra – noyabrın 10-da Ermənistan faktiki olaraq öz kapitulyasiyasını rəsmiləşdirən Üçtərəfli Bəyanatı imzalamağa məcbur oldu. Bu baxımdan Şuşanın azadlığı gününə də ən dəqiq və unudulmaz qiyməti də Müzəffər Ali Baş Komandan İlham Əliyev vermişdir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”
Zəfərdən dərhal sonra dövlətimiz tərəfindən bütün azad edilmiş torpaqlarımızda, o cümlədən Şuşada genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqləndi, şəhərin tarixi-mədəni simasının saxlanılması şərtilə modern infrastruktur layihələri icra olunmağa başladı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Şuşaya ardıcıl səfərləri şəhərin yenidən doğuluşunun addım-addım salnaməsinə çevrildi. Azadlıqdan sonrakı ilk Novruz bayramında, 2021-ci il martın 20-də Azərbaycan Prezidenti Şuşada Cıdır düzündə bayram tonqalını alovlandıraraq milli ulu yurda ruhun qayıdışını rəsmiləşdirdi. Həmin il avqustun 29-u şəhərin mədəni həyatında dönüş nöqtəsi oldu. “Qarabağ” hotelinin açılışı, Şuşa şəhərinin baş planının təqdimatı və şəhərdə I məhəllənin, “Hotel və Konfrans Mərkəzi”nin təməlqoyma mərasimləri, xüsusi nümayəndəliyin inzibati binası və Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılan bərpa işləri ilə tanışlıq həyata keçirildi. Molla Pənah Vaqifin büstünün, təmir-bərpa işləri başa çatdırılan muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Ü.Hacıbəylinin heykəlinin açılışları reallaşdı. İllərdir Bakıda saxlanılan və işğal dövründə Ermənistan tərəfindən gülləboran edilmiş dahi şəxsiyyətlərimizin büstləri yenidən doğma məkanlarına qaytarıldı.
2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda erməni terrorçu dəstələrinə qarşı keçirdiyi çox uğurlu lokal antiterror əməliyyatından sonra, 2024-cü il mayın 10-11-də Prezident İlham Əliyev özünün Şuşaya növbəti səfəri zamanı şəhərin birinci yaşayış kompleksinin açılışını həyata keçirərək, Şuşaya köçmüş, öz doğma ocaqlarına qovuşmuş ilk sakinlərlə görüş keçirdi. Şəhərin üçüncü yaşayış kompleksinin, rayonun Turşsu qəsəbəsinin təməlləri qoyuldu. Səfər dövlət başçımızın xalqımızın dini-mənəvi dəyərlərə verdiyi böyük əhəmiyyətin göstəricisi kimi Çöl Qala və Aşağı Gövhər Ağa məscidlərində bərpa işlərinin gedişatı, Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olması ilə yanaşı, artıq bərpası başa çatan Mamayı məscidinin və Şirin su hamamının istifadəyə verilməsi ilə də yadda qaldı. Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin uzun müddət yaddaşlardan silinməyəcək təntənəli açılış mərasimi baş tutdu.
Şuşa azadlığından sonrakı hər ili, hər ayı özünün qurucukuq salnaməsinin növbəti uğurlu səhifəsi kimi öz tarixinə yazmaqda davam etməkdədir. Bu baxımdan 2025-ci ilin may ayı da əlamətdar tarixlərdən biri kimi rayonun tarixində özünəməxsus yerini tutdu. Mayın 9-da rayonun Daşaltı kəndində yerləşən məscidin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı və şəhərin dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimi baş tutdu.
Düşmənin “Dəmir yumruq”la başının əzildiyi son qalamız olan Şuşa qısa müddətdə təkcə Azərbaycanın deyil, həm də regional və qlobal diplomatiyanın ən mühüm platformalarından birinə çevrilib. Prezident İlham Əliyevin öz əcnəbi həmkarları ilə Şuşaya etdiyi səfərlər və burada keçirilən beynəlxalq tədbirlər şəhərin beynəlxalq statusunu daha da möhkəmləndirib. Əvvəlcə 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətləri haqqında tarixi Şuşa Bəyannaməsi imzalandı. Sonrakı illərdə isə Belarus Prezidenti Aleksandr Lukaşenko, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın sabiq Baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin keçmiş Prezidenti Ersin Tatar, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Slovakiya Prezidenti Peter Pelleqrini, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş direktörü Səlim bin Məhəmməd əl-Malikin, eləcə də Şuşada keçirilən müxtəlif beynəlxalq tədbirlərlə bağlı yüzlərlə tanınmış xarici ictimai-siyasi xadimin, media mənsubunun, politoloqun şəhərə səfəri Şuşanı həm də qlobal məkanda tanıdıb.
Şuşa təkcə bu gün artıq ənənəyə çevrilən bu il 4-cüsü keçirilən Şuşa Qlobal Media Forumu kimi beynəlxalq tədbirlərin, “Xarıbülbül” Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər möhtəşəm mədəni-kütləvi tədbirlərə ev sahibliyi edir, Türk dünyasının və İslam aləminin mədəniyyət mərkəzi, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı kimi beynəlxalq miqyasda qəbul olunur. Şuşa Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, İSESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı”, 2023-cü ildə İƏT-ə üzv ölkələrin turizm nazirlərinin iclasında isə 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edimiş, bu ilin aprel ayında Şuşada “Şuşa – İƏT-in Turizm Paytaxtı 2026” çərçivəsində rəsmi açılış mərasimi, İƏT Turizm Nazirlərinin 7-ci görüşü və Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilmişdir.
Bu gün sözün tam mənasında dirçələn, yüksələn, çiçəklənən Şuşa azad və məğrur duruşu ilə öz həqiqi sahiblərini böyük sevgi ilə qucaqlayır. Zəfər yolu ilə addımlayan Şuşa, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzur və Qarabağın ən müasir, abad və yaşayış üçün ideal məkanlarından birinə çevrilir. 8 Noyabr – Zəfər Günü və Şuşa şəhəri günü kimi tariximizə həkk olunaraq, xalqımızın mübarizə əzminin, dövlətimizin qüdrətinin və Ali Baş Komandanın yenilməz iradəsinin əbədi təzahürü kimi yaşayacaqdır. Şuşa artıq xalqımızın ağrılı həsrətinin ünvanlandığı bağrı yaralı şəhər deyil – Şuşa Azərbaycanın qürur məbədi, gələcəyə inamla baxan yenilməz dövlətçiliyimizin parlaq nişanəsidir!
Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent