Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarına əsasən növbəti, 2023-2024-cü tədris ilindən etibarən məktəblər üzrə bütün siniflərdə vahid məktəbli forması tətbiq ediləcək. Özü də məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub. Dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının seçimi bu və ya digər məktəbin Pedaqoji şuraları tərəfindən həyata keçirilir. Artıq məktəblərdə bu seçimlər olunub və direktorların tapşırığı ilə sinif rəhbərləri valideynlərə “votsap qrupu” ilə seçilmiş formaları təqdim ediblər. Üstəlik, geyimlərin hansı ünvandan alınacağı barədə də onlara məlumat verilib. Bu isə o anlama gəlir ki, hər bir şagird yalnız təhsil aldığı məktəbin seçdiyi formadan faydalanmalı olacaq. Yəni, kimsə başqa formadan istifadə edə bilməyəcək. Məktəbin Pedaqoji Şurası müəyyən edilmiş 4 formadan hansını seçibsə, məktəbli də ondan yararlanacaq. Bir sözlə, 2023-cü ilin sentyabr ayının 15-dən etibarən ölkəmizdə fəaliyyət göstərən 4432 orta ümumtəhsil məktəbində təhsil alan 1,6 milyon şagirdin hamısı yeni qəbul edilmiş məktəbli formalarından istifadə edəcək. Başqa sözlə desək, bu tədris ilindən bütün şagirdlər yeni geyimlərlə təhsilə başlayacaqlar.
Ekspert: Məktəbli formaları zəruridir
Qeyd edək ki, dünyanın bir sıra ölkələrində (Almaniya, Böyük Britaniya, Yaponiya və s.) məktəbli formaları tətbiq olunur. Hətta bəzi ölkələrin məktəbli geyimlərinə məktəbin loqosu da əlavə edilir. Təhsil üzrə ekspert Elçin Süleymanovun fikrincə, vahid geyim forması şagirdlərə məsuliyyət hissi aşılayır, səliqəli görünüşü təmin edir və məktəbin özünəxas təhsil mühitini formalaşdırır: “Həmçinin vahid məktəbli forması şagirdlər arasında sosial bərabərliyi təşviq edir ki, bu da müasir dövrümüzdə önəmli faktorlardandır. Bu, vacib məsələdir. Hətta mən deyərdim ki, məktəbli formaları zəruridir. Gəlin etiraf edək ki, indi uşaqların üzərlərində müxtəlif heyvan şəkilləri və yaxud müxtəlif dillərdə yazıları olan köynəkləri geyindiyini görürük. Şübhəsiz, onların belə geyimlərdə məktəbə gəlmələri xoşagəlməzdir. Bu mənada məktəbli formasından istifadə etməmək şagirdlərin arzuolunmaz geyimdə məktəbə gəlməsinə şərait yarada bilər. Ona görə də şəxsən mən hər bir məktəbdə daha ciddi şəkildə məktəbli formasının tətbiqini təqdir edirəm”.
Nazirliyin əməkdaşı: Amma bir şərtlə…
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, məktəbli formaları ilə bağlı işlər nəzərdə tutulmuş qaydada davam edir: “Bu mənada qarşıdakı tədris ilində bütün məktəblərdə məktəbli formasından istifadə olunacağı şəksizdir. Özü də bu, məcburidir, yəni hər bir şagird təhsil aldığı təhsil ocağının seçdiyi məktəbli formasında məktəbə gələcək. Onu da deyim ki, seçilmiş məktəbli formalarının bu və digər satış məntəqəsindən alıması vacib deyil. Yəni, valideynlər özləri də həmin formaya uyğun paltar tikdirə bilərlər. O ki qaldı ötən tədris ilindəki formalardan isifadə məsələsinə… Ötən il məktəbli forması alanlar yeni tədris ilində də həmin geyimlərdən istifadə edə bilərlər. Amma bir şərtlə: əgər köhnə forma bu gün məktəb tərəfindən seçilmiş forma ilə eynilik təşkil edirsə, burada heç bir problem yaşana bilməz”.
Narazılıq nədəndir?
Bu tədris ilində tətbiq olunacaq formalar həm də mövsümi xarakter daşıyacaq. Yəni, yay fəslində geyiniləcək forma nazik, qış fəslində istifadə olunacaq forma isə nisbətən qalın materialdandır. Qızlar yayda ətək (yubka), qısaqol köynək, qışda şalvar, qalın köynək, jaket, oğlanlar isə yayda qısaqol köynək, şalvar, qışda isə uzunqol köynək, şalvar, jaketdən istifadə edəcəklər. Məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və yubkanın qiyməti 25, jaketlər isə 30-35 manat civarındadır. Görəsən, sentyabrın 15-dək məktəblərin Pedaqoji şuralarının qərarı ilə seçilən geyimin hazırlanmasında hər hansı problem yaşanacaqmı? Müsahiblərimiz məsələyə aydınlıq gətirərkən bununla bağlı heç bir problemin olmayacağını bildirdilər.
Bəzi valideynlərlə söhbətdən aydın oldu ki, onlar hər il məktəbli formasının dəyişdirilməsinin əleyhinədirlər. Bu, minlərlə valideyni çətin vəziyyətə salmaqdır. Yəni, onların fikrincə, hər il yeni model formasının tətbiqi düzgün deyil. Valideynlər bildirdilər ki, bir evdən məktəbə 2, yaxud 3 uşaq gedir. Həmin formanı almaq üçün isə kifayət qədər vəsait lazımdır, amma bəzi valideynlərin buna imkanı yoxdur. Hələ onların ayaqqabısına, çantasına, iş dəftərlərinə, digər ləvazimatlarına da vəsait tələb olunur. Onlar, həmçinin aztəminatlı ailələrin bu məsələdə daha çox problemlə üzləşəcəyini qeyd etdilər. Şagirdlərə məktəbli formalarının da dərsliklər kimi pulsuz verilməsinin vacibliyini söyləyənlər də oldu. Üstəlik, vurğuladılar ki, bu gün vacib məsələ şagirdlərin təhsilidir, geyimi yox. Məktəb bilik və tərbiyə almaq yeridir, diqqət uşağın biliyinə və tərbiyəsinə yönəldilməlidir.
Fikrimizcə, valideynlərin bu kimi narazılıqları aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır. Heç olmasa, aztəminatlı ailələrin məktəbli formaları ilə təminatı həyata keçirilməlidir. Bəli, məktəbli forması nə dünənin, nə də ki bu günün məsələsidir. Sovet dönəmində də məktəbli formaları olub. Hətta o zamanlar aztəminatlı ailələrin məktəbli formaları ilə pulsuz təminatı da həyata keçirilib. Gündən-günə inkişaf edən dövlətimizin də bu təcrübədən yararlanmaq imkanı var.
Qvami Məhəbbətoğlu, “İki sahil”