İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində azad olunan rayonlarımızdan biri də Füzulidir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çünki 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislərin belə Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi.
Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra geniş tikinti-quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastrukturlar yenidən qurulur. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xaricdən borc istəmədən, daxili mənbələr hesabına Qarabağ və Şərqi Zəngəzuru qurub bərpa edir. Bu isə ondan xəbər verir ki, biz yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurda daha çox keçmiş məcburi köçkünlərin məskunlaşmasını müşahidə edəcəyik.
Hazırda Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, «yaşıl enerji» və «sıfır tullantı» konsepsiyalarını tətbiq edir. Ölkə başçısının «İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında» 2021-ci il 12 avqust tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması bərpa və yenidənqurma işlərinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsini təmin edib. Bu gün işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdışın təmin olunması ölkəmizin əsas prioritetlərindəndir. 2022-ci il iyulun 19-da xalqımızın çoxdan gözlədiyi tarixi an yaşandı. Belə ki, bu tarixdə Böyük Qayıdışın ilk uğurlu addımları atıldı - Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə başlanıldı. Bundan sonra 2023-cü ilin mart ayında - Novruz bayramı ərəfəsində Tərtərin Talış kəndinə bir qrup əhali köçürüldü. 28 May - Müstəqillik Günündə isə Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim etdi. Ümumilikdə, Laçının bərpası istiqamətində ötən dövr ərzində böyük həcmdə işlər görülüb. İşğaldan azad edilmiş regionlarımızda yeni infrastrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdirilir.
Füzuliyə qayıdış da Qarabağın tarixində əlamətdar hadisədir. Çünki işğal nəticəsində Füzuli şəhəri tamamilə dağıdılmışdı, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Füzuli şəhərini azad edən zaman Azərbaycanın üçrəngli bayrağını asmaq üçün hətta bir tikili belə tapmaq mümkün deyildi. Amma bu gün Füzuli yenidən qurulur. Avqustun 21-də isə Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən Füzuli şəhərinə daha bir köç karvanı yola salınıb. Bu mərhələdə 68 nəfərdən ibarət 24 ailə doğma şəhərinə qayıdıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Qeyd edək ki, avqustun 18-də Füzuli şəhərinə ilk köç baş tutub, 90 nəfərdən ibarət olan 23 ailə doğma şəhərinə qayıdıb. Birinci mərhələdə Füzuli şəhərinə ümumilikdə, 144 ailənin (509 nəfər) köçürülməsi nəzərdə tutulur. Füzuli şəhəri 50 minlik əhalisi olan şəhərə çevriləcək və ilin sonuna qədər 800 ailə burada məskunlaşacaq. Mütəxəssislərin bildirdiyinə görə Füzuli şəhəri, eləcə də Füzuli rayonu böyük iqtisadi potensiala malikdir. Ümumiyyətlə, ilkin qiymətləndirmələr göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası bütövlükdə Azərbaycan iqtisadiyyatına əlavə olaraq 10 faizə yaxın yeni dəyər gətirəcək. Bu da təbii ki, Qarabağın yaxın illərdə Azərbaycan iqtisadiyyatında lokomotivə çevriləcəyindən xəbər verir. Füzuli həm aqrar rayondur, həm də təbii ki, sənaye potensialı olan bölgələrimizdəndir. Füzulinin digər özəlliyi məhz turizm potensialının yüksək olmasıdır. Bu rayon, eyni zamanda, Qarabağın hava qapısıdır. Belə ki, Füzuli Beynəlxalq Hava Limanının işə düşməsi, Zəngəzur dəhlizi, Horadiz, Zəngilan dəmir yolu xətti, eləcə də Horadiz-Ağbənd dəmir yolu və avtomobil yolunun artıq istifadəyə hazır olması ondan xəbər verir ki, rayon həm də bütövlükdə nəqliyyat və logistik baxımdan əhəmiyyətli mövqedədir. Təbii ki, bu da birbaşa Qarabağın inkişafına xüsusi töhfənin xəbərçisidir. Füzuli şəhərinin içməli və tullantı su sistemlərinin yaradılması layihəsi icra olunana qədər burada məskunlaşan əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən layihə həyata keçirilib.
Dövlət Su Ehtiyatları Agentliyinin yaydığı məlumatda bildirilir ki, Füzuli şəhərini içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb. Plana əsasən, Füzuli şəhərində yeni içməli su təchizatı sistemləri yaradılanadək mövcud imkanlardan istifadə olunması qərara alınıb. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilərək istismara qaytarılıb. Eyni zamanda su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası inşa edilib. Su mənbəyindən Füzuli şəhərinə qədər 630 mm diametrli magistral su kəməri inşa edilib. Magistral kəmər hazırda inşa edilən Füzuli yaşayış kompleksinin paylayıcı şəbəkəsinə qoşulub və binalara suyun verilişi təmin edilib. Kompleksdə formalaşan tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi 4 ədəd modul tipli təmizləyici qurğu quraşdırılıb. Bu qurğularda sutka ərzində 600 kubmetr tullantı suları təmizlənərək kənarlaşdırılacaq.
Təxirəsalınmaz tədbirlərlə yanaşı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin icrası davam etdirilir. 5 may 2023-cü il tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş infrastruktur 2040-cı ilədək perspektiv inkişafı nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən, Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 15 yeni subartezian quyusu qazılacaq, şəhər ərazisində ümumi tutumu 22 min kubmetr olan 4 su anbarı inşa ediləcək. Su mənbəyindən Füzuli şəhərinə 10,7 km uzunluğunda magistral su kəmərinin inşasına başlanılıb və kəmərin tikintisi işləri intensiv qaydada davam etdirilir.
Layihəyə əsasən Füzuli şəhərində 103 km içməli, 87 km tullantı və 100 km yağış su şəbəkələri inşa olunacaq. Füzuli şəhərində formalaşacaq tullantı sularının ekoloji baxımdan təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 15 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək. Füzuli şəhərində yaradılan yeni infrastruktur «Ağıllı su» sistemi əsasında idarə olunacaq. Yaradılacaq infrastrukturun imkanları hesabına gələcəkdə Füzuli rayonunun Dövlətyarlı və Dədəli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Böyük Qayıdış çərçivəsində həyata keçirilən tədbirlərin sayəsində 2026-cı ilədək işğaldan azad edilən ərazilərə 34 500 ailənin köçürülməsi nəzərdə tutulur.
Şəmsiyyə Əliqızı, “İki sahil”