01 sentyabr 2023 03:49
451

Nağdsız ödənişlərin hansı faydaları var?

Bu gün yeni rəqəmsal dünya gündəmində nağdsız ödənişlər sisteminin təkmilləşdirilməsi və bu kontekstdə nağd ödənişlərin mümkün qədər azaldılması mühüm əhəmiyyət daşıyır. Ölkədaxili və xarici pul köçürmələri də məhz bu qəbildəndir. Azərbaycan əhalisi də son illər bu sahənin müasir yeniliklərindən geniş istifadə edir. Bu kimi dəyişikliklər ən yeni dövrün mühüm tələblərindən biri, bəlkə də birincisidir. Son illər nağdsız ödənişlərin miqyasının artırılması istiqamətində ölkəmizdə məqsədyönlü siyasət yürüdülür. Ötən illər ərzində bu mıəqsədlə Vergi Məcəlləsinə, “Nağdsız hesablaşmalar haqqında” Qanuna və digər qanunvericlik aktlarına müvafiq dəyişikliklər edilib. Elektron ödənişlərin daha rahat və asan aparılması üçün ən zəruri infrastrukturlar yaradılıb.

Hazırda çoxfunksiyalı “ASAN ödəniş” sistemi cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin ölkə daxilində geniş ərazini əhatə edən “ASAN ödəniş” terminalları, nağdsız ödəmə vasitələri e-ödənişlərin maneəsiz həyata keçirilməsini təmin edir. Elektron ödənişlər əhaliyə vaxta qənaət imkanı yaradır, nağd pul daşınmasının yaratdığı təhlükələrdən qoruyur, ticarət və xidmət obyeklərinə də saxta pullarla hesablaşmaların qarşısını alır. Eyni zamanda, vətəndaşların dövlət qurumlarına ödədiyi müxtəlif xidmət haqlarının hesabatlılığını təmin edir, şəffaflığa zəmanət verir.

Bütün bu sistem sayəsində vergidən yayınmanın qarşısı alınır və büdcəyə daha çox vəsait toplanır, ölkə iqtisadiyyatında maliyyə intizamı güclənir. Büdcəyə toplanan vəsaitlər isə əhalinin sosial rifahına yönəldilir. Son illərdə nağdsız ödənişlərlə bağlı aparılan tədbirlərə baxmayaraq, bəzi sahələrdə yenə də nağd ödəmələr qalır, vergidən yayınma halları baş verir. Hazırda ölkə ərazisində pərakənda ticarət sahəsi üzrə alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması sistemi tətbiq edilir. Bu baxımdan təklif olunan dəyişikliklər istehlakçılara qaytarılan ƏDV məbləğlərinin dairəsini də genişləndirəcək, həm də geri qayıdan ƏDV-nin həcmlərinin artmasına da müsbət təsir edəcəkdir.

Ölkəmizdə pul köçürmələri sahəsində yeni rəqəmsal həllər hazırlanır, bu sahədə xərclərin azaldılması hədəflənir. Məsələn, pul vəsaitinin kartdan karta və ya SWIFT-dən istifadə etmədən başqa metodla köçürülməsi xərcləri, həmçinin komissiyanı azaldır.

Bunlardan əlavə, pul vəsaitinin elektron köçürülməsi iqtisadiyyatın şəffaflığını təmin edən amillərdən biridir. Bankların fintex iştirakçıları ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olması bunu təsdiq edir. Baxmayaraq ki, pul köçürmələri bank sisteminin bir hissəsidir, qanunvericilik qeyri-bank təşkilatlarının da bu prosedurları həyata keçirməsinə imkan verir. Həmçinin istər innovasiya, istərsə də qanunun optimallaşdırılması baxımından yeni imkanların araşdırılması üzərində çalışılır.

Rəqəmsal pul köçürmələri sektorunu inkişaf üçün perspektivli sahə hesab etmək olar. Azərbaycan bu gün Türkiyə və Rusiyaya və əks istiqamətlərə böyük həcmdə pul köçürmələri həyata keçirir. Həmçinin ölkə daxilində istər bank yolu ilə, istərsə də poçt vasitəsilə pul köçürmələrində artım müşahidə edilir. İlk növbədə əhalinin maliyyə savadlılığı və rəqəmsal pul köçürmələrinin təbliği üzərində iş davam etdirilir. Azərbaycanda maliyyə sektorunun inkişafına səbəb olan hüquqi bazanın optimallaşdırılması üzrə işlər görülür. Artıq “Ödəniş sistemləri və xidmətləri haqqında” Qanun qəbul edilib. Qanun bu sektorun inkişafının sürətlənməsinə imkan verəcək, həmçinin effektiv tənzimlənməsini təmin edəcək.

Maliyyə sektoru ən son texnologiyalara (o cümlədən blokçeyn) ehtiyac duyur. Rəqəmsal valyutaların və kriptovalyutaların rolu getdikcə artmaqdadır. Azərbaycanda rəqəmsal manatın hazırlanması üzrə işlər görülür. Bununla yanaşı, texnologiyaların inkişafı ilə kibertəhlükəsizlik sektoruna diqqət ayırılır. Belə ki, ölkəmizin bank sektoru 2022-ci ildə haker hücumları nəticəsində 4,2 milyard dollar itirib. Bu da bank fəaliyyətinin texniki və texnoloji bazasının gücləndirilməsinin zəruri olduğundan xəbər verir.

Ölkəmizdə pul köçürmələrinin əksəriyyəti əmək haqqı kartlarından həyata keçirilir. Bu, pul köçürmələrinin əksəriyyətinin rəsmi işə götürülmüş vətəndaşlar tərəfindən kartdan karta köçürüldüyündən xəbər verir. Həmçinin tədqiqatlar xaricdən ölkəmizə pul köçürmələrinin əksəriyyətinin Azərbaycan vətəndaşları tərəfindən daxil olduğunu göstərir. Əcnəbilərə gəlincə, onlar ölkəmizdə nağd pul vəsaitlərindən demək olar ki, istifadə etmirlər, habelə xaricdən pul vəsaitinin nağd yolla qəbulu və köçürülməsi metodundan istifadə etmirlər.

Ötən il Azərbayanda fiziki şəxslərin pul köçürmələrinin həcmi 3,62 milyard dollar olub. Bu da 2021-ci ilin göstəricisindən 3,2 dəfə çoxdur. Hesabat dövründə daha çox köçürmə Rusiyadan 2,969 milyard dollar məbləğində (4,8 dəfə artım) həyata keçirilib. Bu da fiziki şəxslərin bütün köçürmələrinin 82 faizini təşkil edir. Fiziki şəxslər tərəfindən Azərbaycana ən çox pul köçürmələrinin həyata keçirildiyi digər 4 ölkə ABŞ (155,342 milyon dollar, 2.1 dəfə artım), Türkiyə (122,141 milyon dollar, 13,3 faiz artım), Almaniya (53,585 milyon dollar, ikiqat artım) və Böyük Britaniya (33,959 milyon dollar, 4,9 faiz artım) olub.

Cavid Əkbərov, “İki sahil”