18 sentyabr 2023 23:47
271

Qəhrəmanın ömür yolu

2022-ci il sentyabr ayının 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatın qarşısını almağa çıxan qeyrətli Vətən oğlanların  öndə  gedəni  Azərbaycan Ordusunun leytenant Vüsal Məlikov olub. O, döyüş zamanı yüksək rəşadət və şücaət göstərib, yağı düşməni məhv etməklə özü də 22 yaşında  canından əziz tutduğu Vətən naminə şəhidlik  zirvəsinə ucalıb. Vüsalın  bu, şərəfli ölümü onu bütöv  bir xalqın qəhrəmanlıq simvoluna çevirib. Məhz göstərdiyi igidliyinə görə nə qədər ki, Azərbaycan var  olacaq, onun müqəddəsliyinə tapınaraq şəhidlik yolunu seçən Vüsalın adı onunla birgə çəkilər.

Bəli, adı Vətəninə, millətinə başucalığı olan  Vüsal  mənən qəlblərdə yaşayır, hər an ehtiramla  xatırlanır. Bu günlər isə doğulub boya-başa çatan Lerik rayonu,  Almu kəndində il mərasimi keçirilib. Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasovun, Milli Məclisin deputatı İqbal Məmmədovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələri, müharibə veteranların və ictimaiyyət nümayəndələrin  qatıldığı  mərasimdə  şəhidin məzarı ziyarət olunub, üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsi böyük hörmətlə  yad edilib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, Vüsal kimi qəhrəmanların ömür yolu əbədi olur. Onların həyatı həmişə örnək götürülür və zaman-zaman gənc nəsillərə nümunə göstərilir.  Belə igid, ürəyi Vətən, torpaq eşqli   oğullar hər bir azərbaycanlının qürur yeri, iftixar  mənbəyidir.

Rayon rəhbəri  isə şəhidin atası Bəxtiyar kişı və ailə üzvləri ilə görüşüb,  onlara başsağlığı verib və deyib:-  Qəhrəman oğul böyütmüsünüz. İndi Vüsalın adı çəkiləndə  Azərbaycan fəxr edir.   Bütün şəhidlərimiz kimi, oğlunuz da daim xalqın  qəlbində yaşayacaq, xatirəsi  hər zaman əziz tutulacaq.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyini üzvü