19 sentyabr 2023 00:47
265

İtkin ailələrinin 31 illik acı intizarına son qoyulur

Təxminən iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri öz havadarlarının köməyi ilə xaqlımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Tarixi faktlar göstərir ki, ötən əsrin 80-ci illərinin axırlarında kütləvi qırğınlarla nəticələnən bu etnik təmizləmə militarist Ermənistanın hökuməti tərəfindən planlı çəkildə həyata keçirilib. Tarixi torpaqlarımızda zaman-zaman aşkar edilən kütləvi məzarlıqlar məhz bu soyqırımı siyasətinin bariz nümunəsidir. Erməni barbarları Birinci Qarabağ müharibəsində amansızcasına əsir və girov götürərək qətlə yetirdikləri azərabycanlıları kütləvi məzarlıqlarda basdıraraq izləri itiriblər.

Bu gün itkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur. Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdırlar.

Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilər minalardan təmizləndikcə, burada Birinci Qarabağ müharibəsi zamanı barbar ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən mülki Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqları aşkarlanır. Belə ki, Şuşa rayonunun Daşaltı kəndi ərazisində 28 şəxsə, Xocalı rayonunun Fərrux kəndi ərazisində 12, Xocavənd rayonunun Edilli kəndində 27, Füzuli rayonunun Yuxarı Seyid Əhmədli kəndində 9, Şuşa şəhərindəki həbsxana ərazisində 31 şəxsə aid olmaqla ən azı 107 şəxsə aid meyit qalıqları aşkar olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə bütün sahələri əhatə edən genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli, Zəngilan, Cəbrayıl, Kəlbəcər, Laçın və Xocavənd rayonları ərazisində aşkar edilmiş ən azı 98 şəxsə aid meyit qalıqları üzrə hərtərəfli araşdırmalar aparılır.

İtkin düşmüş şəxslərin taleyi daim ölkəmizin başçısının diqqət mərkəzində olub. Çox təəssüf ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz xislətinə sadiq qalaraq bu məsələ ilə bağlı da destruktiv mövqe sərgiləyərək əməkdaşlıqdan yayınır.

Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq bu problemlə üz-üzə qalan ölkəmiz itkin düşən şəxslərlə bağlı işlərə öz töhfəsini verməkdədir. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə sentyabrın 18-də “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransın keçirilməsi bunun əyani təsdiqidir.

 Prezident İlham Əliyevin sentyabrın 18-də Bakıda keçirilən “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusundakı beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda bildirilib ki, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzindədə olub: “1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir”.

Ölkəmizin başçısı beynəlxalq tədbirlərdə, eləcə də yerli və xarici mətbuat orqanlarına müsahibələrində Birinci Qarabağ müharibəsində Ermənistanın Qa­rabağda törətdikləri insanlıq əleyhinə cinayətlərdən bəhs edərək hərbi əməliyyatlar zamanı əsir götürül­müş insanların naməlum aqibəti, məhv edilmiş soydaşlarımızın gizlədildikləri məzarlıqlar məsələsini daim diqqətə çatdırır. Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Zahid Rza, “İki sahil”