Sağlamlığın qorunmasında diqqətli olmaq vacibdir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son bir ayda dünya üzrə koronavirusa yoluxanların sayı 38% artıb. Avropada yoluxma sayında artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edir. ÜST risk zonasında olanlar, əsasən, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır. COVID-19-un yeni ştamları – Eg.5 ERİS, BA.2.86 və s. təhlükə mənbəyidir.
Bəs Azərbaycanda yeni koronavirus təhlükəsi nə dərəcədə realdır?
“Pasiyent Təşkilatları İttifaqı və Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda dünyada COVID-19 virusuna yoluxmada yenidən artımı müşahidə edirik: “Ötən aylara baxdıqda dünyada yoluxma sayı 80% qədər artıb. Qeyd edim ki, COVID-19 virusu davamlı olaraq mutasiya edir və hazırda dünyada daha çox yayılan bu virusun “Eris” və “Pirola” variantlarıdır. Nəzərə alsaq ki, payız fəslinin astanasındayıq və havalar da qeyri-sabit keçir, o zaman virusun yayılması üçün “yaxşı” zəmin olduğunu görərik. Vətəndaşların immun sistemi bir qədər zəifləmiş haldadır. Ona görə də vətəndaşlarımız daha diqqətli olmalıdır. Hazırda sosial məsafəyə və gigiyenaya diqqət edilməsi çox vacibdir.”
Ekspert qeyd etdi ki, ümumilikdə dünyada son bir neçə ayda 2 milyona qədər insan COVID-19 virusuna yoluxub və bunlardan 3 min nəfərə qədəri xəstəlikdən vəfat edib: “Hazırda ÜST risk zonasında olanları və immuniteti aşağı olan yaşlı insanları revaksinasiya olmağa çağırır. Dövlət səhiyyə qurumlarının məsul şəxsləri tərəfindən bildirilir ki, hazırda Azərbaycanda koronavirusun “Eris” variantının yayılması barədə rəsmi məlumat yoxdur. Amma buna baxmayaraq hər bir vətəndaşımızın özünün və digərlərinin sağlamlığının qorunmasında diqqətli olması çox vacibdir. Əks halda karantin rejiminin sərtləşməsi də mümkün ola bilər.”
19 saylı şəhər poliklinikasının baş həkiminin müavini Yeganə Cəfərova isə qəzetimizə açıqlamasında bildirdi ki, hazırda mövsümün dəyişməsi ilə əlaqədar respirator infeksiyeların yayılması daha sürətlə yayılmağa başlamışdır: “Hətta həmin kəskin respirator virus infeksiyaları ilə yoluxmuş şəxslərdən COVID-19 infeksiyasına qarşı götürülən yaxmaların arasında pozitiv nəticələrə də rast gəlmə sayı artmağa başlayıb. Bir çox ölkələrdə bu infeksiyanın artması barədə hətta həyəcan təbili də səslənir.”
Y.Cəfərova qeyd etdi ki, bu hala heç də laqeyd qalmaq mümkün deyil: “İnfeksiyanın qarşısını almaq məqsədilə və 2020-ci ilin COVID-19 adlı dəhşətli kabusunu yaşamamaq üçün fərdi qoruyucu vasitələrdən istifadə etmək, şəxsi gigiyena və xroniki xəstəliklərin kəskinləşməməsi üçün immun sistemini gücləndirmək mütləqdir: “Əgər qonşu ölkələrdə, məsələn, Türkiyədə COVID-19 bu sürətlə artmağa başlayıbsa, bu infeksiyanın artıq ölkəmizdə də yayıla biləcəyi böyük ehtimal yaradır.”
Cavid Əkbərov, “İki sahil”