22 sentyabr 2023 22:24
210

Müstəmləkəçiliklə mübarizədə növbəti təşəbbüs

“Bakı Təşəbbüs Qrupu” BMT-də neomüstəmləkəçilik problemini qaldırıb:  Bəyanat qəbul edilib

Bu gün Azərbaycanın beynəlxalq müstəvidəki ədalətli və prinsipial mövqeyi dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Ölkəmizin daim sülh tərəfdarı olmaqla hər cür terrora, soyqırımına və müstəmləkəçiliyə qarşı barışmaz münasibəti dünya dövlətləri və xalqları tərəfindən birmənalı qarşılanır və Azərbaycana yüksək beynəlxalq etimad göstərilir.

Bunu müasir tarix, qloballaşan dünyada baş verən hadisələr və günümüzün reallığı təsdiq edir. Eyni zamanda iyulun 5-6-da Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər iclası zamanı Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusu almış dövlətlər və beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilatın iştirakı ilə açıqlanan faktlar, müzakirə olunan məsələlər və qəbul edilən qərarlar deməyə əsas verir ki, daim  ikili standartlar yürüdən, terrora və  erməni separatizminə dəstək verən, müstəmləkəçilik siyasəti ilə digər xalqları istismar edən  Fransadan fərqli olaraq Azərbaycanda tolerantlıq prioritet təşkil edir və dövlət siyasəti dürüstlüyə, haqq  və ədalətə əsaslanır.

Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən neokolonializmi hələ də davam etdirən ölkələrdən biri isə Fransadır. Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib  və Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Öz müstəmləkəçi keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Fransanın Afrika və Cənub-Şərqi Asiya ölkələri qarşısında günahları bağışlanmazdır və məsuliyyəti heç bir ölçüyə sığmır. Bu gün Qayanadakı xüsusilə acınacaqlı olan sosial vəziyyətə görə Fransa günahkardır. Əhalisinin 50 faizindən çoxu yoxsulluq səviyyəsində olan, təbii sərvətləri talan edilən Qayana torpaqlarının 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyətindədir. Budur ölkədə irqçiliyi və islamofobiyanı təbliğ edən “Fransa demokratiyası”nın iç üzü.

Bu gün Ermənistan 30 il ərzində işğal edərək barbarcasına talan etdiyi Azərbaycan torpaqlarından 44 günlük müharibə zamanı məğlub çıxmasına baxmayaraq, Fransaya arxalanaraq sülh öhdəliklərinə əməl etmir,  ərazilərimizdə ekoloji fəlakət törədir, yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışını ləngitmək məqsədilə torpaqlarımıza minalar basdırmaqda davam edir. Rəsmi Fransa isə nəinki riyakarcasına Ermənistanın hərbi cinayətlərinə göz yumur, hətta  təcavüzkar ölkəyə açıq-aşkar dəstək verir.

Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunan tədbirdə iştirakçılar Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin tamamilə aradan qaldırılması üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar və sonda qəbul edilən Bəyanatda  Fransanın müstəmləkəçilik siyasətini davam etdirdiyi  və insan hüquqlarını pozduğu qeyd olunub. İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı “Bakı Təşəbbüs Qrupu” yaradılmasına dair razılığa gəliblər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.

Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə “Bakı Təşəbbüs Qrupunun” yaradılması barədə razılığa gəliblər.

Bakıda keçirilən tədbirin davamı, eləcə də Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə 22 Sentyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahında “Bakı Təşəbbüs Qrupu” tərəfindən “Müstəmləkəçiliyə son qoyulması: Sakit İnqilab” adlı konfrans keçirilmişdir.

“Bakı Təşəbbüs Qrupu”nun tərəfindən təşkil etdiyi konfransın əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması olub. Tədbirdə Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak etmişlər. Müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.

Daha sonra konfrans iştirakçılarına yeni yaradılmış “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin fəaliyyəti ilə əlaqədar geniş məlumat verilib, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu tərəfindən müstəmləkəçiliyə qarşı təşkilatın öhdəliyi haqqında danışılıb, iştirakçılar tərəfindən təmsil etdikləri bölgələrdəki vəziyyətə dair çıxışlar edilib və dekolonizasiya mövzusu ilə bağlı iştirakçılar arasında geniş müzakirələr aparılıb. Sonda yekun Bəyanat oxunub və qəbul edilib.

Tarixi ənənələrinə sadiq qalan Azərbaycan həmişə olduğu kimi, bu gün də hər cür terrora, soyqırımına və müstəmləkəçiliyə qarşıdır.  Qoşulmama Hərəkatına üzv olan ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Yaqut Ağaşahqızı, “İki sahil”