03 oktyabr 2023 14:45
4377

Gələcək uğurların təməlinin qoyulduğu gün

Ulu Öndər Heydər Əliyevin də talehi əslində bir insanın ömür yolu deyil, bu, Azərbaycanın Tarixidir. O, tarix ki 20-ci əsr boyu Azərbaycan mühitinin, Azərbaycan həyatının ayrılmaz parçası olub. Onun yazdığı tarix,Qurtuluş,İnkişaf, Milli Tərəqqi səlnaməsinə çevirilib. Heydər Əliyev Azərbaycanın taleyində həmdə saysız hesabsız müsbət istisnaların müəllifi, milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin simvoludur. 1991-ci il 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi.  Müstəqilliyimizin bərpasının 31 ildən artıq dövrünü arxada qoyduğumuzu nəzərə alsaq  gənc nəslin böyük əksəriyyəti  ilk illərin reallıqlarını  tarix dərsliklərindən, Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı illərini özündə əks etdirən kitablardan oxuyur, eyni zamanda, böyüklərdən eşitdikləri ilə bu biliklərini daha da zənginləşdirirlər. Daim gənclərə ünvanlanan bu müraciət hər birimizi daha da qürurlandırır: Xoşbəxtsiniz ki, sözün əsl mənasında müstəqil  Azərbaycanın vətəndaşlarısınız. O Azərbaycanın ki, Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli  tələbi əsasında  hakimiyyətə qayıdışı ilə Azərbaycana bugünkü uğurları bəxş etdi.  Müstəqiliyimizin bərpasının ilk illəri tariximizə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran, torpaqlarımızın işğalı dövrü kimi yazılıb. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalanda böyük Öndər Heydər Əliyev xalqının səsinə səs verdi, hakimiyyətə qayıdışı ilə  müstəqilliyimiz üçün yaradılan təhlükələri aradan qaldırdı.

Bu gün hər bir sahənin inkişafı dahi şəxsiyyət  Heydər Əliyevin adı ilə bağlıdır. Gəncləri Azərbaycanın gələcəyi kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Eyni zamanda, belə bir çağırışı da səsləndirmişdir ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Azərbaycana rəhbərliyinin hər iki mərhələsində gənclərə diqqət və qayğı öndə olub. Hələ hakimiyyətinin  birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək  yüksək ixtisaslı kadrların yetişdirilməsi, gələcəkdə onların Azərbaycanın  inkişafına öz töhfələrini vermələri üçün minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə göndərilirdi. O illərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasında da məqsəd hərbi kadrların  yetişdirilməsi idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasına çevrilmişdi. Azərbaycanın  hərtərəfli inkişafı, dünyada tanınması, nüfuzunun möhkəmlənməsi naminə böyük xidmətlər göstərən Ulu Öndər Heydər Əliyev daim gənclərə aparıcı qüvvə kimi dəyər vermişdir. Gənclərə diqqət və qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, 1997-ci ildə imzaladığı Fərmanla ilk Gənclər Forumunun keçirildiyi tarixin- 2 fevralın Gənclər Günü  kimi təsis edilməsi ilə ölkədə gənclər siyasətinin qanunvericilik bazası formalaşdırıldı. Artıq üç ildir ki, gənclərimiz Ümummilli Lider Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günü qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Ümummilli Lider aydın strategiya ilə  gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. Gənclərin sosial, iqtisadi, məişət, elm, təhsillə bağlı problemlərinin həllinə yönəldilən, istedadların aşkara çıxarılmasına imkan yaradan  Dövlət Proqramları təsdiqlənmişdir.

Böyük öndərin də dediyi kimi, "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir." XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin geniş vüsətli inkişafı bilavasitə Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi  idi. Heydər Əliyevin himəyadarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti və təsviri sənəti dünya miqyasında tanınmışdır.

Ulu öndərimiz Azərbaycan gənclərinə xitabən deyirdi ki, sizin qarşınızda çox böyük vəzifələr durur ,qarşınızda çox böyük yol var. Bu yol müstəqil Azərbaycanın yoludur. Heydər Əliyev hər bir Azərbaycan gəncinin həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməli olduğunu daima vurğulayırdı.

Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub. Təsadüfi deyil ki, ömrünün son günlərində, 2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi və İlham Əliyev yekdil səs çoxluğu ilə dövlət başçısı seçildi.  Təbii ki, politoloji anlamda lider dediyimiz şəxs tarixi inkişafın obyektiv qanunauyğunluqlarını dərindən qavrayan, cəmiyyətin dinamik güclərini vahid ieya ətrafında səfərbər edərək addım-addım hədəfə çatmağa bacaran, strateji və proqressiv düşüncə tərzinə malik rəhbər modelinin təcəssümüdür.  Ulu Öndər Heydər Əliyevin timsalında xalqımız öz taleyində məhz belə uğurlu fenomenə şahidlik etməkdədir. Bu gün hər bir Azərbaycan gənci Ulu Öndərin idealarına sadiq Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ətrafında sıx birləşib və bu birlik  sarılmazdır! Nə qədərki Azərbaycan Dövləti var, Heydər Əliyevdə yetişən hər gəncin qəlbində var olacaqdır!

Ruslan Qasımov,
YAP Xətai rayon təşkilatının üzvü, Qərbi Azərbaycan icmasının Gənclər birliyinin sədr müavini