05 oktyabr 2023 09:19
2023

Ermənistanın Vətən müharibəsi dövründə Bərdə şəhərində törətdiyi birinci terrordan üç il ötür

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq mülki əhalisinin sıx yaşadığı məntəqələrə zərbələr endirib. Artilleriya atəşi nəticəsində dinc sakinlərin evləri dağılıb, infrastruktura ciddi ziyan dəyib.

“İki sahil” xatırladır ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya atəşinə məruz qaldığı yaşayış məntəqələrindən biri də Bərdə şəhəridir. Bərdə şəhəri və rayonun kəndləri 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. 2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Bərdə rayonunda törədilən terrorlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.