07 oktyabr 2023 18:37
271

Mirko Dautoviç: Balkan ölkələri TAP-ın şimal keçidinin yaradılmasında çox maraqlıdırlar

Serbiya və digər Balkan ölkələri - Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və Macarıstan hazırda İtaliyada başa çatan Trans-Adriatik Boru Kəmərindən (TAP) şimal keçidinin yaradılmasında çox maraqlıdırlar.

“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında beynəlxalq əlaqələr üzrə serbiyalı analitik Mirko Dautoviç deyib.

"Onlar Azərbaycan təbii qazının tədarükü vasitəsilə enerji mənbələrinin şaxələndirilməsini alqışlayardılar. Hazırda bu ölkələrə təbii qaz əsasən Rusiyadan tədarük olunur", - o vurğulayıb.

Ekspert Azərbaycan ilə Serbiya arasında münasibətləri müsbət qiymətləndirib. Onun sözlərinə görə, Belqrad Azərbaycandan təbii qaz və neft idxalına başlamaq istəyini çoxdan bəyan edib: "Lakin indiyədək bu, reallaşmayıb”.

M.Dautoviç Azərbaycanın Serbiyada infrastruktur layihələrində əməkdaşlıq sahəsində rolunu qeyd edib: “Azərbaycanın “AzVirt” şirkəti Serbiyada xüsusilə fəaldır".

Qeyd edək ki, Azərbaycan qazının TAP ilə Avropaya tədarükünə 2020-ci ilin sonunda başlanılıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Azərbaycan ilə Aİ arasında imzalanmış sazişə uyğun olaraq, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

TAP-ın ümumi uzunluğu 878 km təşklil edir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi boyunca və 8 km-i İtaliya ərazisindən keçir.