10 oktyabr 2023 00:47
376

Kredit faizləri hansı bölgədə daha yüksəkdir?

Azərbaycanda ən bahalı kreditlər Dağlıq Şirvan iqtisadi rayonunda (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan) təklif edilir. Mərkəzi Bankın məlumatına görə, bu iqtisadi rayonda kreditlər üzrə orta faiz 19.6-dır.

Qarabağ iqtisadi rayonunda da kredit faizləri yüksəkdir. Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarında banklar krediti orta hesabla 19.37 faizlə verirlər. Mil-Muğan və cənub bölgələrində də orta kredit faizi 19 üzərindədir. Mərkəzi Bank ən ucuz kreditlərin Bakıda təklif olunduğu bəyan edib. Paytaxtda orta kredit faizi (10.98 faiz) digər bölgələrimizdən kəskin fərqlənir.

Rayonlarda kredit faizlərinin yüksək olmasının əsas səbəblərindən biri bölgələrin biznes kreditlərinə əlçatanlığın aşağı olmasıdır. Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir.

Ölkə üzrə kreditlər orta hesabla 12.53 faizlə təklif olunur. Bununla belə, orta kredit faizləri ilə vətəndaşların daha çox istifadə etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur. Aydındır ki, Azərbaycanda 12.53%-ə istehlak kreditləri cəlb etmək çox çətindir. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərin faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faizlə real faiz arasında fərq yaradır. Bununla yanaşı, orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir.

Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin aylıq həcmlərində azalma davam edir. Belə ki, əgər banklar cari ilin mart ayında 68,6 milyon manat ipoteka kredit yerləşdirmişdilərsə, bu göstərici aprel ayında 53,9 milyon, may ayında 40,9 milyon, iyun ayında 37,8 milyon və iyul ayında 35.9 milyon manat olub. Göründüyü kimi,  sözügedən dövrdə mart ayından başlayaraq ipoteka kreditlərinin həcmi hər ay əvvəlki aya nisbətən azalıb. İyul ayında mart ayına nisbətən bankların ipoteka kreditlərinin həcmində 2 dəfəyə yaxın azalma qeydə alınıb.

Digər tərəfdən, əksər banklarda daxili ipoteka kreditləri üzrə faiz dərəcələri yüksək olaraq qalmaqdadır. Sistem əhəmiyyətli ilk 3 bank istisna olmaqla digər əksər banklarda illik faiz dərəcəsi 12-dən başlayır və bu da mənzil alışı üçün kifayət qədər yüksək faizlər hesab olunmalıdır.

Bütün inkişaf etmiş ölkələrdə əmlak bazarı iqtisadi aktivlik baxımından vacib sektorlardandır. Bu bir tərəfdən vətəndaşların mənzil təminatının yaxşılaşdırılmasına xidmət edir, digər tərəfdən real sektoru canlandırır. Bu baxımdan, Azərbaycanda da bankların verdiyi ipoteka kreditlərinin həcmində artım tempinin bərpa edilməsi və faizlərin aşağı salınması vacibdir. Bu vətəndaşların kreditlərə əlçatanlığının təmin edilməsi, mənzil probleminin həllinə dəstək olunması və bütövlükdə, həmin sektorda aktivliyin qorunub saxlanması baxımdan əhəmiyyətlidir.

Cavid Əkbərov, “İki sahil”