Oktyabrın 13-də “Education HUB”ın təşkilatçılığı ilə “Sosial sahibkarlıq” mövzusunda forum keçirilib
Forum oktyabrın 10-13-də keçirilən “Azərbaycan dəyər günləri” silsilə tədbiri çərçivəsində baş tutub. “Azərbaycan dəyər günləri” tədbiri Avropa Vençur Filantropik Assosiasiyasının (EVPA) “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində keçirilir və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.
Forumda dövlət, özəl, bank və digər sektorların nümayəndələri iştirak ediblər. Tədbirin əsas mövzuları sosial sahibkarlıq, sosial sahibkarlıq haqqında qanunvericilik, innovasiyalar və s. olub. Forumda panel müzakirələr, sessiyalar keçirilib və 100-ə yaxın ekosistem oyunçusunu bir araya toplayıb.
Forum iki istiqamətdə aparılıb. Rəsmi hissədə forumun açılışı olub və dəvət olunmuş qonaqlar çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan Education HUB-ın proqram meneceri Gülnara İsmailova vurğulayıb ki, “Azərbaycan dəyər günləri” çərçivəsində həyata keçirilən forum Azərbaycanda sosial sahibkarlıq ekosisteminin inkişafı üçün əvəzsiz rol oynayır. Ümid edirəm ki, forum öz işini uğurla tamamlayacaq və qarşıya qoyulmuş məqsədlərə nail olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sosial sahibkarlığın təşviqinin, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın inkişafına dəstək göstərilməsinin Agentliyin fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. O.Məmmədov bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib, sosial sahibkarlığın inkişafı və bu sahədə müvafiq qurumlarla əməkdaşlığa dair müxtəlif təkliflər səsləndirib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qeyd edib ki, Dövlət Məşğulluq Agentliyinin qarşısına qoyduğu əsas məqsədlərdən biri də ölkəmizdə sosial sahibkarlığın inkişafıdır. Məhz buna görə də Dövlət Məşğulluq Agentliyinin rəhbərliyi ilə dövlət, özəl, QHT və digər sektorların təmsil olunduğu sosial sahibkarlıq üçün işçi qrup yaradılıb və öz işini müvəffəqiyyətlə davam etdirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr əvəzi İnarə Vəliyeva bildirib ki, sosial sahibkarlıq subyekti digər subyektlərdən fərqlənir. Bu subyektlərin məqsədi ilk növbədə əsas ehtiyacları öyrənmək və həmin ehtiyacların aradan qaldırılması üçün təkliflər irəli sürmək, sonda nəticə əldə etməkdir. O, forumun sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunduğunu bildirib.
Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda sosial sahibkarlığın inkişafı, bu istiqamətdə mövcud vəziyyət və qazanılan uğurları xüsusilə vurğulayıb. O, qeyd edib ki, sosial sahibkarlıq sosial baxımdan həssas qruplar üçün layiqli məşğulluq və gəlir imkanlarının formalaşdırılması, o cümlədən onların cəmiyyətə hərtərəfli inteqrasiyası baxımından Azərbaycan hökumətinin gündəliyindəki prioritet istiqamətlərdəndir. Ölkəmizdə sosial sahibkarlıq təşəbbüslərinin artırılması, bu sahədə maarifləndirmə və məlumatlandırma işinin gücləndirilməsi, müvafiq təşkilatlar və qurumlar cəlb edilməklə bu sahədə həvəsli olan şəxslərin bilik və bacarıqlarının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva diqqətə çatdırıb ki, ölkəmizdə qadın sahibkarların sayı gündən-günə artır. Bu da davamlı sosial iqtisadiyyatın gücləndirilməsində qadınların kifayət qədər böyük rol oynadığını göstərir. O, Azərbaycanda qadın sahibkarlığın inkişafı və istiqamətləri barədə məlumat verib. Bildirib ki, qadınların fəaliyyətinin dəstəklənməsi və gücləndirilməsi xüsusi önəm kəsb edir. AQSİA bu istiqamətdə fəaliyyətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram meneceri Victor Giner bildirib ki, müasir dünyada sosial sahibkarlıq iqtisadi inkişafın əsas tərkib hissələrindən biridir. Onun fəaliyyəti ən vacib və əhəmiyyətli sosial problemlərin həllinə istiqamətlənir. Bundan əlavə, sosial sahibkarlıq iqtisadiyyatın müxtəlif sahələri arasında əlaqələndirici həlqə rolunu oynayır, onları sosial əhəmiyyətli problemlərin həllinə cəlb edir. Sosial sahibkarlıq kifayət qədər çevikdir və böhran proseslərinin təsiri altında belə, bazar şərtlərindəki dəyişikliklərə operativ cavab verə bilir Bu baxımdan, ölkələrin bir çoxu sosial sahibkarlığın əhəmiyyətini nəzərə alaraq, onun inkişaf etdirilməsinə yönəlik müxtəlif dəstək mexanizmləri tətbiq edirlər. O, sosial sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində xarici ölkələrin təcrübəsindən bəhs edib.
Rəsmi hissədən sonra forum işini sosial sahibkarlıq, sosial sahibkarlara maliyyə dəstəyi, sosial sahibkarlıq haqqında qanunvericilik, sosial sahibkarlığın dövlət proqramına inteqrasiyası və s. mövzularda panel müzakirələri ilə davam etdirib.
Forumda sosial sahibkarlığın əhəmiyyəti, bu sahənin ölkəmizdə inkişafı və təşviqi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Yaqut Ağaşahqızı, “İki sahil”