KÖŞƏ

Şəmsiyyə Əliqızı

Uğursuzluq girdabı

03 aprel 2018 14:22
6932

Dağıdıcı müxalifətin “Məhsul” stadionunda keçirdiyi mitinqləri növbəti dəfə ucursuzluqla nəticələndi. Hər zaman olduğu kimi, xalq yenə də radikalların uğursuz mitinqlərini boykot etdi. Şəhərin mərkəzində, “İnşaatçılar” metrostansiyasının yaxınlığında  dağıdıcıların birgə təşkil etdikləri mitinqə heç 2 min nəfər də gəlmədi. Gələnlər isə iddialara görə, xaricə qaçıb getmək üçün selfi çəkdirənlər  idi. Hələ bu müxalif qurum anlamır ki, xalqı kütləvi şəkildə meydanlara toplamağa gücü yetmir. Yaxşı xatırlayırıq müxalif ünsürlər vahid şəkildə birləşib seçkilərdə iştirak etdiyi 2013-cü ildə belə meydana 5 mindən artıq insan çıxara bilməmişdi. Onların əksəriyyəti də mühacirət eşqində olanlar və beş-üç manata günəmuzd işləyən fəhlələr  olmuşdu.

Hər zaman uğursuz mitinq təşkil edən Əli Kərimli və tərəfdarları 31 mart mitinqi zamanı da digər müxalif gücləri bu işə cəlb etməklə heç olmasa stadionu doldurmağı qarşılarına məqsəd qoymuşdular. Qaragüruh dəstənin gözləntiləri özünü həmişəki kimi doğrultmadı. Çünki son illərdə  Azərbaycan müxalifətinin cilddən-cildə girərək dəyişdiyini, ermənilərlə əməkdaşlıq etdiyini, siyasi partiyaların kommersiya mərkəzinə çevrildiyini gözləri ilə görən heç bir kəs bu dəstənin ardınca getməz, getmədi də. Ümumxalq mitinqi adı verdikləri mitinqdə heç stadionu dolduracaq qədər adamın gəlməməsi onların siyasi arenanı tərk etməsi üçün verilən növbəti bir mesaj oldu. İtirilən elektorat, mövcud olmayan sosial baza onları başqa ünvanlara müraciət etməyə sövq edir.

Sirr deyil ki, ölkəmizin son bir neçə ildə keçdiyi dinamik inkişaf yolu, regionun lider dövlətinə çevrilməsi, insanların sosial rifahının yaxşılaşması, müstəqil siyasət yürütməsi bir sıra xarici siyasi dairələrdə olduqca narahatçılıq doğurur. Xüsusən, ermənipərəst mövqedə dayanan, o cümlədən müsəlman dünyasının tərəqqisində maraqlı olmayan dairələr zaman-zaman Azərbaycanda qarışıqlıq yaratmaq üçün müxtəlif üsullara əl atıblar. Bu dairələrin təhriki ilə müxtəlif vaxtlarda dövlət çevrilişi üçün edilən cəhdlər ölkəmizdə məhz xalq-hakimiyyət birliyi nəticəsində iflasa uğrayıb. Dağıdıcı ünsürlər qeyri-sivil mübarizə metodları seçdiklərindən ortaya aydın fəaliyyət proqramı qoya bilmirlər. Məram və məqsədi ölkədə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlar atmaqdan başqa bir şey deyil. Ona görə bu düşərgə özünü cəmiyyətdən tamam təcrid edib. Digər tərəfdən, ölkə vətəndaşlarının mütləq əksəriyyəti cənab Prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyir. Məhz bu amil dağıdıcı ünsürlərin sosial bazasının tükənməsinin əsas səbəblərindəndir. Bu gün dağıdıcı müxalifət partiyalarının cəmiyyətdə olan-qalan dayaqları da çöküb. Azərbaycanda işsizlik problemi əhəmiyyətli dərəcədə öz həllini tapıb. Sosial problemlər böyük sürətlə həll olunur, hər bir vətəndaşın marağına cavab verən sığorta-pensiya islahatı həyata keçirilib. O cümlədən azad sahibkarlıq fəaliyyəti üçün hər bir şərait yaradılıb. Bu mənada xalq kimin kim olduğunu daha yaxşı bilir və Azərbaycan hakimiyyətinin gördüyü işləri yüksək qiymətləndirir. Təbii ki, indiki dağıdıcı müxalifətin vaxtilə hakimiyyətdə olanda həyata keçirdiyi yarıtmaz siyasəti də unudulmayıb.