KÖŞƏ

Azər Qismət

Azərbaycanın atəşkəs çevikliyi

12 oktyabr 2020 12:11
22767

Sentyabrın 27-dən Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlarda antiterror əməliyyatı başlananda Ermənistanın Baş naziri Nikol Paşinyan bunun 2-3 gün çəkəcəyini düşünmüşdü. İyulda Tovuzdakı sərhəddə baş verən hadisələr 4 gün çəkmişdi və Baş nazirdə müəyyən qədər arxayınlıq hökm sürmüşdü. Lakin 27 sentyabrdan keçən 4 gündən sonra Paşinyanın dünya liderlərinə zəngləri artmağa başladı. Həmin günlərdə ona atəşkəs rejimi sərf edirdi. Elə döyüş başlanan gün Azərbaycan Silahlı Qüvvələrinin Füzuli və Cəbrayıl istiqamətində azad etdiyi 6 kəndlə atəşkəsə getmək Baş nazirin istər siyasi karyerasına, istərsə də “əzəmətli erməni ordusu” mifinə heç bir təsir göstərməyəcəkdi. Əksinə, xalq qarşısındakı nitqlərində onu vurğulayacaqdı ki, varlı Azərbaycan ölkəsinin aldığı vur-tut 6 kənd oldu.

Lakin hadisələr axarını dəyişdi, əməliyyat 10 günü keçdi. Paşinyanın hər gün atəşkəs arzusu ilə dünya liderlərinə etdiyi zənglər təsadüfi deyildi, döyüş dayanmırdı. Üstəlik, Vladimir Putinin “əməliyyat Azərbaycan ərazisində aparılır” tipli mesajı Paşinyanın müraciət ünvanlarını dəyişdirdi. İstənilən halda məsələyə Rusiya Federasiyasının son qoya biləcəyini yenidən anlayaraq Putinə zənglərini davam etdirdi. Nəhayət oktyabrın 10-da humanitar atəşkəs razılaşdırıldı.

Ancaq bir çətinlik ortaya çıxdı. Ermənistan tərəfi atəşkəsə belə çıxa bilməzdi. Çünki Azərbaycan üçün vacib sayılan strateji kənd və qəsəbələr əldən çıxmışdı. Suqovşanın alınması Ağdərə rayonunun azad edilməsi, Hadrut qəsəbəsinin alınması birbaşa Dağlıq Qarabağın mərkəzinə uzanan yol sayılır. Məhz buna görə saat 12.00-dan 10 dəqiqə keçməmiş atəşkəs pozuldu. Ermənistan rəhbərliyi itirilmiş strateji ərazilərlə xalqına cavab verməli olacaqdı. Onlara Suqovşanı azad etmək nəsib olmayacaq, çünki həmin məkanı yenidən geri almaq kifayət qədər insan itkisinə gətirib çıxara bilər. Heç olmasa Hadrut qəsəbəsini geri almağa tələsirlər ki, atəşkəsə çıxıb məsələni illərlə uzatsınlar. Əgər bu vəziyyətdə atəşkəsə çıxılsa, Paşinyanın opponentləri həm ərazi itkilərinə, həm də yüzlərlə erməni meyitlərinə görə onu hakimiyyətdən devirəcəklər. Erməni əsgərlərinin meyitləri məsələsi xüsusilə həssaslığı ilə seçiləcək. Çünki Qırmızı Xaç Komitəsinin iştirakı ilə meyitlər təhvil verilərkən, bütün bunlar lentə alınacaq, sosial şəbəkələrə buraxılacaq. Bunu görən ermənilərin mövcud hakimiyyətə loyal olacağı mümkünsüzdür, əvvəlcə sosial şəbəkərlərdə, daha sonra küçə və meydanlarda insan seli etirazını bildirəcək. Üstəlik, indiyə qədər “dağlar arasında telefon dalğaları yaxşı tutmur” deyə komandirlərin erməni analarını sakitləşdirməsinin üstü açılacaq. Paşinyan məhz bu səbəblərə görə atəşkəslə barışmır, Azərbaycan tərəfinin azad etdiyi məkanların heç olmasa müəyyən hissəsini geri almağa çalışır. Xüsusilə, Hadrut qəsəbəsini. Artıq neçə gündür ki, qondarma Dağlıq Qarabağ Respublikasının rəhbəri və müdafiə naziri meşələrin arasında çəkiliş aparıb onun Hadrut rayonu olmasını “sübut” etməkdən yorulublar.

Azərbaycan tərəfinin atəşkəsə çıxmasında isə zəruri məqamlar mövcuddur. Birincisi, Azərbaycan hər tərəfdən sıxışdırılır. Əslində, Prezident İlham Əliyev belə sıxışdırmaya fikir vermir və dəfələrlə bəynatlarında bildirib ki, Azərbaycan müstəqil ölkədir və heç bir sıxışdırmadan çəkinmir. Elə Ermənistanın təxribatına qarşı genişmiqyaslı əməliyyatın başlanması da bunu sübut etdi. Azərbaycan tərəfini ona görə ittiham edirdilər ki, siz torpaqların sülh yolu ilə həllini istəmirsiz, danışıqlar masasına əyləşmirsiz.

İkincisi, Azərbaycan tərəfinin çevikliyi onda oldu ki, atəşkəsə qədər azad etdiyi strateji yüksəkliklərin sırasına Hadrut qəsəbəsini əlavə etməyi bacardı. Ölkəmiz yaxşı bilirdi ki, əməliyyatların getdiyi müddətdə hansı hadisələr baş verəcək, Prezident İlham Əliyevə dünyanın hansı lideri zəng edəcək. Məhz bu məqamda atəşkəsə çıxmaq daha sərfəli idi. Xatırlayırsınızsa, 2016-cı ildə Lələtəpə əməliyyatına başlayanda Azərbaycan Silahlı Qüvvələri hər şeyi sıfırdan başlamışdı. Düşmənin hansı silahları tətbiq edəcəyini bilmir, üstəlik döyüş qabiliyyəti və əməliyyat şəraiti barədə bilgisi az idi. Əgər bir neçə kəndi azad edib atəşkəsə gedilsəydi, bu yeni genişmiqyaslı əməliyyatın başlanmasında çətinlik yaradacaqdı. Lakin belə atəşkəs sərfəli idi. Burda bir incə məqam ondan ibarətdir ki, Azərbaycan tərəfi Ermənistan tərəfinin atəşkəsi pozacağını bilirdi. Hesablamalar düz çıxdı. Azərbaycan nədə uddu? Həm atəşkəsə imza atmaqla göstərdi ki, danışıqlara başlamağa hər an hazırdır. İkincisi, atəşkəsə strateji əhəmiyyətli yüksəklikləri almaqla çıxdı və yeni əməliyyat başlananda çətinlik yaranmayacaq. Üçüncüsü, Ermənistanın hər an razılaşmanı pozağını bilirdi. Və dördüncüsü, Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan ermənilər anladılar ki, bura onların daimi yeri olmayacaq.

Budur, Ermənistan tərəfi atəşkəsi pozur və daha bizi ittiham etməyin yeri yoxdur. Onlar pozur, biz də cavablarını veririk. O ki qaldı xarici ölkələrdən humanitar yük altında Ermənistana göndərilən silah-sursata, bundan qorxmağa dəyməz. Əgər canlı qüvvə yoxdursa və döyüşün ilk saatlarında erməni əsgərlər səngəri atıb qaçırsa, burda silah böyük rol oynamayacaq. Həm də Azərbaycanın siyasi meydanda qalibiyyətini silahlarla çökdürmək mümkün deyil.