KÖŞƏ

Nigar Orucova

Azərbaycan pandemiyaya qarşı mübarizədə təşəbbüsləri ilə liderliyini qorudu

30 dekabr 2020 23:03
17594

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atılır

Dünyada COVID-19 infeksiyası yayılmağa başladığı dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyəti çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı. Belə ki, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı, onun fəaliyyəti təşkil olundu. Operativ Qərargahın yaradılması, xüsusi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən öz müsbət nəticəsini göstərdi. Ölkədaxili vəziyyət, xarici aləmlə əlaqələr mövcud tələblərə uyğun tənzimləndi. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi. Qısa zamanda əlverişli karantin zonaları, yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi xəstəxanalar yaradıldı, yeni xəstəxanalar istifadəyə verildi. Bakıda və regionlarda fəaliyyət göstərən bu xəstəxanalar ən müasir avadanlıqlarla təmin edilib.

Digər tərəfdən, ölkəmizə koronavirus xəstələrinin müalicə olunması üçün kifayət qədər dərman preparatları gətirilib. Onların bəziləri Çində, bəziləri Avropa ölkələrində istifadə olunan dərman preparatlarıdır. Bu gün ölkəmizdə koronavirus xəstələrinin dərmanla təmin olunmasında heç bir problem yoxdur. Laboratoriyalara gəlincə, ilk günlərdən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə ölkəmizdə olan laboratoriyalar modernizə olundu. İlk vaxtlarda testləşdirmə imkanımız yüksək deyildi. Amma bu gün ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən laboratoriyaların sayı 20-dən çoxdur. Digər bir müsbət məqam tibbi maska və başqa qoruyucu vasitələrin təminatı ilə bağlıdır. Bildiyimiz kimi, ilk günlərdə tibbi maska, digər qoruyucu vasitələr ölkəmizə xaricdən gətirilirdi. Amma qısa vaxt ərzində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə tibbi maska, digər qoruyucu vasitələr istehsal edən müəssisələrin açılışı oldu. Qeyd edək ki, bu gün mübarizə apardığımız pandemiya dövründə Azərbaycan dövləti tərəfindən həkimlərin fəaliyyətinin, fədakarlığının yüksək qiymətləndirildiyi bir daha təsdiqləndi. Belə ki, həkimlərin xəstəxanalara səfərbər olunması, onların təchizatı məsələləri həll edildi, əməkhaqlarının 3-5 misli miqdarında əlavələr verilməsinə başlandı.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, həmçinin məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Koronavirus pandemiyası başlamazdan öncə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə kölgə iqtisadiyyatına qarşı ciddi tədbirlər görüldü, şəffaflıq təmin edildi və dövlət orqanlarının fəaliyyətində informasiya texnologiyalarının tətbiqi təmin edildi, dövlət xidmətləri sahəsində mərkəzləşdirilmiş elektron məlumat sistemi yaradıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə vaxtında aparılan düzgün siyasət və atılan zəruri addımlar problemin dərinləşməsinə imkan vermədi. Qısa müddətdə sosial və iqtisadiyyat məsələləri ilə məşğul olan  4 işçi qrupu yaradıldı və onların təklifləri əsasında Nazirlər Kabineti tərəfindən Tədbirlər Planı hazırlanıb təsdiq edildi. Tədbirlər Planının əsas mahiyyəti makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyata dəstək vermək və əhalinin sosial müdafiəsini təmin etmək olmuşdur. Paralel olaraq cəmiyyətlə kommunikasiya, əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində ardıcıl və intensiv iş aparıldı.

Qeyd edək ki, Azərbaycan yalnız ölkə daxilində deyil, həm də beynəlxalq arenada pandemiya ilə mübarizədə operativ tədbirlər gördü. Belə ki, 2020-ci ildə Azərbaycan Qoşulmama Hərəkatı və Türk Şurasında sədrlik etdi. İl ərzində Azərbaycan çoxtərəfli diplomatiyanı təşviq edən bir sıra vacib təşəbbüslərlə çıxış etdi. Beynəlxalq münasibətlər sistemində pandemiya ilə bağlı yaranmış yeni reallığa çevik uyğunlaşan Azərbaycan bir ilkə imza ataraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının onlayn Zirvə görüşünü təşkil etdi. Bu tədbir dövlət və hökumət başçıları səviyyəsində təşkil edilmiş ilk onlayn görüş oldu.

Türk Şurası Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini birmənalı şəkildə dəstəklədi, Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini pisləyən bəyanatlar səsləndirdi.

May ayında Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının pandemiya ilə mübarizəyə həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu görüşdə Azərbaycan Prezidenti BMT Baş Assambleyasının pandemiyaya qarşı Xüsusi Sessiyasının keçirilməsi kimi tarixi təklif irəli sürdü. BMT-nin 150-dən çox üzv dövləti bu təşəbbüsü dəstəklədi. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan hörmət və ehtiramının bariz göstəricisidir.

BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. Səbəb bu təklifin Azərbaycan tərəfindən irəli sürülməsi idi. Bütün dünyanın ehtiyacı olan bir tədbirə qarşı çıxmaqla növbəti dəfə Ermənistan beynəlxalq aləmdə rəzil oldu.

3-4 dekabr tarixlərində Xüsusi Sessiyanın dövlət və hökumət başçıları səviyyəsində müzakirələri təşkil edildi. Tədbirdə 37 ölkə prezident, 40 ölkə baş nazir səviyyəsində təmsil olundu. Bütün dünya ölkələrini birləşdirən və “dünya parlamenti” hesab edilən BMT Baş Assambleyasında bu məsələnin müzakirəsi beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı tam səfərbər olmasına çox böyük töhfə verdi.

Azərbaycan Prezidentinin sözügedən təşəbbüsünün əsas ideyası o idi ki,  bəşəriyyətin COVID-19 pandemiyası ilə üz-üzə qaldığı bir zamanda ölkələr özünütəcrid və yalnız öz milli maraqlarına köklənmiş siyasətdən uzaq durmalıdır və bu gün dünyada multilateralizmə daha çox ehtiyac var.  Bu uğurlu təşəbbüs Azərbaycanın “orta gücə” çevrilməsinin daha bir göstəricisidir .

21 sentyabr tarixində Prezident İlham Əliyev BMT-nin yaradılmasının 75 illik yubileyinə həsr edilmiş tədbirdə həm Qoşulmama Hərəkatının sədri, həm də milli qisimdə çıxış etdi. Prezident multilateralizmin önəmini qeyd etdi, qlobal təhdidlərə qarşı qlobal cavablara ehtiyac olduğunu vurğuladı və bu xüsusda BMT-nin xüsusi rola sahib olduğunu bildirdi.

Pandemiya başlayandan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə də sıx münasibətlər qurdu. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi edib. Bununla yanaşı, bugünədək Azərbaycan koronavirusla bağlı 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Göründüyü kimi, dövlətimiz, Prezidentimiz hər şey edirlər ki, koronavirusa qarşı uğurla mübarizə aparaq. Dövlətin gördüyü genişmiqyaslı işlərə əhali öz məsuliyyəti, intizamı və davranışı ilə qarşılıq verməlidir. Amma son vaxtlar bəzi rəqəmlər bizi narahat edir. Doğrudur, bu göstəricilər bir çox ölkələrlə müqayisədə xeyli yaxşıdır. Buna baxmayaraq, yoluxmanın artması bizi narahat etməyə bilməz. Hazırda bütün dünyada elmi – tədqiqatla məşğul olan alimlər, virusoloq və infeksionistlər tərəfindən koronavirus təhlükəsinin qarşısını almağa yönəldilən tədbirlər o qədər effektiv nəticə vermir. Çünki insanlar təhlükəsizlik tədbirlərinə laqeyd yanaşır, bütün dünyada qəbul və təqdir edilən üç qızıl qaydaya – maska taxılması, ara məsafəsinin saxlanılması, əllərin tez-tez sabunla yuyulması və ya dezinfeksiyaedici məhlullardan istifadə edilməsi prinsiplərinə ciddi əməl etmirlər. Belə olmasaydı, bu virus bütün dünyanı bu qədər geniş şəkildə əhatə etməzdi.