21 noyabr 2023 02:16
308

Təzyiq ritorikası keçmişdə qaldı!

Fransanın xarici işlər naziri Katerina Kolonna İrəvana səfəri çərçivəsində erməni həmkarı Ararat Mirzoyanla görüşündə bildirmişdi ki, rəsmi Paris guya öz təhlükəsizliyini təmin etmək üçün Ermənistana 12,5 milyon avroluq «humanitar yardım», yəni silah göstərməyi planlaşdırır. Bəllidir ki, özünü demokratik dəyərlərə sadiq ölkə hesab edən Fransanın Ermənistanı silahlandırması, avantüraya cəlb etməsi Cənubi Qafqazda gərginliyin daha da artırılmasına hesablanıb. Artıq Fransadan göndərilən hərbi texnikalar, maşınlar Gürsüstanın Poti limanı vasitəsilə Ermənistana çatdırılır. Beləliklə, bu «yardımlar» vasitəsi ilə Cənubi Qafqazda gərginliyi daha da artırmağa çalışan Fransa Prezidenti Emmanuel Makron rəsmi İrəvan vasitəsilə niyyətinə nail olmağa hədəfləyir.

44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanın işğalı altında qalan torpaqlarını azad edən ölkəmizin Zəfərindən hiddətlənən Makron bu ilin sentyabr ayında Azərbaycanın apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağın erməni separatçılarından tamamilə təmizlənməsindən məyus olub. Azərbaycanın 44 günlük müharibədəki Qələbəsinə, Laçın nəzarət- buraxılış məntəqəsinin yaranmasına, Azərbaycan Bayrağının dalğalandığı Xankəndidə keçirilən Zəfər paradına ermənilərdən artıq əsəbiləşən Makron Ermənistanın baş naziri Nikol Paşinyanla birgə ağlayıb, birgə sıtqıyır. Xatırladaq ki, Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 ilə yaxın müddətdə də Ermənistana hərbi, siyasi dəstək göstərən Fransa kimi Amerika Birləşmiş Ştatlarının da Cənubi Qafqazda məskunlaşmaq niyyətləri puç oldu.

Fransa və ABŞ-da Azərbaycana qarşı beynəlxalq müstəvidə kampaniyalar təşkil edib, təxribatlara əl atsalar da artıq sözünü hərbi, siyasi müstəvidə qətiyyətlə deyən, Zəfəri ilə təsdiqləyən Azərbaycana qarşı real addım atmaq iqtidarında olmadıqları üçün işğalçını yeni müharibəyə hazırlayırlar.

Bəllidir ki, Fransanın və ABŞ-ın Cənubi Qafqaz sevdasının hədəfi təkcə Azərbaycan deyil. Məqsəd Ermənistanı Rusiyanın və İranın himayədarlığından ayırmaq, Qərbə yönəltməkdir. Paşinyan Ermənistandakı rus hərbi birləşmələrinin Avropa İttifaqının hərbi qulluqçuları ilə əvəzlənməsi niyyətlərini dəfələrlə bəyan edib. KTMT-nın toplantılarına qatılmamaqla Rusiya ilə bütün hərbi, siyasi-iqtisadi əlaqələrini kəsərək Qərbə üz tutduğunu əməli ilə bildirən Paşinyan «Ermənistan Moskvasız yaşaya bilməz» tezisinin üstündən xətt çəkib. Fransadan, ABŞ-dan, Hindistandan aldığı silahlara güvənərək hələ də revanşist, yeni müharibə çağırışlardan əl çəkmir.

Ekspertlərin açıqlamasında qeyd olunduğu kimi, Fransanın Gürcüstan vasitəsilə Ermənistana göndərdiyi «Bastion»” zirehli texnikası əsasən Afrikada döyüşlər üçün layihələndirildiyi üçün dağlıq ərazilərdə döyüşmək üçün yararlı deyil. Məntiqi nəticə budur ki, bu texnikalar Paşinyan hakimiyyətini daxili çaxnaşmalardan qorumaq üçün göndərilib”. Hazırda Ermənistanda yaranan gərginliyin daha da artmasını nəzərə alanda bu variantın həqiqətə daha uyğun olduğuna inam artır. Fransanın müdafiə naziri ermənistanlı həmkarı ilə hərbi saziş bağlayarkən etiraf edib ki, bu texnikalar yalnız Ermənistan ərazisinə təcavüz olduqda və əksər hallarda mülki əhali hücum altında qaldıqda müdafiəni həyata keçirən silah sistemidir”.

Belə ki, Fransanın, ABŞ-ın Ermənistanın «yanında olmaq» görüntüsü Cənubi Qafqaza soxulmaq niyyətlərindən qaynaqlanır. Region ölkələri olan Azərbaycanla Türkiyənin bölgədə güclənən birliyindən narahat olan ABŞ və Fransa Ermənistandan istifadə etməklə bu həmrəyliyə qarşı mübarizələrini davam etdirirlər. Aralıq dənizində təxribatlar torətməklə Türkiyəyə döyüş təyinatlı təyyarələrinin satışına əngəllər yaratmaqla regionda sabitliyin pozulmasına, gərginliyin artmasına çalışan ABŞ Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlanması üçün stimul yaradır.

Dünyada hegemonluq etmək istəklərini gerçəkləşdirmək üçün hədəfində olan bölgələrdə «rəngli, narıncı inqilab»lar, «ərəb baharı» təşkil edən ABŞ-ın bu məsələdə böyük qazanc əldə etmək siyasəti artıq bəllidir. Qloballaşan dünyamızda baş verən qarşıdurmaların, terrorların, lokal müharibələrin, dini radikalizmin yaratdığı qırğınların , dövlət çevrilişlərinin müəllifi ABŞ-dır. «İnsan hüquqları»nın qorunması və «demokratik dəyərlərə sadiqlik» adı ilə isədiyi dövlətlərin daxili işlərinə müdaxilə edən Vaşinqton özü insanlara yalnız fəlakətlər gətirib. Vyetnam, Əfqanıstan, Liviya, İraq, Suriya, Afrika ölkələrinin timsalında «ABŞ himayədarlığının» pərdəarxası siyasəti bütün dünya ictimaiyyətinə bəllidir.

Cənubi Qafqazda yerləşmək və bu bölgədə hegemonluq etmək hegemonluq etmək üçün Ermənistana dilənçi payı ilə «yardım» göstərən ABŞ müstəqilliyini qazandığı ilk günlərdən Azərbaycana ikili standartlar mövqeyindən yanaşıb.

Torpaqlarımızın 20 faizini 30 il ərzində işğal altında saxlayan Ermənistana bir dəfə də olsun xəbərdarlıq etməyən, təzyiq göstərməyən, sanksiya tətbiq etməyən ABŞ BMT-Təhlükəsizlik Şurasında Ukraynanın, Moldovanın, Gürsüstanın, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələnin müzakirəsində ölkəmizə qarşı düşmən mövqeyini bildirmişdi. ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olsa da müzakirəyə çıxarılan dövlətlərin ərazi bütövlüyünü dəstəkləyən ABŞ Azərbaycanla bağlı səsvermədə bitərəf mövqe ortaya qoymuşdu. Əksinə , bəzi məqamlarda sətiraltı da olsa Azərbaycan işğalçı kimi qələmə verildi. ABŞ ölkəmizə yardımını dayandırmasını nəzərdə tutan «Azadlığı Müdafiə Aktı»”na 907-ci düzəlişi qəbul etməklə Ermənistana dəstəyini daha da artırdı. Beləliklə, Azərbaycan bu gün də Müstəqil Dövlətlər Birliyi məkanında ABŞ-dan yardım almayan yeganə dövlətdir. İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə qarşı beynəlxalq hüquqa zidd və ədalətsiz mövqeyini hər məqamda bildirən rəsmi Vaşinqton erməni lobbi qruplarının sifarişi ilə Azərbaycana qarşı təxribatlarını hələ də davam etdirir.

Bu günlərdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın Konqresdəki dinləmələrdə Azərbaycanla bağlı əsassız tənqidlər səsləndirməsi də erməni lobbisinin sifarişi əsasında planlaşdırılımış növbəti siyasi şou idi. Bu , bir daha subut etdi ki, sülh sazişinin imzalanmasına mane olan addımlar atan, işğalçını silahlandıran, hərbi əməkdaşlığını gücləndirən, Ermənistanı yeni müharibələrə şirnikləndirərək, separatçılara maliyyə dəstəyi göstərən ABŞ-ın bölgədə sabitliyin yaranmasına tərəfdar olması reallıqdan çox-çox uzaq saxta görüntüdür. O'Braynın açıqlamasının ədalətsiz və məntiqə uyğun olmadığını Birləşmiş Ştatlarda da aydın başa düşürlər. Onu da bilirlər ki, ərazi bütövlüyünü təmin edən Azərbaycan Ermənistanla beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Ermənistan isə Qərb platformasından sui-istifadə etməklə danışıqlarda üstünlük qazanmağa, özünün çirkin niyyətlərini qəbul etdirməyə çalışan marionet oyuncaq dövlətdir. Amma həm Qərb, həm də Ermənistan unutmasınlar ki, bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Qüdrətli Azərbaycan özünün ədalətli mövqeyini müdafiə etmək iqtidarındadır və Ermənistanla sülh müqaviləsinin beynəlxalq hüquq normaları, 10 noyabr 2020-ci ildəki üçtərəfli Bəyanat əsasında imzalanmasının tərəfdarıdır”. Ermənilərin guya Xankəndidə «etnik təmizləmə»yə məruz qaldıqlarını əsassız olaraq Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edən O'Brayn kimi, digər ABŞ rəsmiləri də ötən əsrin 80-ci illərində Qərbi Azərbaycandan zorla çıxarılmış, deportasiya olunmuş 250 mindən artıq azərbaycanlının taleyini də düşünüb Azərbaycana qarşı təzyiq ritorikasından əl çəkməlidirlər. Beynəlxalq hüquqa hörmət etmək, ədaləti dəstəkləmək istəyən ABŞ və Qərb BMT-nin qətnamələrinin icrası üçün 28 ildə Ermənistana təzyiq göstərmədiklərini unutmasınlar. Ən başlıcası isə kolonialist siyasəti ilə yüz minlərlə insanın həyatına son qoyan Fransanın insan hüquqlarının qorunmasından, ədalətdən danışmaq haqqının qarşısı alınmalıdır. Qoşulmama Hərəkatına sədrliyi dövründə dekolonizasiya gündəliyinə xüsusi diqqət ayıran Azərbaycan Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişdir. Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin «Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması» mövzusunda Bakıda keçirilən konfransının iştirakçılarına müraciətində Fransanın kolonializmin insanlara yaşatdığı dəhşətlərin təkrar olunmamasını arzulayan Prezident İlham Əliyevin «Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərmişdir. Bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıram» sözləri Fransa kimi ABŞ-ı da ədalətə çağırmaqdır.

Xuraman İsmayılqızı, «İki sahil»